Elçin Bayramlı
İnternetin inkişafı media sistemini, formatını, peşə qaydalarını, peşə prinsiplərini tamam dəyişdi. Elektron media və sosial şəbəkələr informasiya məkanında üstünlüyü ələ alıb. Klassik media yalnız Almaniya, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə hələ də müqavimət göstərə bilir.
Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Heç bir qəzet özünü maliyyələşdirə bilməz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Çünki çap mətbuatının yaşaması vacibdir. Qəzet-jurnallar sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istəniln nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, xaker hücumları ilə silinir, məhv olub gedir. Şəxsən mənim internet saytlarında indiyədək minlərlə yazım olduğu halda, axtarış verəndə 100-nü tapmaq olmur. Amma bütün yazılarım qəzet səhifələrində arxivimdə qalır.
Dövlətin çap mətbuatını qorumasının səbəbləri aydındır. Çünki onların öz gücü ilə ayaqda qalması mümkün deyil. Xüsusən də, bizim kimi qəzet-jurnal oxumağı bir zərərli vərdiş kimi tərgidən cəmiyyətdə. İnformasiya əsrinə, sürət əsrinə gəlib çıxdıq, qəzet jurnallar bu sürətlə ayaqlaşa bilmir, onlar bir xəbəri verənə kimi vəziyyət 3 dəfə dəyişir. Qəzet-jurnal sanballı təhlillər, xüsusi müsahibələr, dərin araşdırmalar verməlidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər. Çünki bunun üçün yaxşı maddi texniki baza, peşəkar kadrlar lazımdır, onlar da aşağı maaşa və ya qonorara işləmirlər. Maliyyə azdır deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Bu da nəticəsini göstərir. Üstəlik, çap mətbuatı yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 50-60 qəpik verib qəzet almaq sərfəli deyil. Çünki həmin materialları internetdə pulsuz oxuyur, TV-lərdə pulsuz baxır, radioda pulsuz dinləyirlər.
Yəni, klassik mətbuatın müsbət və mənfi tərəfləri var. Lakin tərəziyə qoysaq, müsbət tərəflər daha ağır gələr. Ona görə də, dövlət çap mətbuatına dəstəyi artırmalı, onların maddi-texniki, kadr bazasını gücləndirməsinə yardım etməlidir. Qəzetlərə həm də mənəvi dəstək lazımdır. Bu baxımdan, bəzi televiziyalarda gündəlik qəzetlərin icmalının verilməsi təqdirəlayiqdir. Bunu radiolarda da etmək olar.
Elektron mediaya gəldikdə burada hər cür imkanlar var. Sadəcə, bu sahədə anarxik vəziyyət olduğundan vəziyyət birmənalı deyil. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.
Mənfi tərəflər odur ki, hər cür provakativ reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Çünki burada mənbəni tapmaq da çox vaxt mümkün deyil. Adam oturub misal üçün Avstraliyada, Azərbaycandilli bir sayt açıb istədiyi hoqqanı çıxara bilər. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşuq.
Bir çoxu diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla xeyli sayt açılıb xəbər yayır. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir- o da sayt adminləri.
Orta səviyyəli saytların da yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problem tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır.
Elektron medianın oxucu, tamaşaçı əldə etmək naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə qarşı qəzetlər faydalı və keyfiyyətli materiallarla çıxış edir. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edə bilmədiklərin baxmayaraq ayaqda qalmağa çalışan qəzetlər milli və dövlət maraqlarımızın ən qatı müdafiəçisi rolunda çıxış edir. Tarixdə, kitabxanalarda qəzetlərin yazdıqları qalacaq, “havadan” ibarət olan elektron mənbələrə ümid yoxdur. Bu səbəbdən heç olmasa 4-5 qəzet normal maliyyələşdirilsə və onların ideoloji təbiğat vasitəsi kimi güclənməsinə dəstək verilsə daha yaxşı olar. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanar.