"Paşinyan qorxuya düşüb" RƏY-ÖZƏL

“Paşinyanın Avropa Şurasındakı çıxışından bir neçə məqamı aydın müşahidə edə bilərik. Göründüyü kimi o, Azərbaycanın yeni hərbi əməliyyatlara başlamasından qorxuya düşüb və məsələni Avropa Şurasının tribunasından diqqətə çatdırmaqla beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa strukturlarının məsələyə müdaxilə edərək, Azərbaycanı dayandırmasını istəyir. Bunu Paşinyanın 2016-cı il yanvar müzakirələrini Aprel döyüşlərinin prelyüdiyası kimi misal çəkməsi təsdiq edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Paşinyanın Avropadan separatçı Qarabağdakı QHT-lərə, vətəndaş cəmiyyəti fəallarına diqqət və maliyyə tələb etdiyini deyən politoloq söyləyib ki, bununla o, özünə oradakı ermənilər arasında tərəfdarlar axtarmağa, dayaqlarını möhkəmlətməyə, lazım gəldikdə isə onların əli ilə Bako Saakyanı “rəngli inqilab” yolu ilə devirməyə əsas hazırlamağı planlaşdırmış ola bilər:“Eyni zamanda, Paşinyan separatçı Dağlıq Qarabağı beynəlxalq aləmə inteqrasiya etmək, onları de-yure müstəqil qurum kimi legitimləşdirməyə çalışır. O yenidən ATƏT-in Minsk qrupunun apardığı danışıqlara separatçı rejimin tərəf kimi qoşulmasına təkid edir. Halbuki Minsk qrupunu sülh danışıqlarını tənzimləyən qurum kimi qəbul etdiyini də təkzib etmir. Paşinyan AŞPA-da çıxışı zamanı Koçaryan və Sarkisyanın Qarabağdan olduqları üçün danışıqlarda onu təmsil etdiyini bildirməklə, özünün bu məsələdə səlahiyyətli olmadığına eyham vurub. Eyni zamanda, əsas insan həyatının olmasını, sənədlərin olmadığını vurğulayıb. Təbii ki, bu arqumentlər əsassızdır. İnsan amili deyərkən şübhəsiz ki, tək Qarabağdakı ermənilər yox, deportasiya edilən, soyqırımına məruz qalan, əsir götürülmüş azərbaycanlılar da nəzərə alınmalıdır”.N. Məmmədova vurğulayıb ki, Paşinyan öz hakimiyyətini möhkəmlətməyə çalışır və mümkün qədər danışıqlarda vaxt udmağa, Azərbaycanla hərbi toqquşmadan yayınmağa, ilk növbədə onu hakimiyyətə gətirən qüvvələrin geostrateji planlarını reallaşdırmaq vəzifəsini həyata keçirməyə çalışır: “Qarabağ Paşinyan üçün əvvəlki hakim klandan fərqli olaraq ölüm-qalım məsələsi deyil. Onun üçün önəmli olan hakimiyyətini möhkəmlətmək və Qərbin regionda möhkəmlənməsinə şərait yaratmaqdır. O, Avropa Şurası tribunasının əvvəllər hərbi ritorika üçün istifadə edildiyini xatırladarkən, Koçaryan və Sarkisyanın həmin tribunada etdiyi cinayət etiraflarını da unutmamalı idi, yaxud bu, ona xatırladılmalı idi”.

sia.az