Yumruq kimi birliyi bizə bəxş edən SƏRKƏRDƏ

27 Noyabr 2020 12:52 (UTC+04:00)

Aqillərin dediyi belə bir fikir var: “Üzük qaşı ilə tanınar”. Bəli, böyük hikmət, məna var bu sözdə. Həqiqətən də, xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Belə bir xoşbəxtliyi Ulu Tanrı Azərbaycan xalqına da bəxş edib. Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan Azərbaycan Prezidenti İlham Əliyev xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan LİDERLƏRDƏN, SƏRKƏRDƏLƏRDƏNDİR!Son 30 il ərzində erməni faşistlərinin doğma torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər isə heç bir çərçivəyə, əndazəyə sığmır. Onlara xalqımız tərəfindən tutarlı, həlledici zərbə vurulmasının vaxtı gəlirdi...

Bu vaxt isə özünü çox gözlətmədi…
Bəli, 27 sentyabr 2020-ci il tarixindən bu gün kimi Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını alaraq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlayaraq İkinci Vətən Müharibəsinin 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, qəsəbələr, kəndlər, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanatı isə Azərbaycan xalqının qələbəsi idi. Arii Baş Komandanımızın dediyi kimi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”. 10 noyabr, 2020-ci il tarixli bəyanat - Azərbaycanın Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdiyi tarixi gündür.
“30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi”
Bəli, həqiqətən də Müzəffər Ordumuzun Sərkərdəsi İlham Əliyevin dediyi kimi: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar",-deyən Müzəffər Ordumuzun Sərkərdəsinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı”.
Bu böyük qələbəni YUMRUQ KİMİ BİRLİYİ BİZƏ BƏXŞ EDƏN SƏRKƏRDƏMİZİN rəhbərliyi, Güclü Ordumuz və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə əldə edildi. Bu tarixi zəfər qələbəsi ilə Azərbaycan Prezidenti İlham Əliyev həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə ilə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı.“Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı.
Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir
Bəli, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Prezidentinin dediyi kimi: “İlk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar”. Belə də olmalı idi!. Çünki küçə adamının Azərbaycanın böyük Sərkərdəsi qarşısına çıxmağa belə cürəti çatmadığını anladığı üçün layiq olduğu yerdə, hansısa bir anbarda bu bəyanatı imzalamalı idi. Sözsüz ki, Azərbaycanın dəmir yumruğu gücü ilə!. Dövlət başçımızın dediyi kimi: “Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”.
Budur, Lider sözü! Budur, xalqın Sərkərdəsi!
Bir sözlə, tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Beləliklə, "Qarabağ Azərbaycandır! və nida işarəsi",-söyləyən Prezidentimiz, xalqımızın Sərkərdəsi hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! Bu bizim yumruğumuzun, birliyimizin qələbəsidir!
Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
Mümkünsüzdür! Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Çünki 2020-ci il, noyabrın 10-u Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, eyni zamanda, Xocalının, Xocavəndin, Tərtərin, Ağdərənin kənd və qəsəbələrində, Xankəndidə, Ağdamda, Kəlbəcərdə dalğalanan üçrəngli zəfər bayrağımız, İnşallah, Laçında, ümumiyyətlə, işğaldan azad ediləcək bütün ərazilərimizdə də dalğalanacaq!. Və bu tarixi 10 noyabr bütün Qarabağımızı, qürurumuzu, özünəgüvənimizliyi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız, Sərkərdəmiz İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq - ZƏFƏR BAYRAMIMIZ! Çünki Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri