Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onlayn iclası keçiriləcək

12 May 2020 14:25 (UTC+04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin beynəlxalq əlaqələr üzrə komitələri müntəzəm olaraq üçtərəfli formatda görüşlər keçirir. Azərbaycanın təşəbbüskarı olduğu ilk görüş Gürcüstan və Türkiyə parlamentinin komitə sədrlərinin iştirakı ilə Bakıda keçirilib.

Cari ilin may ayında Gürcüstanda keçirilməsi planlaşdırılan növbəti iclas dünyada yayılan yeni koronavirus COVID-19 infeksiyasına görə təxirə salındı.
Üç ölkənin Beynəlxalq münasibətlər üzrə komitələrinin görüşünün keçirilmə vaxtı və formatı ilə bağlı jurnalistlərin sualarını cavablandıran Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib: “Azərbaycan tərəfi olaraq, Türkiyənin Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan Parlamentinin xarici əlaqələr Komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə də, mayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”.
Bununla yanaşı, deputat dünyanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsinin, elan edilmiş karantin rejiminin, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükənin də müzakirə obyekti olacağını dedi.
“İclasda, həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi də həmkarlara çatdırılacaq. O cümlədən postpandemiya dövründə infeksiyanın ikinci dalğasının qarşısını almaq istiqamətində birgə fəaliyyətdə parlamentlərin rolunu müzakirə etmək niyyətindəyik. Heç kim üçün sirr deyil ki, bu dəhşətli infeksiya hələ də böyük təhlükə mənbəyi olaraq qalır. Karantin rejiminin yumşaldılması zamanı lazımi qaydalara riayət edilmədiyi halda təhlükə artmaqda davam edəcək. Buna görə də Prezident İlham Əliyevin dediyi kimi, “Bu bəlanın bir əlacı var, o da birgə fəaliyyətdir”. Üç ölkənin parlament nümayəndələri olaraq bu birgə fəaliyyəti müzakirə etmək niyyətindəyik”, - deyə deputat qeyd edib.

yap.org.az