Azərbaycanda pandemiya ilə açıq mübarizənin ikinci mərhələsinə qədəm qoyulub ÖZƏL - AÇIQLAMA

2 İyun 2020 14:57 (UTC+04:00)

"Artıq həm Azərbaycanda, həm də əksər inkişaf etmiş ölkələrdə pandemiya ilə açıq mübarizə tədbirlərinin ikinci mərhələsinə qədəm qoyulub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı Vüqar Bayramov pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərdən və bu tədbirlərin uğurlu davam etdirilməsinin hansı amillərdən asılı olduğundan danışarkən deyib.Onun sözlərinə görə, pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən siyasət birbaşa dövlət başçısının nəzarətindədir və pandemiyanın həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda işləməyən vətəndaşlarımıza təsirlərinin azaldılmasına xidmət edir: "Nəzərə alsaq ki, ölkə Prezidentinin tapşırığına əsasən 3 paket hazırlandı və icra olunmaqdadır. Biz geridə qalan müddətdə Ümumdünya Səhiyyə Təşkilatının da qiymətləndirməsinə görə pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələrdən biri olduq. Bu da təbii ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir. Artıq həm Azərbaycanda, həm də əksər inkişaf etmiş ölkələrdə pandemiya ilə açıq mübarizə tədbirlərinin ikinci mərhələsinə qədəm qoyulub. Burada iqtisadiyyatın mərhələli şəkildə açılması, eyni zamanda, pandemiyaya qarşı mübarizədə vətəndaşarın qaydalara əməl etməsi zəruridir".Millət vəkili vurğulayıb ki, iqtisadiyyatın yenidən açılması və karantin qaydalarının yumşaldılması müşahidə olunduqdan sonra bəzi vətəndaşlarımız tərəfindən qaydalara əməl edilməməsi bir növ arxayınçılığın yaranması il müşahidə olunur: "Bu da təbii ki, koronavirusa yoluxanların sayına birbaşa təsir göstərir. Bu baxımdan indiki mərhələdə hər bir vətəndaşımızın qaydalara riayət etməsi və pandemiyadan qorunmaq üçün həyata keçirilən siyasətə daha yaxından dəstək olmasına ehtiyac var. Nəzərə alsaq ki, COVID-19 virusunun yayılması qlobal olaraq davam edir. Virusun hansı müddətə qədər davam edəcəyi ilə bağlı praktik olaraq proqnozlar yoxdur. Bu baxımdan çox önəmlidir ki, əvvəlki dövrdə nümayiş etdirilən həmrəyliyi indiki mərhələdə də daha güclü şəkildə davam etdirməliyik. Hər birimizin qaydalara əməl etməsi və xüsusilə də virusdan qorunmaqla bağlı həm tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi kimi qaydalara riayət etməyimiz çox vacibdir. Virusun lokallaşdırılması, pandemiyanın təsirlərinin orta və uzunmüddətli dövrlərdə azaldılması hər birimizin bu qaydalara əməl etməyimizdən asılıdır".

sia.az