Siyasət

  • 7 107

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

image

Prezident İlham Əliyev: “Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir”
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik qələbəmizi önə çəkərək bildirib: “Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik.
Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur və əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın və hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa, vəsait ayrılır və ayrılacaq. O cümlədən, yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən, hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin və dövlətimizin qətiyyətinin nümayişi oldu. Məlumdur ki, işğalçı Emənistan və ona havadarlıq edən dövlətlər daim Azərbaycanın hərbi xərclərini artırmasını sülh danışıqlarından imtina kimi dünyaya təqdim etməyə çalışırdılar. Buna cavab olaraq, rəsmi Bakı hər zaman bəyan edir ki, sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olması mütləqdir. Digər tərəfdən, Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Təbii ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə, hərb yolunun seçilməsi şəksizdir. Azərbaycan dövlətinin bu mövqeyi ordumuzun gücünə və döyüş qabiliyyətinə əsaslanır. Ölkə Prezidenti bildirir: “Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir... Ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq”.
Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi hər sahədə, o cümlədən, ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir. 2003-cü ildə 160 milyon dollar olan hərbi büdcəmiz bu gün 3 milyard dollardan artıqdır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən iki dəfə çoxdur. Cari ilin dövlət büdcəsindən ayırmalarda da, hərbi xərclər əsas yer tutur. Müharibə şəraitində yaşayan bir ölkədə dövlət büdcəsində hərbi təyinatlı xərclər üçün ayırmalara, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar istənilən nəticəni verməyənə qədər orduya ayırmalarda artımın daim diqqətdə saxlanılacağını vurğulayan Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının - dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədalətsizlik hesab edərək, bir daha bildirir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Ancaq bu işğal çox çəkə bilməz. Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcək.
Bu və ya digər dövlətlərin əlində oyuncağa çevrilən, onların maraqlarının ifadəçisi kimi çıxış edən Ermənistan heç bir sahədə ölkəmizlə rəqabət aparmaq imkanında deyil. İşğalçılıq siyasəti onun bütün enerji layihələrindən kənarda qalmasına səbəb olub. İqtisadi böhran içərisində yaşayan bir ölkənin güclü ordusunun olması nə dərəcədə real ola bilər. Baxmayaraq ki, S.Sarkisyan dünyanın nüfuzlu təşkilatlarının tribunasından öz yalanlarını həqiqət kimi sırımağa çalışır, utanmadan Dağlıq Qarabağın Ermənistanın ərazizisi olduğunu, eyni zamanda, münaqişənin həllində hərb variantı seçilərsə, Ermənistan ordusunun qalib olacağını bildirir. Sərsəm bəyanatlarla ictimai fikri çaşdırmağın mümkünsüzlüyünün fərqində olan Ermənistan prezidenti anlayır ki, yalanlarla çox uzağa getmək mümkün deyil.
Prezident İlham Əliyev çıxışlarında bu məsələyə də, diqqət yönəldir ki, hər bir ölkə öz müstəqilliyini qorumağa, öz seçimini müdafiə etməyə səy göstərməli və gələcəyi haqqında düşünməlidir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Ölkəmizin bu gün dünyada yerinin və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da, bu gerçəkliyi təsdiqləyir ki, siyasətində müstəqil olan dövlət davamlı inkişafını təmin edəcək təkmil islahatları həyata keçirmək gücündə və qüdrətindədir. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bu gün də işğal altında saxlaya bilməzlər. Ancaq Azərbaycan təkbaşına mübarizə aparır. Yaxın tariximiz göstərir ki, ölkəmiz təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və milli maraqlarımızı müdafiə edə bilər.
“Səs” Analitik Qrupu

Digər xəbərlər