“Rusiya regionda gərginliyin azaldılmasında maraqlıdır” - MÜSAHİBƏ

31 May 2021 14:38 (UTC+04:00)

SİA ANAP-ın sədri Abutalıb Səmədovun müsahibəsini təqdim edir:

- Abutalıb müəllim, erməni təxribat qrupu vaxtaşırı olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində diversiya fəaliyyəti həyata keçirir və Azərbaycan yollarında minalar basdırmağa cəhdlər göstərir. Bu təxribatlar nəticə etibarı ilə toqquşmalara gətirib çıxara bilərmi?
- Erməni təxribat qruplarının sərhəd zonasında diversiya fəaliyyəti ilə məşğul olması kiçik insidentlərə səbəb ola bilər. Biz son günlər bir neçə belə hadisənin şahidi olduq. Təmas xəttində və Azərbaycan ərazisində ermənilərin təxribatları yaralanma və ölüm hallarına gətirib çıxardı, 6 düşmən diversantı həbs olundu. Güman edirəm ki, bu cür hallar bundan sonra artmayacaq, əksinə, azalma istiqamətində davam edəcək. Ciddi toqquşmaların olmasını mümkün saymıram. Azərbaycan münaqişənin bitdiyini elan edib və sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşməsinə, qarşı tərəfin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib. Ermənistan isə nəinki bunu istəmir, üstəlik, bu proseslərin qarşısını almaq, heç olmasa ləngitmək üçün əlindən gələni edir. Ancaq onun hərbi qarşıdurma yaratmaq imkanı yoxdur, çünki, 44 günlük müharibə nəticəsində erməni silahlı qüvvələri darmadağın edildi və onun yenidən qurulması kifayət qədər vaxt və vəsait tələb edir.
- Necə düşünürsünüz, erməni təxribatlarının arxasında Paşinyan deyil, birbaşa Köçaryan və Sarkisyanın dayandığını düşünmək olar?
- Erməni təxribatlarının arxasında kimin dayandığını söyləmək çətindir. Çünki, seçkiyə qatılan bir çox qüvvələr sabitliyin pozulmasında maraqlıdır. Ancaq bir şeyi qəti söyləmək mümkündür ki, bu təxribatların baş verməsində qətiyyən maraqlı olmayan bir qüvvə var - N.Paşinyan və onun rəhbərlik etdiyi seçki bloku. Hər bir qarşıdurma, hər bir təxribat onların nüfuzuna zərbə vurur. Gərginlikdən bezən, sabitlik arzulayan ermənilər sərhəddə yaranan hər qarşıdurmada N.Paşinyanı günahlandırır və onun dövləti idarə edə bilmədiyi qənaətinə gəlirlər. Bu səbəbdən Baş nazir əvəzinin reytinqi hər gün azalır, xüsusilə, şəhər əhalisi içərisində müxalifət nüfuzunu artırmaqda davam edir. Bu səbəbdən Paşinyan nə qədər istəməsə də müxalifət bu cür təxribatların bundan sonra da baş verməsi üçün əlindən gələni edəcəkdir. Onların isə həm sərhəd zonalarında, həm də hərbçilər içərisində geniş əlaqələri var və qalan 20 gün ərzində təxribat törətmək cəhdləri mütləq olacaqdır.
- Erməni təxribatları daha çox rus sülhməramlılarının məsuliyyət zonasından həyata keçirilir. Sizcə, rus sülhməramlılarının erməni təxribatlarına göz yumması nədən qaynaqlanır?
- 10 noyabr 2020-ci il bəyanatına görə Rusiya sülhməramlıları Laçın dəhlizində və təmas xəttində (keçmiş Dağlıq Qarabağ və Azərbaycanın digər əraziləri arasında) yerləşiblər. Erməni təxribatlarının törədildiyi sərhəd zonaları onların nəzarət etdiyi ərazilərə daxil deyil. Ümumiyyətlə, “Qaragöl” ətrafında və digər sərhəd zonalarında baş verən hadisələrə iri dövlətlərin göstərdiyi münasibət Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2020-ci il bəyanatını imzalamaqda nə qədər haqlı olduğunu bir daha sübut etdi. Baş verən hadisələrdə birbaşa Azərbaycanı ittiham edən ABŞ və Fransadan fərqli olaraq Rusiya Ermənistanı “qızışdırıcılıqda” günahlandırdı və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində real addımlar atmağa çağırdı. Ermənistanın Rusiyanın liderlik etdiyi KTMT-yə müraciəti də əvvəllər olduğu kimi nəticələndi və hərbi blok hadisələrə müdaxilə etməyəcəyini bildirdi. Bu münasibət erməni cəmiyyətində müharibədən sonra mövcud olan ruh düşkünlüyünü bir az da artırdı. Son hadisələr göstərdi ki, Rusiya regionda gərginliyin azaldılmasında, iqtisadi əməkdaşlığın artmasında, ilk növbədə, “Mehri dəhlizi”nin işə düşməsində maraqlıdır və bu Azərbaycanın maraqlarına uyğundur.

sia.az