Elçin Bayramlı
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə görə, valideynlər, onları əvəz edən şəxslər və uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və penitensiar müəssisələrin işçiləri uşağa qarşı tərbiyə məqsədli fiziki və ya psixoloji zorakılığa görə 200 manat cərimə olunacaqlar. Bəs bu məsələdə hansı vacib məqamlar var və bu vəziyyət necə tənzimlənməlidir? Bu yazıda bu məqamlara toxunacağıq.
Uşaqlara qarşı zorakılıq məsələsinin müxtəlif motivləri, səbəbləri və şəraitləri var. Burada ailələrdəki vəziyyət bir başqa məsələdir. Bu, ailə, valideynlərin psixoloji vəziyyətindən sosial vəziyyətinə kimi bir çox səbəblərlə bağlıdır.
İkinci bir tərəf ətraf mühitdir. Küçədə uşaqların ətrafı, oynadığı digər uşaqlarla bağlı münasibətləri.
Üçüncü bir tərəf də məktəbdir. Hər üçündə bu məsələlərə ciddi nəzarət olunmalıdır. Uşaqlar adətən neqativ hadisələrə daha çox boş qalarkən, asudə vaxtları təmin edilməyən də yol verə bilirlər. Davalar, aqressiv hərəkətlər və.s. Ona görə də əsas məsələ uşaqların məşğuliyyətlərinin düzgün təmin olunmasıdır. Onların təhsilindən əlavə, asudə vaxtlarında hər hansı bir istedadına uyğun müxtəlif uşaq yaradıcılıq mərkəzlərinə, idman mərkəzlərinə cəlb olunmalıdırlar. Belə ki, hərə öz istedadını öz sahəsində reallaşdırsın və bunun neqativ hərəkətlərə vaxtı qalmasın, küçələrdə kriminal hadisələrə qoşulmasınlar. Həm bunun üçün də həm valideyn tərəfindən, həm məktəb tərəfindən uşaq üzərində ciddi nəzarət olunmalıdır.
Eyni zamanda məktəblərin tərbiyə funksiyası da geri qaytarılmalıdır. Cəmiyyət özü, yəni, qohum-qardaş, qonşu bir-birinin uşaqları üzərində daim nəzarət etməlidir və valideynə məlumat verməlidirlər. Ümumilikdə bütün cəmiyyət uşaqlarımızı sağlam böyütmək üçün səfərbər olmalıdır. Dövlətimiz də bir çox sahələrdə uşaqlarla bağlı müəyyən layihələr, proqramlar qəbul edir. Düşünürəm ki, bu iş daha da artırılmalıdır. Məsələn, bir çox yaradıcılıq evləri var. Belə yerlər, mərkəzlər uşaqlar üçün son dərəcə faydalı və olduqca maraqlıdır. Dövlət pulsuz şərait yaradıb, amma valideynlər uşaqlarını gətirib ora qoymurlar. Təsəvvür edin ki, Gənclərin Bədii Yaradıcılıq Evlərində çoxsaylı kurslar təşkil olunub, həm də pulsuz. Amma bəzi kurslar uşaq çatışmazlığından bağlanır. Çünki valideynlər uşaqlarını həmin kurslara qoymurlar. Bax bu da öz növbəsində uşaqların neqativ hərəkətlərə ya internetdə, sosial şəbəkələrdə təsirlərə məruz qalmasına səbəb olur, ya da küçədə neqativ təsirlərə düşməsinə. Son anda da bu aqressivliyin, zorakılığın baş verməsinə gətirib çıxarır. İstər öz aralarında olsun, istər uşaqların özünə qarşı olsun.
Uşaqların asudə vaxtlarının düzgün təşkil olunmaması, onların neqativ təsirlərə düşməsinə gətirib çıxarır. İstər küçədə- real dünyada, istər də internetdə- virtual dünyada. Ona görə də valideynlər uşaqları daim nəzarətdə saxlamalı, onlara daha çox vaxt ayırmalı, onların eberjisini və istedadını düzgün istiqamətə yönəltmək üçün çalışmalıdır.
Təbii ki, uşaq neqativ hadisələr törədəndə valideyn onu tənbeh olaraq müəyyən bir zorakılıq da edə bilir. Zorakılıq deyirik adını, yəni tənbeh olaraq qəbul etmək olar. Amma buna gətirib çıxaran səbəbləri aradan qaldırmaq lazımdır ki, heç buna imkan, şərait də yaranmasın. Bu baxımdan hər tərəfli bir yanaşma olmalıdır. Dövlət tərəfindən uşaqların asudə vaxtlarının təşkilinə dəstək, valideynlər tərəfindən onlara vaxt ayırmaq, onlarla məşğul olmaq, onlara nəzarət etmək və məktəb, ətraf cəmiyyət də bu məsələdə uşaqların üzərində nəzarət etməli, onların işlərinə dəstək verməlidir ki, mənfi istiqamətə yönəlməsinlər. Yalnız bu yolla biz sağlam cəmiyyət formalaşdıra bilərik.