Bakı "Ekspo 2025"-in namizədlik prosesinin finalçıları arasında

Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olan BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib. SİA-nın verdiyi məlumata görə, 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu qürurla bəyan edir ki, Bakı şəhəri növəbti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir ki, Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq. Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib.Qiymətləndirmə Missiyası “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırki iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib və qeyd olunub ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.Azərbaycan Respublikasının Maliyyə naziri və 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov bildirib ki, biz BSB-nin İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik və gələn ay Parisdə keçiriləcək BSB-nin Baş Assambleyasının 163-cü sessiyası zamanı BSB üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik.18 il ərzində BSB-nin 6 Ekspo sərgilərində öz pavilyonları ilə fəal iştirak edən və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanan Azərbaycan, Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir. Bakı şəhərinin namizədliyi seçilərsə, Ekspo 2025 ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcəkdir. Bu, bütöv regionda təşkil ediləcək BSB-nin ilk ümumdünya Ekspo sərgisi olacaqdır.

sia.az