Endorfin axtarışında olan insanlar var, bunu hər kəs yaxşı bilir. Həm də bu adamlar əsasən kasıb təbəqənin deyil, varlı təbəqənin nümayəndələridir. Onlar endorfin üçün dünyanın ən yüksək zirvəsinə qalxmağa çalışır, dünyanın ən böyük meşəsində gəzməyi planlaşdırır, dənizin dibinə enib köpəkbalıqları ilə fotolar çəkdirib paylaşmağı qarşısına məqsəd qoyur, buzlaqlara üz tutur, göyün yeddinci qatında olmağa can atır, dünyanın ən bahalı gəlinliyini geyinməyə çalışır, ən bahalı qol saatına sahib olmaq istəyir və sair...
Bütün bunlar üçün isə, necə deyərlər, elə dünyanın pulunu xərcləyir. Nədir, nədir ki, bir dəqiqə hər hansı yüksəklikdə, dənizin dibində köpəkbalıqları ilə birlikdə olum, buzlaqlarda fotolar çəkdirim, dünyanın ən bahalı paltarını mən geyinim və sair bunun kimi yüzlərlə iddiada olanlar var. Bəs burada məqsəd nədir? Təbii ki, endorfin tapmaq, özünü xoşbəxt hiss etmək...
Lakin həyat göstərir, hətta sübut edir ki, endorfin üçün əslində insan özünə bu qədər əziyyət verməyə də bilər. Hətta həyatını da təhlükə ilə üz-üzə qoymaya bilər. Məsələn, dənizin dibinə qəfəsdə enib köpəkbalığı görmək istəyən adama heç kim zəmanət verə bilməz ki, oradan sağ-salamat çıxacaq. Çünki köpəkbalıqları dəmir qəfəsləri belə bir anda dağıtmaq gücünə malikdirlər. Bu, bir şans məsələsi, alın yazısı ola bilər ki, sən köpəkbalığını görüb, onunla foto çəkdirib və endorfin alıb oradan salamat qurtara biləsən.
Və yaxud da hər hansı yüksəklikdən sağ-salamat aşağıya enməyin, hər hansı buzlaqdan yaşadığın yerə yenidən salamat qayıtmağın özü də müəmmalı məsələdir. Aldığın endorfinlə həyatına davam da edə bilərsən, həmin endorfinlə suyun altına, dünyanın ən yüksək zirvəsinə gömülə, buzlaqda donub buz adam da ola bilərsən.
Digər tərəfdən, dünyanın ən bahalı gəlinliyi, paltarı, qol saatı, düzdür, insana endorfin bəxş edə bilər, lakin onlara bu qədər pul xərcləməyə dəyərmi, bax bunu düşünmək üçün beyin və ürək olmalıdır.
Bütün bunları dərindən analiz edəndən sonra belə bir qənaətə gəlmək olur ki, fərqli maraqlar axtaran, bunun üçün uzaqlara gedən və həyatı üçün təhlükə yaradan adamlar üçün əslində çox yaxınlıqda, həm də təhlükəsiz şəraitdə yüksək endorfin mənbəyi var. Endorfin üçün yol qət etmək, küllü miqdarda pul xərcləməyə gərək yoxdur. Alimlər də təsdiqləyir ki, insan ən çox endorfini xehirxahlıqla alır. Xeyirxah əməllərlə məşğul olmaq, insanlara yardım etmək, onları düşdüyü çətin vəziyyətdən xilas etmək, hər hansı xəstəni ölüm yatağından qurtarmaq, kimə isə yardım etmək xeyirxahlıq, həm də insanların axtarışında olduğu ən yüksək səviyyədə endorfindir.
Xeyirxah olmaq üçünsə böyük ürəyə sahib olmaq lazımdır. Elə bir ürəyə ki, o ürək başqalarına rəhm edə bilsin. O ürək ki, lazımsız, gərəksiz yerlərə xərclənən milyonlarla pulu vacib yerlərə xərcləməyi duya bilsin. Belə insanlar həm də çox uzun ömür sürürlər. Çünki gördükləri hər bir xeyirxah iş onlara davamlı şəkildə endorfin bəxş edir və bunun da sayəsində məmnunluq hissi yaranır, stresdən kənar olur, gördükləri xeyirxah işdən zövq alırlar. Təbii ki, bütün bunlar insanın ömrünü uzadır.
Belə isə xeyirxahlıq etməyi bacaraq. Kimin əlində nə qədər imkan varsa, o imkan çərçivəsində xeyirxahlıq etsin. Xeyirxahlıq endorfin mənbəyidir. Bunun üçün əlbəttə uzağa, təhlükələrə getmək lazım deyil. Sadəcə xeyirxah ol, yetər. Kiminsə həyatını xilas et, kimisə sevindir, həm də endorfin əldə et. Bundan gözəl nə ola bilər ki?..
Mətanət Məmmədova
P.S. Yazını 13 noyabr Ümumdünya Xeyirxahlıq Günü münasibətilə yazdım. Yazdım ki, xeyirxah olmağa çalışaq və bunun üçün uzaqlara getməyək, ətrafımızda qayğıya ehtiyacı olanlar o qədər var ki...