"Tarixi ədalət bərpa olundu" ÖZƏL-MÖVQE

3 Dekabr 2020 11:41 (UTC+04:00)

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu”. Bu fikirləri SİA-ya millət vəkili Pərvin Kərimzadə bildirib.Millət vəkili qeyd edib ki, mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı laçınlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində də qeyd edir: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik”.P.Kərimzadə bildirib ki, 44 günlük Vətən müharibəsi qonşusunun torpağına göz tikən, xalqımızın humanistliyindən,qonaqpərvərliyindən, etimadından,etibarından sui-istifadə ermənilərin iç üzünü, əsil simasını açıb dünyaya göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən həyata keçirir.“Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə həkk etdirdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut,Suqovuşan, Şuşa və Qarabağdakı bir çox torpaqlar hərbi yolla azad edildi, erməni ordusu darmadağın olundu. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsi dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi”-deyə, P.Kərimzadə söyləyib.

sia.az