Analitika

  • 2 629

ACGÖZLÜK: insanın sonu

image

Ulu Yaradan tərəfindən təəssüf ki, insan övladına acgözlük kimi bir xüsusiyyət də bəxş olunub. Bəlkə də bəxş olunub ki, əsl insanlığı ortaya çıxarsın; gözü toxlar acgözlərdən fərqlənsin. Və acgözlər sonda dünya malının dünyada qaldığını anlayıb toxgözlərin qazandıqlarına köks ötürsünlər. Onların mənəvi zənginliyinə həsəd etməklə, ömür boyu üst-üstə yığdıqlarının əslində dəyərsiz olduğunu anlasınlar. Bəs belə olan halda nə üçün bəzi insanların gözü acdır? Bilə-bilə ki, sonda hər kəs kimi eyni qayda ilə dünyasını dəyişəcək, bu dünyadan o biri dünyaya heç nə apara bilməyəcək, yenə də acgözdür, yenə də nə isə qazanmağa, mal-dövlətini artırmağa çalışır. Deməli, acgözlük elə bir hissdir ki, həm də insanı sağlam düşünməkdən uzaq edir.

Acgözlük həm də anormallıqdır

Acgözlük əslində həm xəstəlik, həm anormallıq, daha böyük mənada isə bəladır. Nə üçün? Elə adamlar tanıyırıq ki, dünya malından doymur ki, doymur. Sanki bir xəstəliyə tutulubmuş kimi mal-dövlət yığır, hər an bunu bir az da artırmağa çalışır, həm də yığdığını elə qoruyur ki, amandır, birdən üstündən bir qəpik o yan-bu yan ola bilər. Belə insanlarda acgözlükdən yaranan ikinci bir xüsusiyyət-simiclik də vardır. Yığır, lakin xərcləmir. Ailəsində həyat yoldaşı, uşaqları nəyəsə ehtiyac duyur, lakin baxmayaraq ki, onu qarşılaya bilər, lakin edə bilmir. Çünki evin kişisi simicdir, mal-dövlətinin çox olmasına baxmayaraq bir qəpik belə xərcləmək istəmir.

Acgözlük həm də anormallıqdır. Çünki insan pul yığmalıdır, mal-dövlət toplamalıdır kimi normal olmayan bir istəyə malik olur. Yəni, sağlam şəkildə düşünə bilmədiyi üçün anormaldır. Hər şeyin özünün olmasını arzulayır, buna can atır. Və topladığını qorumaq üçün canından keçməyə hazırdır. Bütün günü əlində olanları orada-burada gizlədir, fikri-zikri qalır yanında ki, birdən kimsə tapar, kimsə aparar. Beləliklə, anormal və narahat bir həyat yaşayır.

Bütün bunların fonunda isə söyləmək olar ki, acgözlük böyük bir bəladır. Müalicəsi olmayan xəstəlik, çıxışı olmayan yol, qurtuluşu olmayan psixoloji durumdur. Elə bir vəziyyətdir ki, insanı gündən-günə didib-parçalayır, məhv edir. Onda yeni xarakterlər-həsəd, paxıllıq, riyakarlıq, nankorluq kimi xüsusiyyətləri də formalaşdırır.

Hər kəsdə olmadığına görə acgözlüyü bir simptom adlandırmaq daha doğru olardı. Bu, bir şəxsdə də təzahür edir, bir nəsildə-kökdə və ya ümumilikdə bir xalqda da. Bunlara ayrı-ayrılıqda nəzər salaq.

Qonşunun var, mənim niyə olmasın?..

Bəzən insan o dərəcədə acgöz olur ki, elə bu səbəbdən də, necə deyərlər, min ərşin quyunun dibinə yuvarlanır. Bu o səbəbdən olur ki, kiminləsə bəhsəbəhsə düşür. Onda olanların özünün də sahib olmasına çalışır. Məsələn, qonşunun 2-3 mərtəbəli evi var, mənim də olsun, maşını var, mənim də olsun, uşağına dəbdəbəli toy etdi, mən nə üçün etməyim? Nəvəsinə kiçik toy etdi, mən də etməliyəm, qızına dəbdəbəli ad günü keçirdi, mən də etməliyəm. Bax bunların hər birini kiməsə həsəd etməklə həyata keçirməyə cəhd edən adam zaman-zaman acgözlüyün qurbanı olur. Borc alır, qaytara bilmir, kredit götürür, ödəyə bilmir. Əlində olanı xərcləyir, ehtiyacdan qurtara bilmir.

Axı sənin özünəməxsus evin var, nə üçün imkanların xaricində olanını arzulamalısan. Axı sən maşın almaq imkanında deyilsən, nə üçün kiminləsə bəhs edirsən. Oğluna-qızına dəbdəbəli toy etmək gücün yoxdur, nə üçün bunun üçün özünə problem yaradırsan? Nəvənə kiçik toy etsən də, etməsən də heç bir məna kəsb etmir, nə üçün bunu hökmən etməlisən? Çünki acgözlüklə həsəd hissi bir-birinə qarışıb bəzi insanları məhvə aparan yola çıxarır. Bu yol uzun və keşməkeşlidir. Bu daşlı-çınqıllı yollarda yıxılıb dizlərindən qan süzənlər görmüşük, lakin qalxıb bir az ağrıları keçəndən, yaraları sağalandan sonra eynilə yoluna davam etməyə çalışıb. Nə ağrıları, nə də yaraları onun ac gözünü doyuzdura bilməyib.

Və yaxud da bu yolda digər insanlarla da qarşılaşmışıq. Bəli, onların da gözü acdır, lakin birinci gözüaclardan fərqli olaraq, bunlar mal-dövləti olanlardır. Lakin o mal-dövlətdən bir qəpik belə xərclənməsini istəməyənlərdir. Onlar bu çətin, daşlı yollarla irəliyə doğru addımlayır. Təbii ki, mal-dövlətlərini artıra-artıra, xərcləmədən. Yolun başına çatanda ömür də başa çatır, dünya ilə vidalaşırlar, illərlə yığıb mühafizə etdikləri isə bir neçə ayın, həftənin qurbanı olur. Ətrafindakılar bu mal-dövləti necə dağıdırlarsa, ondan əsər-əlamət qalmır. Hansı ki, sahibi dünya nemətlərindən məhrum qalmaqla onu toplamışdı.

Nəsillər var ki, onları yaşadıqları ərazilərdə hamı acgöz nəsil kimi tanıyır. Bu nəsillərə məxsus adamlar mal-dövlət hərisidir. Yığa bildikcə yığan, doymayan, həm də ürəkləri daş insanlardır. Nə bir yetimin başına əl çəkir, nə qapılarına diləyə gələni əlidolu qaytarır, nə də həyətdə-bacada ayaqlarına dolaşan it-pişiyə bir tikə çörək verirlər. Həyatı yalnız özləri üçün yaşayırlar.

Acgözlük: həm maddi, həm mənəvi

Acgözlük həm də tək maddiyyat üzərində qurulan bir xüsusiyyət deyil. Mənəvi cəhətdən acgöz olan insanlar da var. Məsələn, yalnız pislik etmək üçün yaranan və pislik etdikcə də gözü doymayan insanlar var. Həyatı yalnız ziyan vurmaqla keçən, bundan ləzzət alan insanlar var. Əxlaqi dəyərləri acgözlüyünə qurban olan insanlar da var. Acgözlüyün bu növləri əslində mal-dövlət hərisi olanlardan daha dəhşətlidir. Belə ki, bu cür insanlar ancaq insanların pis gününə sevinir, pis gün yaşamaları üçün əlindən gələni edir. Və yaxud da qonşuya, qohuma ziyan vuran, bundan doymayan, “daha nə edim”,- deyə düşünən, gecə-gündüz yol axtaranlar da var. Eləcə də əxlaqı acgözlüyünə qurban gedən insanlar da var ki, belələri ilə mübarizə aparmaq daha çətindir. Onlar bu xüsusiyyətləri ilə ailələrinə, əxlaqi dəyərlərə xəyanət edir, yaxınlarının böyük cəhdlərinə baxmayaraq bu yoldan çəkinə bilmirlər.

Beləliklə, acgözlük bu xüsusiyyətlərə malik insanların sonunu vaxtından əvvəl gətirir. Bir el məsəlində deyildiyi kimi, su səhəngi suda sınar, bu insanlar da öz əqidə və əməllərinin qurbanı olurlar. Acgözlük kimi cılız hisslər belə insanların içlərini gəmirməklə, onları vaxtından əvvəl məhv edir. Necə ki, qurd ağacın gövdəsini yeməklə onun qurumasına səbəb olur, bu hisslər də onun kimidir. Zaman-zaman insan övladının sonunu hazırlayır.

Acgöz həm də nankordur

Başqa cür düşünmək mümkün deyil: acgöz insan həm də nankor olur. Bunu qonşu ermənilərin simasında o qədər bariz şəkildə görmüşük ki, ona görə belə əminliklə söyləyə bilirik. Bu acgözlər süfrəmizin kənarında qır-qırıntı yeyə-yeyə nələrin iddiasında imişlər, illərdir ki, yaxşı gördük. Sən demə özünü miskin vəziyyətə salan qonşumuz əslində acgöz kimi cılız keyfiyyətə malik imiş. Elə bunun üçün də min bir dona girir və istəyinə çatmaq üçün riyakarlıq edirmiş. Bu riyakarlıqla da acgözlükləri ildən-ilə daha çox meydana çıxdı. Torpaqlarımızı işğal etdilər, gözləri doymadı. Soydaşlarımızın mal-dövlətini mənimsədilər, evlərinin dam örtüyündən tutmuş qapı-pəncərəsinədək söküb satdılar, gözləri doymadı. O torpaqların yeraltı-yerüstü sərvətlərini xarici bazarlara daşıyıb valyutaya çevirdilər, yenə gözləri doymadı. Çünki bu xalqın qanında acgözlük var. Bu hissi heç nə ilə azalda bilmirlər. Tarixən bunların acgözlüyü təsdiq də olunub. Digər xalqlar da onların gözlərinin ac olduğunu, heç vaxt doymadığını təsdiqləyib. Və millətlərə onlardan ehtiyatlı olmağı tövsiyə ediblər.

Beləliklə, biz erməniləri tanıyandan onların acgözlüyünə bələd olmuşuq. Həmçinin də acgözlükdən doğan nankorluqlarına. Onlar süfrəmizin kənarında yedikləri çörəyi də unutdular, onlara edilən hörməti də.

İllər, əsrlər sonra da onlar bu xüsusiyyətlərindən əl çəkməyəcək. Ona görə ki, bu cür yaranıblar. Allah-təala onlara belə cılız hissləri verib, “özünüzü dünyada rəzil-rüsvay edin”,- buyurub. Elə 2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsi başlayarkən də bunların acgözlüyünün şahidi olduq. İşğal etdikləri azmış kimi, yeni torpaq iddiasına düşmüşdülər. Lakin arzuları ürəklərində qaldı. Yeni acgözlüklərin qarşısı, köhnə acgözlük nəticəsində qazanılanlar əllərindən alındı. Nankorluqları bir daha onunla təsdiq edildi ki, soydaşlarımız yaşayan ərazilərdə daşı daş üstündə qoymamışdılar. Talayıb, sonra da od vurub yandırmış, insanların ev-eşiyini xarabazara çevirmişdilər.

Acgöz olma, sənin deyil bu saray...

Bəli, dahi Nizami Gəncəvinin dediyi kimi, ey insan, acgöz olma, sənin deyil bu saray. Bu saray dünyadır. Sənsə bu dünyaya qonaq gəlmiş, müəyyən vaxt sonra öz əbədi məkanına qayıdacaq varlıqsan. Belə isə bu dünyadan oğurladıqların, mal-dövlət, bir qarış torpaq, digər mənəvi zəifliyinin nümunələri əbədi sənin olacaqmı, düşünürsən? Xeyr, olmayacaq. Onlar bu dünyaya məxsusdur. O dünya ki, əlindən hər şeyi alıb səni haqq dünyasına yola salır. Səninlə o dünyaya gedən isə yalnız insani duyğular, mənəvi zənginliyin olur. Bu dünyada necə yaşamısansa, neçə-neçə nəsil səni o cür xatırlayır, vəssalam. Bəs belə isə acgöz olmağa dəyərmi? Bunun üçün özünə də, başqalarına da əziyyət verməyə, bu cılız adı daşımağa dəyərmi?..

Mətanət Məmmədova

P.S. Müqəddəs Ramazan ayının son günündə bu mövzuya toxunmağımız lap yerinə düşdü. Qoy acgöz insanlar bir ac insanları düşünsünlər. Onlar acdır, lakin acgöz deyillər. Acgözlərin isə elə bir cəsarəti yoxdur ki, yığdıqlarından bir tikə həmin ac olanlara yedirsin. Beləliklə, bu qənaətə gəlmək olur ki, ac olmaq acgöz olmaqdan çox-çox şərəflidir...

Digər xəbərlər