Ötən ay ölkəmizdə bəzi televiziya verilişlərinin bağlanmasını milli-mədəni inqilabın nəticəsi kimi dəyərləndirmək olar. Bu verilişlərə çağırılan qonaqlar, onlara verilən suallar, alınan cavablar, müzakirə edilən məsələlər, xüsusi ssenari əsasında hazırlanan, lakin canlı yayımlanan proqramlar sayəsində milli dəyərlərin televiziya studyalarında məhvə doğru sürüklənməsi, ailə dəyərlərinə ağır zərbələr endirilməsi, ailə üzvlərinin təqdim olunan görüntülərə birlikdə qətiyyən baxa bilməməsi bu inqilabın baş verməsi üçün əsas məqamlar oldu.
Təbii ki, bu verilişləri bəyənənlər, saatlarla televizor qarşısında əyləşib baxanlar, hətta bəzi verilişlərin aparıcılarını özlərinin “qəhrəmanı” hesab edənlər də var idi: nəyə görə? Bunu anlamaq çətin olsa da, təəssüf ki, bu, acı həqiqət idi.
Lakin bu verilişlərə hər zaman öz mənfi münasibətini bildirən ictimaiyyət nümayəndələri-ziyalılar, deputatlar, sosioloqlar, mətbuat nümayəndələri çoxluq təşkil edirdi. Və hər dəfə müsahibələrində, çıxışlarında, açıqlmalarında televiziyalarda nə baş verdiyinə münasibət bildirirdilər. Deməli, bu xalqın milli dəyərlərini başının tacı bilən, onları göz bəbəyi kimi qoruyan insanlar həmin verilişlərə baxıb gülənlərdən, ağlayanlardan, ürək döyüntüsü keçirənlərdən, öz problemini götürüb ucqar kəndlərdən paytaxta gələnlərdən, həyat yoldaşını, qayınanasını “filan verilişə gedib sizi biabır edərəm ha!”,-deyə hədələyənlərdən, ailəsində baş verən böyüklü-kiçikli problemlərin ictimaiyyətin gözü qarşısında müzakirəsindən utanmayanlardan dəfələrlə çox idi. Məhz elə buna görə də bu inqilab üçün hər gün bir qədər də zəmin yaranırdı.
“Xalqın gözü tərəzidir” atalar misalı əbəs yerə yaranmayıb. Xalq hər şeyi görür, qiymətini verir və nəticəsini tələb edir. Bəzi televiziyalardakı verilişlərin də artıq həddini aşması, Azərbaycan cəmiyyətinə uyğun olmayan söhbətlərin bu verilişlərdə son vaxtlar daha da çoxalması insanları, xüsusilə ziyalı təbəqəni buna son qoymağa vadar etdi. Məsələ elə bir həddə gəlib çatmışdı ki, artıq insanlar bu televiziya kanallarına ümumiyyətlə, baxmırdılar. Ailələr uşaqları ilə televizor qarşısında əyləşib bu verilişlərə baxa bilmirdilər. Çünki gözlənilmədən, bizim ənənələrə, ailə mədəniyyətinə uyğun olmayan elə söhbətlər edilirdi ki, insan uşaqların verdiyi sullar qarşısında heç bir cavab tapa bilmirdi.
Bəzi aparıcılar xalqı aldatdıqlarını, onların anlamadığını düşünürdülər. Lakin məlum oldu ki, onların verilişi baxış sayını artıqmaq məqsədilə əvvəldən hazırlanmış ssenari əsasında, lakin canlı şəkildə təqdim olunurdu. Studuyada elə hadisələr baş veriridi ki, tamaşaçı olaraq xəcalət hissi keçirirdik. Sən demə bütün bunlar düşünülmüş, əvvəlcədən hazırlanıbmış...
Dəvət olunan qonaqlar, onların geyim tərzi, özlərini milyonlarla insanın qarşısında aparmaq tərzi, istedad küləyi dəyməyən, fonoqram ilə oxuyaraq özünü istedadlı sanan, məşhurlaşmaq üçün insanların musiqi zövqünü korlayan bəzi müğənnilər, ağızlarından çıxanı qulağı duymayan insanlar bu inqilabın qığılcımlarını hər gün artırır, onun bir gün alovlanmasına əsaslı zəmin yaradırdılar.
Beləliklə, həmin verilişlərin dayanması üçün qərar verildi. Hətta adları xüsusi siyahıda sıralanan müğənnilərin televiziya kanallarına çağırılmasına da qadağa qoyuldu. Bu, həqiqətən də milli-mədəni inqilab, xalqın mənəvi dəyərlərinə zərbə vuranlar üçün bir təcrid idi. Nəticə xalqın əksər hissəsinin istədiyi çərçivədə oldu: milli-mənəvi ənənələrə, çoxəsrlik ailə dəyərlərimizə zərbə vuranlar, Azərbaycan cəmiyyətinə müvafiq olmayan davranış nümayişinə görə bir neçə verilişə qadağa qoyuldu. Və çox təqdiredici haldır ki, səsini, istedadını deyil, şəkilləndirdiyi bədənini, paltarla örtmək istəmədiyi bədən hissələrini və yaxud da geyindiyi paltarın, ayaqqabının, zinət əşyalarının qiymətini studuyalarda hesablayıb təqdim edən, şəxsi həyatını insanlara dəxli olmayan dərəcədə açıqlayan müğənnilər və bütün bu bayağılıqları qızışdıran, hətta çox vaxt həddini aşan aparıcılar televiziya məkanına “əlvida” deməli oldular.
Təbii ki, bu qərarın verilməsində xalqın maraqlarını üstün tutan quruma dərin təşəkkür edirik. Bu qərar xalqın keçmişinə dəyər, bu gününə hörmət, gələcəyinin xilasıdır. Gənc nəslin milli-mənəvi tərbiyəsində böyük rola malik bir qərardır. Çünki dünənimizə dəyər verməsək, bugünkü cəmiyyətdə yetişdirdiyimiz övladlarımızı dünənki dəyərlər əsasında tərbiyə etməsək, onlar gələcəyə əliboş gedərlər. Odur ki, bu qərarı təqdir edir, eyni zamanda onu da bildirmək istəyirik ki, bu xalqı heç kimlə dəyişik salmaq olmaz: bizim ənənələrimiz, milli mənsubiyyətimiz, dəyərlərimiz hər bir müasir dövrdə özünəməxsusluğunu qorumaqla inkişaf edib. Başqa cür ola bilməz. Çünki biz azərbaycanlıyıq.
Mətanət Məmmədova