Fatma Yıldırım: Ölkə Prezidentinin Sərəncamı bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir

23 İyul 2020 18:34 (UTC+04:00)

“Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində respublikamızda yaşayış məntəqələrinə, infrastruktura, dövlət əmlakına maddi və mənəvi irsimizə xeyli ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, artıq dövlətimizin başçısının Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülməkdədir. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq”.
Millət vəkili qeyd edib ki, əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib: “İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Bununla yanaşı, düşmənin intensiv atəşi nəticəsində kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu da zərər görüb ki, bunlar dövlət əmlakı hesab olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Şübhəsiz ki, dəymiş zərər tezliklə aradan qaldırılacaq, ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq. Bildiyimiz ki, Aprel döyüşlərindən sonra da cənab Prezident anoloji sərəncam imzalayaraq yaşayış məntəqələrinə, infrastruktura dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirildi. Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilməsi buna sübutdur. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq”.
Fatma Yıldırım onu da deyib ki, işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb: “Bütövlükdə, qeyd etməliyik ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Bu baxımdan, Tovuza, tovuzlulara dəyən zərər də tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır”.

yap.org.az