PDF Oxu

Köşə

  • 2 157

Ölümüzə niyə ehsan vermirik? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycanda son vaxtlar bəzi yerlərdə yas məclislərinin normal vəziyyətə qaytarılması ilə bağlı proses başlayıb. Bəzi kəndlərdə sakinlər ağsaqqaların tövsiyyəsi əsasında bundan sonra yas məclislərinin sadə qaydada keçirilməsi haqda qərara gəliblər. Lakin çox təəssüf ki, bu gün ölkəmizdə yas məclisləri ilə bağlı vəziyyət acınacaqlıdır, hətta bir biabırçılığa çevrilib.

Bu biabırçılığa qarşı bəzi ziyalılarımız uzun illərdir ki, mübarizə aparsalar da, hələlik bu sahədə ciddi nəticə əldə edilməmişdir- bir-iki hal istisna olmaqla bu barədə dəyişiklik yoxdur.

Hazırki yas mərasimləri, xüsusən yemək süfrəsi nə dini, nə də sosial baxımdan doğru deyil. Qəribəsi odur ki, bu yemək mərasiminə “ehsan” deyilir, amma ortada ehsan yoxdur. Məlum olduğu kimi, ehsan konkret olaraq, pulsuz, təmənnasız şəkildə təqdim olunan bir xeyir işdir. Bu gün isə yas mərasimləri restoran xidmətinə çevrilib: insanlara yemək-içmək verilir, daha sonra isə onlar pul yazılır, vəsait toplanır. Bu, ehsan anlayışına tamamilə ziddir.

Bu gün ehsan süfrələrində o qədər zəngin təamlar təqdim olunur ki, bu artıq yas deyil, ziyafət məclisini xatırladır. Bu isə yas sahibinin həm maddi, həm də mənəvi cəhətdən ağır vəziyyətə düşməsi deməkdir: böyük xərclər, yorucu hazırlıq, bəzən hətta borca düşmək.

Nə İslam dinində, nə də başqa ölkələrdə bu cür adətə rast gəlinmir. Bir insanın doğması rəhmətə gedəndə insanlar onun dərdinə şərik olmağa, təskinlik verməyə gəlməlidirlər- çoxlu rəngarəng yeməklər yeməyə yox.

Əgər doğrudan da ehsan vermək niyyətimiz varsa, bu, tamamilə pulsuz olmalıdır. Məsələn, yalnız sadə bir çay süfrəsi təşkil edilə bilər. Çay ehsanı verməyin xərci 100 manat, ən çoxu 200 manata başa gələ bilər. Hətta buna da imkanı olmayan adamlar su ehsan edə bilər. Qədimdən belə yası düşən yemək vermirdi, əksinə, onun evinə yemək gətirirdi qohumlar, qonşular.

Uzun illər aparılan mübarizəyə baxmayaraq mövcud vəziyyət göstərir ki, burada maarifləndirmə tamamilə faydasız bir işdir. Bu məsələnin inzibati yollarla tənzimlənməsindən başqa yol qalmır. Düzdür, bu, mənəvi məsələdir və qanunla tənzimlənməsi çətindir. Lakin bəzi ölkələrdə belə təcrübələr var.

Burada əsas rol cəmiyyətin ziyalılarına, ağsaqqallarına, məmurlarına, tanınmış şəxslərə və din xadimlərinə düşməlidir. Əgər bu şəxslər sadə yas məclisləri təşkil etsələr, pul yığmasalar, xalq da onlardan örnək götürər. Və inzibati üsullara ehtiyac qalmaz.

Əks təqdirdə, bu yanlış adət daha da genişlənəcək və nəticədə mənəvi deqradasiya dərinləşəcək. Yas məclisində elə bir görüntü yaranır ki, sanki yas məclisi deyil, təmtəraqlı ziyafət keçirilir. Bu isə yas sahibini həm psixoloji, həm də maddi baxımdan əzir.

Cəmiyyətin sağlam təbəqələri- ziyalılar, din adamları, mədəniyyət xadimləri bu sahədə təşəbbüs göstərsələr, cəmiyyət də onlara baxıb doğru yolu seçəcək. Əks halda, bu mənəvi fəlakət daha da dərinləşəcək.

Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi maraqlı olmalıdır. Mollalara şərt qoyulmalıdır ki, bol yemək verilən yas məclislərinə getməsinlər. Bu, bəzi insanların məcburən qaydalara riayət etməsinə səbəb olar. Dinə zidd olan mərasimlərə din xadimləri qatılmamalıdır.

Yas məclisində yemək vermək nə dini baxımdan doğrudur, nə də insanlığa yaraşır. Belə zəngin ehsan vermək əslində deməkdir ki, mən dini, mənəviyyatı və Qurani-Kərimi qəbul etmirəm.

Digər bir məsələ isə qəbir daşları ilə bağlıdır. Bu sahədə də standartların müəyyən olunmasına ehtiyac var. Başdaşları sadə, kiçik və fərqləndirici olmayan formada olmalıdır.

Kimin pulu çoxdur, nəhəng heykəl qoyur; kimin imkanı yoxdur, başdaşı belə tapa bilmir. Bu, cəmiyyətdə öləndə belə ayrı-seçkiliyin yaranması deməkdir. Bu isə ağır sosial yük və mənəvi deqradasiyadır.

Qəbir daşlarının forması və ölçüsü məsələsi qanunla tənzimlənə bilər. Nəticə olaraq, yas məclislərində təmtəraq yox, təvazökarlıq, israf yox, səmimiyyət olmalıdır. Əgər biz bu sahədə dəyişiklik istəyiriksə, əvvəlcə özümüz nümunə olmalıyıq.

Digər xəbərlər