(Tarixi arayış)
“Səs” qəzeti Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra formalaşan milli mətbuatın aparıcı nümunələrindən biridir. Qəzet 1990-cı illərin əvvəllərində, ölkənin ictimai-siyasi həyatında kəskin dəyişikliklərin baş verdiyi, dövlətçilik ideyalarının formalaşdığı bir dövrdə təsis olunmuşdur. Belə ki, 1990-cı ilin noyabr ayında qeydiyyatdan keçib, 1991-ci ilin 11 yanvar tarixində ilk nüsxəsi işıq üzü görüb.Yarandığı ilk gündən “Səs” qəzeti Ulu Öndər Heydər Əliyevin Azərbaycanınçılıq ideologiyasını, Azərbaycanın milli maraqlarının müdafiəsini, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, ictimai şüurun formalaşdırılmasını və söz azadlığının inkişafını əsas fəaliyyət istiqamətləri kimi müəyyən etmişdir. Qəzet mürəkkəb və ziddiyyətli ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Heydər Əliyevin siyasi fəaliyyətini geniş ictimaiyyətə çatdırıb, Ulu Öndərə Azərbaycan xalqı adından ünvanlanmış ziyalıların müraciətini və Ümummilli liderin cavabını dərc edərək tarixi missiyanı yerinə yetirib. Həmişə prinsipial mövqeyi və məsuliyyətli jurnalistikası ilə oxucu auditoriyasının etimadını qazanmışdır.
1990–2000-ci illərdə “Səs” qəzeti ölkədə gedən siyasi proseslərin, islahatların, müharibə və sülh məsələlərinin, sosial problemlərin işıqlandırılmasında fəal iştirak etmiş, analitik yanaşması ilə seçilmişdir. Qəzetin səhifələrində dövrün tanınmış ictimai-siyasi xadimlərinin, ziyalıların, politoloqların və ekspertlərin məqalələri dərc olunmuşdur.
Sonrakı mərhələdə “Səs” qəzeti Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq modernləşmiş, fəaliyyətini genişləndirərək yalnız çap mediası ilə kifayətlənməmiş, rəqəmsal media platformalarına keçidi həyata keçirmişdir. Belə ki, 2008-ci ilin avqust ayından Səs İnformasiya Agentliyi (sia.az), 2011-ci ilin yanvarında isə Səs TV İnternet Televiziyasını (sestv.az) fəaliyyətə başlamışdır. Eyni zamanda, qəzetin rəsmi internet saytı (sesqazeti.az) oxuculara operativ xəbər, analitik yazı, müsahibə və şərhləri real vaxt rejimində təqdim edir, çoxminli sosial şəbəkə platformaları üzərindən isə izləyicilərinə operativ məlumatları çatdırır. Bu, “Səs”in müasir informasiya mühitinə uğurlu inteqrasiyasının göstəricisidir.
Bu gün “Səs” qəzeti milli mətbuat ənənələrinə sadiq qalaraq, eyni zamanda müasir jurnalistikanın tələblərinə cavab verən peşəkar media orqanı kimi fəaliyyətini davam etdirir. Nəşr dövlətçilik maraqları, ictimai məsuliyyət və obyektivlik prinsiplərini rəhbər tutaraq cəmiyyətin maarifləndirilməsində və sağlam ictimai rəyin formalaşmasında rolunu qoruyub saxlayır.
“Səs” qəzeti keçmişdən bu günə, həqiqətin və cəmiyyətin səsidir.
© 2002-2026, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
Üzeyir Hacıbəyli küçəsi, 66. Bakı, Azərbaycan.
Tel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]
Baş redaktor: Bəhruz QULİYEV
"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.






