PDF Oxu

Köşə

  • 2 205

Sosial yardım və işsizlik müavinəti: Kimlərə və necə təyin edilir? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son günlərdə işsiz şəxslərə ünvanlanan dövlət sosial yardımı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə müəyyən anlaşılmazlıqlara səbəb olub. Bir çox insan bu yardımın konkret olaraq kimlərə aid edildiyini, rəsmi iş yeri olmayan hər kəsin bundan faydalanıb-faydalana bilməyəcəyini və müraciət prosedurunu aydınlaşdırmağa çalışır.

Sosial şəbəkələrdə də bu mövzu geniş müzakirə olunur və bəzi istifadəçilər yardımın verilmə meyarlarının tam aydın olmadığını qeyd edirlər. Yaranmış vəziyyət ünvanlı sosial yardımın hansı şərtlərlə təyin edildiyi və işsiz statusunun bu prosesdə necə rol oynadığı ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Azərbaycanda sosial yardım və sosial müavinət sistemləri bir-birindən fərqlidir. Ünvanlı sosial yardım ayrı bir mexanizmdir və özünəməxsus şərtləri və kriteriyaları mövcuddur. Burada ailənin üzvlərinin sayına görə yaşayış minimumu əsasında hesablanan kompensasiya tətbiq edilir.

İşsiz şəxslər üçün isə fərqli qaydalar tətbiq edilir. Bu şəxslər məşğulluq mərkəzlərinə müraciət edərək qeydiyyata düşür və işsizlik müavinəti ala bilirlər. Onlara ya iş təklif olunur, ya da uyğun iş yoxdursa işsizlik müavinəti.

İşdən çıxarılan şəxslər isə həm işlədikləri müəssisədən kompensasiya alır (adətən 2-3 aylıq əməkhaqqı həcmində), həm də dövlət tərəfindən işsizlikdən sığorta ödənişi əldə edirlər. Bu məbləğ, adətən, minimum əməkhaqqı alanlar üçün təxminən 400 manat civarında olur. Çünki işçilərin maaşından icbari sığorta haqqı tutulur və işsiz qaldıqda həmin fond hesabına kompensasiya verilir.

İşsizlikdən sığorta ilə bağlı müəyyən şərtlər də var. Məsələn, son 24 ay ərzində rəsmi şəkildə işləmək tələbi mövcuddur. Bu sistem rəsmi gəliri olmayan şəxslərə şamil edilmir. Yəni yalnız bank vasitəsilə maaş alan və adına sosial sığorta ödənişi edilən şəxslər bu hüquqdan yararlana bilirlər. Qeyri-rəsmi işləyənlər isə yalnız ünvanlı sosial yardım və ya işsizlik müavinəti üçün müraciət edə bilərlər.

İşdən çıxarılan və ya ixtisara düşən şəxslər DOST mərkəzlərinə müraciət edərək qeydiyyata alınır və ilkin olaraq 6 ay müddətinə ödəniş ala bilirlər. Bu müddət müəyyən hallarda 9-10 aya qədər uzadıla bilər. Minimum ödəniş təxminən 400 manatdır və ailədə uşaqların sayına görə əlavə vəsait (hər uşaq üçün təxminən 20 manat) ödənilir. Bundan əlavə, DOST mərkəzləri vətəndaşlara iş tapmaqda da kömək edir, vakansiyalar barədə məlumatlandırır və müxtəlif hüquqi və sosial xidmətlər göstərir.

Ünvanlı sosial yardım yoxsulluğun azaldılmasına yönəlmiş mexanizmdir. Burada yaşayış minimumu əsas götürülür və bu rəqəm orta hesabla adambaşına təxminən 300 manat təşkil edir. Ailənin ümumi gəliri hesablanır və əgər bu məbləğ müəyyən edilmiş həddən aşağıdırsa, çatışmayan hissəsi dövlət tərəfindən ödənilir. Məsələn, 4 nəfərlik ailə üçün minimum 1200 manat tələb olunursa və ailənin gəliri 600 manatdırsa, dövlət çatışmayan hissəni kompensasiya edir- əlavə 600 manat yardım təyin edir.

Lakin bu yardımı almaq üçün müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, şəxsin adına ucuz avtomobil, torpaq sahəsi və ya digər əmlak olduqda yardımın verilməsindən imtina edilir. Hətta zəruri hallarda bir dostunun, qohumunun avtomobilini idarə etmək üçün aldığın sürücülük etibarnaməsi belə bu prosesə təsir göstərə bilir. Bu hallarda şəxsə ünvanlı sosial yardımdam imtina cavabı gəlir. Hesab edirəm ki, bu yanaşma doğru deyil və bu məsələlərə yenidən baxılmalıdır.

Tutaq ki, şəxsin adına qiyməti 1000 manat olan köhnə bir avtomobil var və onunla təsərrüfat işlərini idarə edir. Buna görə, həmin ailəni sosial yardımdan kənar qoymaq olmaz. Ya da, yaşlı və xəstə qohumu bir şəxsə sürücülük etibarnaməsi verir ki, təcili həkimə çatdırılası olduqda həmin şəxs onun maşınını idarə edə bilsin. Bu halda niyə bu şəxs sosial yardım hüququndan məhrum edilməlidir?

Ya da bəzən müəyyən məişət əşyalarını və ya həyətdəki beş-on toyuq cücəni əsas gətirərək imtina verilir. Bu tamamilə məntiqsiz və ədalətsiz yanaşmadır.

Azərbaycan sosial dövlətdir və dövlət başçısının bəyan etdiyi kimi, ilk prioritet əhalinin sosial müdafiəsidir. Ona görə də, hesab edirik ki, ünvanlı sosial yardım sisteminə yenidən baxılmalı və bu məntiqsiz yanaşmalar götürülməlidir.

Digər xəbərlər