Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik

Kiyev mənzil fondunun modernləşdirilməsində maraqlıdır. Xüsusilə “Xruşşov” layihəli binaların sakinlərinin yeni binalara köçürülməsi proqramının tətbiqini istəyirik.

Bunu Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna bazarında işləmək istəyən Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.
Kiyev meri qeyd edib ki, Ukrayna yolların bərpası və müasir infrastrukturun tikintisi baxımından ən yaxşı təcrübəni qəbul etməyə hazırdır. “Ukrayna və Azərbaycan arasında yaxşı dostluq münasibətləri var. Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik. Azərbaycanın Ukraynada, xüsusilə Kiyevdə böyük diasporu var. Sizin şirkətlər artıq paytaxtda yol tikintisi sahəsində çalışırlar. Biz tərəfdaşlığımızı daha səmərəli və qarşılıqlı faydalı hala gətirməliyik”, - deyə Kiyevin meri bildirib.
Bakının sürətlə inkişaf etdiyini diqqətə çatdıran V.Kliçko deyib: “Biz bu təcrübədən şəhərimizi daha yaxşı və daha rahat etmək üçün istifadə etmək istəyirik”.
Səfir A.Xudiyev bildirib ki, çoxlu sayda Azərbaycan şirkəti Kiyevdə müxtəlif sahələrdə işləməyə hazırdır. Xüsusilə onlar mənzil və sənaye tikintisi, şəhər kommunikasiyalarının modernləşdirilməsi, kanalizasiya, işıqlandırma, şəhər mühitinin yaxşılaşdırılması və s. ilə məşğul olan müəssisələrdir.
Səfirin sözlərinə görə, Azərbaycan şirkətlərinin Kiyevdə layihələrə maliyyə yatırımını artırması üçün birgə əməkdaşlığın gücləndirilməsi zəruridir.

yap.org.az