“Hər il milyonlarla ton plastik tullantı dünya okeanlarına, çaylarına və göllərinə atılır. Statistikaya görə, hər il təxminən 19–23 milyon ton plastik tullantı göllərə, çaylara və dənizlərə qarışır. Bu isə həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi təhlükə yaradır”.SİA xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme) Submilli İqlim Fəaliyyəti Bölməsinin rəhbəri Şaron Gil WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə: yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı panel sessiyasında deyib.Şaron Gil bildirib ki, UNEP vətəndaşların bu problemə daha fəal qoşulmasına mane olan məlumat boşluğunu aradan qaldırmaq üçün müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Onun sözlərinə görə, World Wide Fund for Nature ilə birlikdə yaradılan Qlobal Plastik Mərkəzi adlı rəqəmsal platformaya artıq 710 təşkilat qoşulub.O qeyd edib ki, UNEP plastik çirklənməsi ilə mübarizə məqsədilə dörd təcrübə icması və altı regional mərkəz yaradıb. Təşkilat 18 ölkə ilə birlikdə plastik tullantı mənbələrinin müəyyənləşdirilməsi və milli fəaliyyət planlarının hazırlanması istiqamətində çalışıb.Şaron Gilin sözlərinə görə, GTPL Action Fund adlı rəqəmsal platforma ölkələrə plastik tullantılar üzrə inventarlaşdırma aparmağa, dairəvi iqtisadiyyat strategiyaları hazırlamağa və bu yanaşmaları şəhər səviyyəsində tətbiq etməyə kömək edir.O vurğulayıb ki, plastiklə bağlı dairəvi iqtisadiyyat modeli artıq bir çox ölkədə uğurla tətbiq olunur və “sıfır tullantı” yanaşmaları şəhərlərə praktik həllər təqdim edir.Şaron Gil qeyd edib ki, UNEP-in Turning off the Tap hesabatına əsasən, düzgün siyasət və texnologiyaların tətbiqi ilə 2040-cı ilə qədər plastik çirklənməsini 80 faiz azaltmaq mümkündür.Onun sözlərinə görə, dairəvi iqtisadiyyata keçid 2040-cı ilədək təxminən 700 min yeni iş yeri yarada bilər. Bu keçid üçün tələb olunan illik investisiya təxminən 65 milyard dollar təşkil edir ki, bu da mövcud “istehlak et və at” modelinin illik 113 milyard dollarlıq xərclərindən xeyli azdır.Şaron Gil əlavə edib ki, hazırda United Nations Development Programme rəhbərliyi və Global Environment Facilitynin maliyyə dəstəyi ilə plastik çirklənməsinə qarşı dairəvi həllər proqramı çərçivəsində 15 milli və bir qlobal layihə həyata keçirilir.
Müəllif: Günel Fərzəliyeva