Avropa İttifaqı Şurasının qərarı Azərbaycanın növbəti diplomatik uğurudur

15 May 2020 15:49 (UTC+04:00)

Mayın 11-də Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı böyük əhəmiyyət kəsb edir. Bu sənəd dövlət və milli maraqlarımıza cavab verir.Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.S.Fətəliyeva bildirib ki, Avropa İttifaqı Şurasının təsdiqlədiyi bu sənəd Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini müəyyənləşdirir. Aİ üzv ölkələrlə münasibətlərini məhz bu sənəddə yer alan prinsiplər əsasında davam etdirəcək. Onun sözlərinə görə, bu qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığının siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Deputat deyib: “Belə ki, Aİ Şurası Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan Şərq Tərəfdaşlığının strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edir. Eyni zamanda, Aİ Şurası Şərq Tərəfdaşlığı məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair Aİ-nin ortaq öhdəliklərini təsbit edir. Təbii ki, bu amil işğalçı Ermənistanın mövqeyinə ziddir. Çünki hər zaman Ermənistan ərazi bütövlüyü məsələsini aqressiya ilə qarşılayır və işğalçı siyasətini davam etdirməyə çalışır”.O qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın torpaqlarının bir hissəsini hələ də işğal altında saxlayır. Aİ Şurasının qərarında ərazi bütövlüyü məsələsinin təsbit olunması Ermənistanın işğalçı mövqeyinə ciddi zərbə vurur. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyətidir. Bütövlükdə, bu fakt Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin əyani nümunəsi, eləcə də ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Beləliklə, Azərbaycanın hücum diplomatiyası növbəti dəfə işğalçı Ermənistana ciddi zərbə vurdu.

yap.org.az