Azərbaycan xalqının fəxri və xilaskarı Ulu Öndər Heydər Əliyev - DEPUTAT Mövqe Bildirdi

3 May 2021 16:40 (UTC+04:00)

“Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin anadan olmasının 98-ci ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov deyib.

Deputatın sözlərinə görə, Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olub: “Məhz, Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda, Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək çalışqanlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi və onların böyük əksəriyyəti hələ də “tamam məxfi” qrifi ilə müvafiq arxivlərdə saxlanılır. Heydər Əliyevin gərgin əməyi, uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndi. Həmin dövrdə ölkənin dinamik inkişafına zəmin yaratmaq üçün respublikamızda emal sənayesinin inkişafına xüsusi önəm verildi. Bu məqsədlə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzümçülüklə məşğul olan iri təsərrüfatların hamısında üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, müvafiq bölgələrdə tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri fəaliyyətə başladı. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi, Bakıda və bölgələrdə bir çox yeni zavod və fabriklər fəaliyyətə başladı. Artıq həmin illərdə respublikamız İttifaqın meyvə-tərəvəz bazası olmaqla yanaşı həm də SSRİ-nin digər bölgələrinə və xarici ölkələrə yüksək keyfiyyəti ilə seçilən hazır emal məhsulları və malları da ixrac etməyə başladı. Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Həmin illərdə sosial obyektlərin tikintisi də böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət, kinoteatr binaları və digər obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanılırdı. Bu diqqət və qayğının nəticəsində respublikamızda həmin dövrdə mənzil tikintisində rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərin əvvəlində hər il bir milyon kvadrat metr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi. Həmçinin, respublikamız qonşu respublikaları təbii qazla və elektrik enerjisi ilə təmin etməyə başladı və İttifaq miqyasında subsidiya alan respublikadan donor respublikaya çevrildi. Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ağır sənayenin inkişafında da əhəmiyyətli dönüş yarandı. İttifaqda ən iri maşınqayırma zavodları inşa edildi. SSRİ-də yeganə olan Bakı kondinsonerlər zavodu, Bakı yeni neftayırma zavodu, Azərterm zavodu, habelə Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı yeni maşınqayırma zavodları tikilib istifadəyə verildi və bir çox mövcud zavodlar müasir avadanlıqlarla təmin edilərək modernləşdirildi”.

E.İbrahimov vurğulayıb ki, bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq onsəkkiz ildir ki, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur: “Bu isə təsadüfi deyildir. Belə ki, Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin- müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzun müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür. Hörmətli Prezidentimizin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Ölkəmizdə sosial və iqtisadi inkişafın qlobal çağrışlara uyğun aparılması sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 17 il ərzində 3,3 dəfə artmış, valyuta ehtiyatlarımız 51 milyard manatdan artıq olmuşdur. Bu da respublikamızın gələcək inkişafının başqa ölkələrdən asılı olmadan valyuta ehtiyatları ilə etibarlı təminatı deməkdir. Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində işsizlik və yoxsulluq səviyyəsi minimuma endirilmiş, orta aylıq əmək haqqı və pensiyalar dəfələrlə artmış, əhalinin içməli su və təbii qazla təminatı əsaslı surətdə yaxşılaşıb. Hörmətli Prezidentimizin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsidir ki, Dünya Bankının ”Doinq Business-2020” hesabatına əsasən dünya iqtisadiyyatında baş vermiş böhranlı 2020-ci ildə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq 34-cü pillədən 28-ci pilləyə yüksəlmiş, növbəti dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlıların əyilməz qürurunu özünə qaytardı. Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müəyyən etdiyi strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə hörmətli Prezidentimizin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək bərpa və yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlarımıza layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə hörmətli Prezidentimizin nəzarəti altında konkret işlər görülür və bu ilin sonuna kimi bir çox obyektlərin istifadəyə verilməsi təmin ediləcəkdir. Bu günlərdə hörmətli Prezidentimiz və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunda ilk “ağıllı kənd” layihəsinin və aeroportun tikintisinin təməli qoyuldu və bununla da böyük qayıdışın ilk addımları atıldı. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ölkəmizdə iqtisadiyyatın, xüsusilə, aqrar sektorun, yeraltı sərvətlərin istifadəsi, turizmin və digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır”.

sia.az