Köşə

  • 1 725

Milli medianın qlobal məsələləri - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan 149 yaşlı Azərbaycan mətbuatı hazırda öz funksiyalarını necə yerinə yetirir? Bu yazımızda bu məsələləri qısaca analiz etməyə çalışacağıq.

Bu gün Azərbaycan mediası ziddiyyətli bir dövrünü yaşayır. Peşəkar media cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Burada internetin inkişafı və sosial şəbəkələrin ciddi təsirini də qeyd etmək lazımdır. Sosial şəbəkə səhifələri və kanalları bu sahəyə heç bir aidiyyatları olmasa belə özlərini media kimi qələmə verirlər.

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin (ehtiyac yarandıqda həm də ekspertlərin) fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər. Ona görə də, yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik və peşəkarlıq isə hiss olunmur. Əlbəttə, mediada peşəkar jurnalistlərin də sayı az deyil. Lakin onlar da çoxsaylı qeyri-peşəkar informasiya yayıcıları arasında itib batır. Belə halların nəticəsində jurnalistlər cəmiyyətin gözündən düşür. Oxucu hansının həqiqi media, hansının saxta media olduğunu çox vaxt aydınlaşdıra bilmir. Yəni qurunun oduna yaş da yanır.

Bütün dünyada media cəmiyyəti maarifləndirmək və obyektiv informasiya ilə təmin etməkdən ötrü fəaliyyət göstərir. Jurnalist professional peşədir və bu peşənin spesifik xüsusiyyətləri var. Jurnalist etik normaları, qanunvericiliyi, obyektivliyi, peşəkarlığı, sosial məsuliyyəti və s. humanist prinsipləri əldə rəhbər tutaraq maarifləndirici və məlumatlandırıcı fəaliyyət göstərməlidir. Jurnalistika bir ictimai elm sahəsidir və bu sahənin də spesifik yaradıcılıq texnologiyaları var. Jurnalistin yayımladığı materialda şəxsi mövqeyi olmamalıdır. Bu gün mətbuatımızda çıxış edən kənar yazarların və bəzi jurnalistlərin isə, çox zaman konkret mövqeyi və subyektiv fikri olur. Bu konteksdən çıxış edib Azərbaycan medaisını nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, bizdə peşəkar jurnalistlər azlıq təşkil edir, subyektiv və məqsədli yazarlar isə olduqca çoxdur.

Media sektorunda ən əsas problemlərdən biri də, jurnalistlərin sosial vəziyyətidir. İndi jurnaslistika, mətbuat sahəsində sosial vəziyyət ürəkaçan deyil. Bu sahədə çalışanların 80 faizindən çoxunun şəxsi mənzili yoxdur, onsuz da aşağı olan əməkhaqqının yarısı kirayə haqqına sərf olunur. Başqa ölkələrlə müqayisədə Azərbaycan jurnalistləri 5-10 dəfə aşağı maaş alırlar.

Başqa sözlə, jurnalistləri əhalinin aztəminatlı hissəsinə aid etmək olar. Azərbaycanda aylıq yaşayış minimumunun 270 manatın üzərində olmasını nəzərə alsaq, ortalama 500-600 manat əməkhaqqı alan jurnalistin ailəsində adambaşına bu məbləğdən xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Təxminən yaşayış minimumdan 2 dəfə aşağı. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

Dövlət ciddi və peşəkar mediaya ona görə dəstək verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Cəmiyyət isə peşəkar mediaya etibar etməli, siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oradan oxumalıdır. Azad reklam bazarı formalaşmalıdır.

Bundan sonra peşəkar media satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcək. Sağlam rəqabət mühiti yaranacaq. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media obyektiv və peşəkardır, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Bütün həqiqi jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edirəm, peşə bayramınız mübarək!

Digər xəbərlər