Birinci vitse-prezident Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm. Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir. Çox sağ olun!”.