"Hər iki tərəf görüşə hazırlaşır" POLİTOLOQUN FİKRİ

30 Aprel 2021 15:50 (UTC+04:00)

“Türkiyə və ABŞ münasibətləri olduqca genişdir. Bu mənada iqtisadi, hərbi, siyasi sahələri qeyd etmək olar”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.F.Məmmədov vurğulayıb ki, Baydenin “erməni soyqırımı” açıqlamasından sonra Türkiyə eyni zamanda cavab bəyanatı ilə çıxış elədi: “Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Co Bayden bu açıqlamanı etməzdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışmışdı və iyun ayında gərcəkləşdirilməsi planlanan görüş haqqında fikir mübadiləsi aparılmışdı. Nəzərə almaq lazımdır ki, Bayden administrasiyası və Tramp administrasiyası arasında çox böyük fərq var. ABŞ-ın siyasəti bütün dövlətlərə qarşı yenidən formalaşır və burada hər hansı bir varislikdən söhbət gedə bilməz. Türkiyəyə qarşı münasibət, siyasət, bütün ziddiyyətlər və problemlər, eyni zamanda nailiyyətlər nəzərə alınmaqla iyun ayında sammitdə iki lider arasında müəyyən olunacaq. Məhz. bu sammitdən sonra onun nəticələrinə uyğun olaraq ABŞ və Türkiyə münasibətləri haqqında fikir bildirə bilərik ki, vəziyyət olduğu kimi qalacaq yoxsa soyumağa başlayacaq. Baydenin məlum bəyanatını Türkiyəyə mesaj olaraq dəyərləndirirəm. Lakin bu bəyanatı zərərsiz olaraq qiymətləndirirəm ki, Bayden öz bəyanatında 1915-ci il hadisələrini soyqırım kimi qəbul etsə də, lakin heç kəsi günahlandırmır. Türkiyə və Amerika rəsmiləri də bunu xüsusi olaraq qeyd ediblər. Bu sadəcə zərərsiz bir təzyiq mexanizmidir. ABŞ bundan görüş öncəsi istifadə elədi və Turkiyədə cavab olaraq öz təzyiq mexanizmlərindən istifadə edir. Hər iki tərəf görüşə hazırlaşır və əlində olan resursları nəzərdən keçirir. Məhz, bu görüşdən sonra ABŞ-Türkiyə münasibətlərinin necə davam edəcəyi barədə fikir səsləndirə bilərik”.

sia.az