"Qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir" ÖZƏL-MÜNASİBƏT

AŞPA-nın komitə iclasında Milli Məclisin deputatı Sahibə Qafarovanın müəllifi olduğu məruzənın müzakirəsi keçirilib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olub. Paris şəhərində keçirilən toplantıda Sahibə Qafarovanın müəllifi olduğu "Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi" mövzusunda məruzə ətrafında dinləmələr keçirilib. Sahibə Qafarova SİA-ya açıqlamasında məruzə barədə məlumat verərək deyib ki, qəyyumluq vəzifələri müxtəlif fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.Onun sözlərinə görə, qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir: "Ümumi problemlərdən biri qəyyumların təyin edilməsinin gecikməsidir. Kadr və struktur avadanlığı çatışmazlığı gecikmə hallarını artırır. Bəzən qəyyumların təyin edilməsində gecikmələr bir ilədək davam edə bilir ki, bu da yetkinlik yaşına çatmayanları insan alveri və zorakılıq təhlükəsi qarşısında qoyur. Mövcud beynəlxalq standartlara baxmayaraq, qəyyumluq sistemlərinin müstəqilliyi və qərəzsizliyi həmişə milli səviyyədə təmin edilmir. Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Çox az AŞ-yə üzv dövlət qəyyumlar üçün təlim verir".Sahibə Qafarova vurğulayıb ki, digər bir problem qəyyumların işinə nəzarətin yetəri səviyyədə olmamasıdır."Qəyyumların işinə nəzarət də bütün AŞ-yə üzv dövlətlərdə təmin olunmur. Bu təmin edildikdə isə uşaqların fikirləri nəzərə alınmır. Çatışmazlıqların biri də yetkinlik yaşına çatmayan uşaqların təminatı ilə bağlıdır. Qəyyumluq sistemlərindəki bütün bu fərqlər Avropada qəyyumluğa vahid bir yanaşmanın vacib olduğunu göstərir", - deyən Milli Məclisin deputatı müşayiət olunmayan və miqrant uşaqların hüquqlarının müdafiəsini gücləndirmək üçün həll yollarından da danışıb.Onun sözlərinə görə, effektiv həll yollarından biri Avropada uyğun və effektiv qəyyumluq sistemini inkişaf etdirməkdir. Bununla belə, sistemin tətbiqini müşahidə etmək üçün Avropa Şurasının müvafiq ekspertlər komitəsinin səlahiyyətlərini genişləndirmək vacibdir: "Bu, üzv dövlətlərə təlimatları tətbiq etməyə, ən yaxşı təcrübələri bölüşməyə, milli qəyyumluq sistemlərini gücləndirməyə və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək".Qeyd edək ki, kifayət qədər aktif keçən müzakirələrdə Sahibə Qafarova parlamentari və ekspertlərin suallarını cavablandırıb. Müzakirələrdə Fransadan proqram direktoru Serge Durand, Hollandiyadan layihə meneceri Liedeviy de Ruiyter de Vildt Nidos, hüquqşunas, coordinator Natalie Lequeux və digərləri çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

sia.az