Sevinc Qasımova: YAP Gənclər Birliyinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin potensialını doğru şəkildə dəyərləndirib daha uğurlu nəticələr əldə etməsi üçün onlara dəstək olmaqdır

12 Aprel 2021 13:14 (UTC+04:00)

“Məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Vətən müharibəsində parlaq qələbə qazandı. Bu qələbə bizim təkcə döyüş meydanında qazandığımız uğurla yekunlaşmadı, həmçinin siyasi arenada bütün dünyanın diqqətini üzərimizə çəkdi. Belə ki, saatlarla davam edən mətbuat konfranslarında ölkə başçısı 4 müxtəlif dildə fasiləsiz danışaraq bizi ən ali səviyyədə təmsil etdi. Hal-hazırda ölkədə aparılan kadr islahatları yaxın gələcəkdə beynəlxalq miqyasda daha çox nüfuz qazanacağımıza, beynəlxalq arenada güclü siyasi əlaqələr quracağımıza və uğurlu əməkdaşlıqlara imza atacağımıza dəlalət edir.” Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib. Sevinc Qasımova qeyd edib ki, YAP Gənclər Birliyinin yeni seçilmiş rəhbər və üzvləri də bu siyasətin bir parçası olmaq üçün əzmlə çalışır: “Belə ki, Birliyin üzvləri uzun illər gənclər sektorunda öz sözünü demiş, yerli və beynəlxalq səviyyədə nüfuz qazanmış, ictimai-siyasi fəal olmuş gənclərdir. Onların çoxu xaricdə təhsil almış, beynəlxalq institutlarda təcrübə proqramlarında iştirak etmiş və dünya dillərini mənimsəmişdir. Bu gün Gənclər Birliyinin qarşısında duran əsas vəzifələrdən biri həmin gənclərin potensialını doğru şəkildə dəyərləndirib daha uğurlu nəticələr əldə etməsi üçün dəstək olmaqdır. Biz bu yolda inamla addımlayırıq!”

yap.org.az