Müdrik Lider, Böyük Sərkərdə - Prezident İlham Əliyev

15 Oktyabr 2020 14:36 (UTC+04:00)

Oktyabrın 15-i Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 17 il ötür. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Bəli, bu gün xalqın taleyüklü məsələri dövlət başçımız tərəfindən həllini tapır. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhəri və s. Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləyib. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmayıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi.

"BU GÜN AZƏRBAYCAN DÜNYADA MÜASİR TEXNOLOGİYALARIN İNKİŞAFINDA ÖZ DƏYƏRLİ SÖZÜNÜ DEYİR"
Azərbaycan özünün telekommunikasiya peyki olan azsaylı ölkələr sırasındadır. "Azerspeyc 1" orbitə burxılması, bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Eyni zamanda, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaratmış oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğulu addımlardar: "Azərbaycan, qısa müddət ərzində, dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir".Onu da bildirək ki, ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə də dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin, ən bariz nümunəsi olaraq, ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Bu gün "ASAN xidmət"in fəaliyyətindən vətəndaşların məmnunluq faizi 100 faizə yaxındır.Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində, bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açmış oldu. Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratmış oldu.
"ÖLKƏDƏ HƏYATA KEÇİRİLƏN SİYASƏTİN MƏRKƏZİNDƏ, MƏHZ AZƏRBAYCAN VƏTƏNDAŞLARI, ONLARIN MARAQLARI DAYANIR"
Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yatmış oldu. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirildi. Bu, bir daha göstərmiş oldu ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürünə çevrildi.Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafının təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq, 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir.Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu: Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.
DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRMƏK QABİLİYYƏTİNƏ MALİK GÜCLÜ ORDUMUZ VAR
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Son illər Azərbaycanda böyük miqdarda müasir tanklar, hərbi nəqliyyat vasitələri, HHQ sistemi, tank əleyhinə raket və artilleriya sistemi, pilotsuz uçuş aparatları alınıb. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi. Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi və silahlı qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb. Bu gün Azərbaycan hərbi gücə və potensiala malik olduğunu döyüş bölgələrində açıq-aydın nümayiş etdirir. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını bu gün erməni işğalından təmizləyərək digər torpaqlarımızda da dalğalandırır. Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var.
"BU GÜN AZƏRBAYCAN ORDUSU ÖZ TORPAĞINDA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ QORUYUR, MÜDAFİƏ EDİR"
Heç kəsdə şübhə doğurmur ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə ən qısa zamanda azad etmək imkanlarına malikdir. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək bunu deməyə əsas verir. İyulun 12-də Azərbaycan - Ermənistan sərhəddində, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını ləyaqətlə alması bir daha ordumuzda özünə inam hissi qazandırıb. Düşmən tərəfinin qəfil hücuma keçməsi zamanı ordumuz müdafiə olunaraq vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması və yağı düşmənə layiqli cavab verərək onların qanunsuz əməllərini bir daha ifşa etmiş oldu. Ağır keçən döyüşlərdə erməni ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 10 hərbi qulluqçu da qəhramancasına həlak olub. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Xalq öz şəhidlərini böyük izdiham və qürur hissi ilə son mənzilə yola salarkən hamı bir daha inandı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində düşmənlərə qarşı şiddətli döyüşlər aparan ordumuz zəfərlər qazanır. "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır", deyən Cənab Prezident bildirib ki, biz öz torpağımızda vuruşuruq: "Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!" Ali Baş Komandanın rəhbərliyi ilə davamlı olaraq qələbələr yazılır tariximizə. Yaxın zamanda bütün işğal altında olan torpaqlarımız, Qarabağımız düşmən işğalından azad olunacaq və qələbə bayrağımız tezliklə Şuşada, Laçında dalğalanacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımıza zəfər sevincini yaşadır. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

sia.az