Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb

“Caspian Ecology” doqquzuncu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində noyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edirlər.
Konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə müzakirələrin aparılmasıdır.
Elmi konfrans “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” və “Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi” sessiyalarından ibarətdir.
Xatırladaq ki, “Caspian Ecology” doqquzuncu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşəbbüsü, IDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

yap.org.az