XİN Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-cı ildönümünü ilə əlaqədar açıqlama yayıb

18 May 2020 12:42 (UTC+04:00)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-cı ildönümünü ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada deyilir: “Mayın 18-də ay tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min 700 Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün şəraitində yaşayır.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib, Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub.
Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.
Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında işğala əsaslanan status-kvo rejimini möhkəmləndirməyə çalışır, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.
Lakin, dəyişməyən bir həqiqət var – Laçın, işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır, Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.
Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.

yap.org.az