Sabirabadda məcburi köçkün ailələri ipəkqurdu bəsləyirlər

12 May 2020 15:57 (UTC+04:00)

Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə üçüncü ildir ki, ipəkqurdu bəslənilir.Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahə ilə məşğul olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq Zəngilanda əsas təsərrüfat sahələrindən biri olub. Zəngilan erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər rayonda hər il 18-20 ton barama istehsal edilirdi. Rayonda ipəkqurdu becərilməsində yaxşı təcrübəsi olan kümçü çoxdur. Onlar bu gün də ipəkqurdu becərmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 4 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkmişik. Ötən il kümçülərimiz 1 ton 22 kiloqram barama tədarük ediblər. Bu mövsüm isə qəsəbədə yaşayan 10 ailəyə 30 qutu (570 qram) ipəkqurdu toxumu paylanılıb.Təcrübəli kümçü Sadıq Həsənov uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə zəngin təcrübəsi var. “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərimlə birlikdə hər il 750-800 kiloqram barama istehsal edirdik. Nəhayət 25 ildən sonra yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Ötən il üç qutu (57 qram) ipəkqurdu toxumundan 118 kiloqram barama istehsal etdim. Bu mövsüm isə 3,5 qutu ipəkqurdu toxumu götürərək bəsləyirəm”, - deyə kümçü bildirib.
AZƏRTAC