Musa Qasımlı: ABŞ hökuməti ölkəmizlə əməkdaşlıqda maraqlıdır

19 May 2020 12:56 (UTC+04:00)

“ABŞ Prezidenti Donald Trampın 28 May-Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alan fikirlər bir neçə baxımdan əhəmiyyətlidir. Hər şeydən əvvəl, ABŞ dövlətinin mövqeyini ifadə edən bu məktubda Amerika hökuməti Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini, ölkəmizin bu yolla irəliləməsi istəyini bəyan edir. Birləşmiş Ştatlar hökuməti millətimizin gələcək inkişafını müstəqillikdə və suverenlikdə görür”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, D.Trampın ABŞ-ın və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il uğurla əməkdaşlıq etdiklərini xatırlaması həm toplanmış müsbət tarixi təcrübəyə diqqətin yönəldilməsi baxımından, həm qarşılıqlı münasibətlərin möhkəm təməllərinin, həm gələcək əməkdaşlıq üçün böyük potensialın olmasının, həm də Azərbaycanın keçdiyi uğurlu yolun və dünya siyasətində oynadığı rolun, tutduğu yerin təsdiqidir. Bu, o deməkdir ki, ABŞ hökuməti bundan sonra da ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Qeyd etmək lazımdır ki, iki ölkə beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq ediblər. D.Trampın Amerika və Azərbaycan xalqlarını “iki böyük xalq” adlandırması da mənalıdır. Bu, bir daha göstərir ki, xalqın böyüklüyü onun sayının azlığı və ya çoxluğu ilə ölçülmür. Xalqı böyük edən dövlət rəhbərlərinin yürütdüyü siyasətdir. Deməli, bu məktub, eyni zamanda, Azərbaycan xalqının dünyada böyüklüyünü təsdiq etdirən və beynəlxalq siyasətdə yerini gücləndirən dövlətimizin başçısı İlham Əliyevin xidmətlərinə verilən beynəlxalq qiymətdir.
“Məktubda ABŞ hökumətinin Azərbaycan hakimiyyətinin demokratikləşmə sahəsində fəaliyyətini yüksək qiymətləndirməsi və demokratik idarəetməni təşviq etməsi, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstək verməsi niyyətinin bəyan olunması da əhəmiyyətlidir. Bir daha aydın olur ki, Birləşmiş Ştatlar ölkəmizin gələcək inkişafını demokratiyada görür. Ancaq məlum olduğu kimi, demokratik inkişaf yolu Azərbaycan xalqının sərbəst seçimidir və o, bu yolla da inamla irəliləyir. ABŞ kimi bir dövlətin bu işə dəstək verməsi ancaq alqışlanmalıdır, - deyən M.Qasımlı, həmçinin bildirib ki, koronavirus pandemiyasının yaratdığı ağır şəraitdə Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olmasını bəyan etməsi əməkdaşlığın yaxşı nümunəsi olmaqla bərabər, gələcəkdə meydana çıxa biləcək çətin günlərdə də bir yerdə olmağa işarədir.
Deputat bildirib ki, ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirməsini bəyan etməsi də əhəmiyyətlidir. Ancaq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təcavüzkar Ermənistana təzyiqlərin edilməsi də zəruridir.
“Bütövlükdə, D.Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ehtiramın göstəricisidir”, - deyə M.Qasımlı vurğulayıb.

yap.org.az