PDF Oxu

Köşə

  • 1 954

Robotlar insanları əvəz edir? Bizi nə gözləyir? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Texnologiyanın sürətli inkişafı robototexnika sahəsində yeni eranın başlanğıcını elan edib. 3-cü nəsil robotlar artıq yalnız, yerimək, müxtəlif çətin hərəkətləri etmək, danışmaq və ağır işləri görməkdən çıxıb, insanın hiss və emosiyalarını da təkrarlayaraq "dəmir insan" formasına keçir.

Robotlar artıq müstəqil düşünə bilən, özü qərar verən və analiz edən sistemlərə çevrilirlər. Hətta qeyri-maddi sahələrə- emosiya və hisslərə də daxil olublar. Hansı hadisəyə necə reaksiya verdiyimizi, hansı mimikanı işlətdiyimizi, nə vaxt ağlayıb, nə vaxt güləcəyimizi öyrənərək insanı tamamilə təkrarlamağa çalışırlar.

Robotların dəmir bədəninə uyğun kostyum kimi tikilə bilən, toxunma hissinə malik yeni materiallara keçid başlayır. Bu, adi təzyiq sensorları deyil, qatlanma radiusu 0.2 mm-dən az olan elektron dəridir. Beləliklə, robotlar çox həssas toxunuşu hiss edə, səthlərin fərqini ayırd edə bilər. Üstəlik də, elastik bədən örtüyü və mimikaların düzgün idarə olunması onları insandan seçməyi çətinləşdirir. ABŞ, Yaponiya, Rusiya, Çin kimi ölkələrdə yaradılan bəzi yeni nəsil robotları ilk 1 dəqiqədə insandan seçmək olmur.

Robotların beyninin internetə, süni intellekt sisteminə bağlanması isə onun dünyadakı bütün məlumatları bilməsinə və lazımi vəziyyətdə istifadə edə bilməsinə imkan verir. Artıq dünya ölkələrində müəllimsiz məktəblər, həkimsiz xəstəxanalar, fəhləsiz zavodlar erası başlayır.

Yaxın illərdə bir çox peşələrin süni intellekt və robotlar tərəfindən insanların əlindən alınacağına heç bir şübhə yoxdur. Son 50 ildə robotların tətbiqi sayəsinə yüz milyonlarla insan işini itirib. Qlobal şirkətlər bundan öz xərclərini azaltmaq, gəlirlərini çoxaltmaq üçün istifadə edirlər və işsiz qalan insanların taleyi onları maraqlandırmır.

Daha bir təhlükə isə robotların və süni intellekt sistemlərinin hərbi məqsədlərlə istifadəsidir. Bu texnologiyaların müharibələrdə tətbiqi qırğınları artıra və texnoloji zəif ölkələri məhv etməyə imkan verə bilər.

Yaxın 10-15 ildə mövcud peşə və fəaliyyətlərin 90%-i süni intellektin və robotların öhdəsinə keçəcək. Onlar insanları əvəz edərək daha effektiv və məhsuldar işləyəcəklər. Bu halda milyardlarla insana iş tapılmayacaq və onlar lazımsız əşyaya çevriləcək.

İnsandan asılılıq azaldıqca robotların bütün sahələrdə üstünlüyü ələ alacağı bəşəriyyət üçün ciddi təhlükə riskidir. Bu sistemlər yalnız düzgün insanların əlində olarsa, bəşəriyyətin həyatına, istirahətinə və dünyanın gözəlləşməsinə xidmət edə bilər.

İnsan texniki və fiziki baxımdan nə qədər əvəz olunsa da, o, bioloji və ruhi varlıq olaraq qalır. Robotlar bizi əmək, bilik və düşüncə müstəvisində təkrar edə bilərlər, lakin bu, yalnız texniki subyekt olaraq qalacaq- çünki onların ruhu yoxdur, ruh və can tamamilə fərqli bir varlıqdır; onu yalnız Yaradan verə bilər. Bu, maddi-texnoloji üsullarla əldə edilə biləcək bir şey deyil.

Gələcəkdə hər şey bəşəriyyətin necə bir cəmiyyət və dövlət sistemi quracağından asılı olacaq. Əgər hakimiyyət sağlam qüvvələrin əlində olsa, süni intellekt bəşəriyyətin faydasına işləyəcək, insanı fiziki yükdən azad edərək onun istirahətinə şərait yaradacaq.

Robototexnikanın və süni intellektin inkişafı sağlam şəkildə həyata tətbiq olunsa insanların işi və həyatı son dərəcə asanlaşar. İnsanlar əsasən, mədəniyyət, incəsənət, idman, turizm, elmi araşdırmalar və sair bu kimi sahələrdə çalışar, ağır işləri isə robotlar həyata keçirər. Beləliklə, dünyada məhsul bolluğu yaranar, yoxsulluq, aclıq aradan qalxar, xəstəliklər minimuma enər.

Süni intellekt vasitəsilə bir çox işləri səhvsiz, dəqiq və sürətli şəkildə həyata keçirmək olar ki, bu da enerji və vaxt sərfini dəfələrlə azaldar. İnsanların öz həyatlarına, elmi, mədəni inkişaflarına daha çox vaxtı qalar.

Texnologiyanın sürətli inkişafı yaxın bir neçə onillik ərzində insanların yekun qərara gəlməsini tələb edir- ya sağlam və düzgün, ədalətli və elmli bir cəmiyyət qurub xoşbəxt yaşamaq, ya da robotlara uduzaraq tarix səhnəsindən silinib getmək.

Digər xəbərlər