Düz 25 il öncə - 1993-cü il dekabrın 11-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərman imzalayıb. İmzalanan Fərmanda deyilir ki, respublikada müstəqil maliyyə, pul-kredit siyasətinin aparılmasını, onun daxili bazarının qorunmasını milli valyutanın-manatın möhkəmləndirilməsini, bank-maliyyə, uçot və hesablaşmalarının sadələşdirilməsini təmin etmək məqsədi ilə 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı-manat yeganə ödəniş vasitəsi elan edilsin. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRİ Dövlət Bankının 1961 - 1992-ci illərə aid pul nişanlarının dövriyyəyə buraxılmasını dayandırsın.
Pul vahidi dövlətin gücünü, siyasi-iqtisadi durumunu, tarixi missiyasını ifadə edir
Müstəqil dövlətin əsas göstəricilərindən biri də onun milli pul vahidinin olmasıdır. Pul vahidi dövlətin gücünü, siyasi-iqtisadi durumunu, tarixi missiyasını kifayət qədər ifadə edə bilir. Məhz ölkəmizdə müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynadı. Bu Fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da, Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri, qısa müddətdə, ölkə iqtisadiyyatının inkişafina öz töhfəsini verdi.
Eyni zamanda, ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunan Konstitusiya Aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilmiş və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmişdir. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.
Azərbaycanın milli valyutasının möhkəmləndirilməsi real və obyektiv iqtisadi faktorlara əsaslanır
Bu gün Azərbaycanın inkişaf trayektoriyası kifayət qədər davamlıdır və iqtisadi artımın real və obyektiv faktorlarına əsaslanır. Bu, bir aksiomadır: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Əldə olunan bu uğurların kökündə isə ölkədə yaradılan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi dayanırdı. Məlum həqiqətdir ki, iqtisadiyyatın normal durumu, məhz belə vəziyyətin yaradılmasından çox asılıdır. Son illər ölkə iqtisadiyyatının qeyri-neft sektoru daha üstün sürətlə inkişaf etməsi, 9 ay ərzində Azərbaycanın valyuta ehtiyatları 8% artması hökumətin apardığı uğurlu islahatların məntiqi nəticəsidir.
Təbii ki, iqtisadiyyatda baş verən bütün keyfiyyət dəyişikliklərinin kökündə maliyyə imkanları dayanır. Əgər etibarlı maliyyə mənbələri olmasaydı, sərmayələr yatırılmasaydı, iqtisadi inkişafın indiki dinamikliyini təmin etmək mümkün olmazdı. 1993-cü ildən sonra Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycana xarici sərmayələrin yatırılması, son illərdə isə Ulu Öndərin neft strategiyasının təntənəsi olaraq, respublikamızın özünün daxili maliyyə imkanlarının yaradılması xüsusi qeyd edilməlidir.
“Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 5 dəfə böyükdür”
Son 15 ildə Azərbaycanın böyük iqtisadi və maliyyə resurslarına malik olması ölkə Prezidenti İlham Əliyevin proqmatik uğurlu inkişafının nəticəsidir. Prezident İlham Əliyev çıxışlarında da vurğulayıb ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından, Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır: “Son 15 il ərzində iqtisadi inkişaf baxımından, Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə, dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”.
Sözsüz ki, bütün bunlar dövlət başçısının apardığı köklü iqtisadi islahatlar nəticəsində əldə olunub. Məhz bütün bunlara əsasən, bir daha inamla deyə bilərik ki, Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb və olmayacaq da.
RƏFİQƏ KAMALQIZI