Elçin Bayramlı
Azərbaycanda çoxuşaqlı ailə statusu və müavinət üçün uşaq sayı (6 və daha çox uşaq) yüksəkdir. Ölkədə doğum səviyyəsi kəskin azalıb və hazırda hər ana başına 1.6 uşaq düşür. Bu artımı stimullaşdırmaq üçün bir çox deputatlar və ictimai xadimlər tərəfindən çoxuşaqlılıq meyarının 3 uşağa endirilməsi təklif edilir.
Son dövrlər bütün dünyada belə bir tendensiya gedir: doğumun azalması, əhalinin artımının zəifləməsi. Ortalama fertillik əmsalı bütün ölkələrdə aşağı düşüb. Məlum olduğu kimi, minimal norma 2.1-dir. Yəni, 2.1-dən aşağı əhalinin azalması deməkdir, əhalinin qocalması deməkdir və tədricən, onillər ərzində bir cəmiyyətin azalaraq yoxa çıxmasına gətirib çıxarır.
Avropa ölkələrində təxminən bu rəqəmlərdir: 1 ilə 1.8 arasında. Bu isə orda ciddi demoqrafik problemlərə gətirib çıxarır. Azərbaycan üçün 1,6 çox aşağı göstəricidir. Bizdə minimum 2.5 - 3 olmalıdır; əvvəllər belə idi.

Dünya ölkələrində bununla bağlı bir çox sosial dəstək proqramları var, müxtəlif ölkələrdə fərqli formalarda həyata keçirilir. Bu uşaqpulu formasında olur, çoxuşaqlılığa görə əlavə müavinətlər, müxtəlif sosial güzəştlər formasında olur və s.
Bizdə də bəziləri var- uşaq doğumuna görə 500 manat müavinət, 5 və daha çox uşağa görə uşaqpulu (105 manat), bir də həssas qruplara görə sosial müavinətlər var. Hazırda bizdə olan çoxuşaqlılıq meyarı çox onillər əvvəl müəyyənləşdirilib- 6 uşaqdan başlayır. İndiki dövrdə bu adekvat deyil. Çünki, bu gün artıq 3 uşaqlı ailə faktiki olaraq çoxuşaqlıdır. Biz artıq 1 uşaqlı ailə modelinə keçmişik, yaxşı halda 2 uşaq olur ailələrdə, nadir hallarda isə 3, 4 və sairə.
Deməli, çoxuşaqlılıq meyarı 6-dan 3-ə salınmalıdır. Bütün uşaqlara uşaqpulu vermək mümkün olmursa, o halda, heç olmasa, 3 uşaqlı ailələrə bunu tətbiq etmək lazımdır. 3 uşaqlı ailələr çoxuşaqlı elan olunmalı və onlara həmin güzəştlər, yardımlar tətbiq olunmalıdır. Bu, ən azı ailələrdə 3 uşağı stimullaşdıra bilər.
Bir millətin artımı üçün ailələrdə orta uşaq sayı 3 olmalıdır. 1-2 uşaqlı ailələr azalmaya xidmət edir. Bu, son nəticədə əhalinin qocalmasına gətirib çıxarır, əhalinin strukturunda uşaqların və gənclərin çəkisini kəskin azaldır. Bizdə də son statistika bu təhlükəni göstərir. Bizim bununla bağlı ciddi maliyyə imkanlarımız var, hər cür potensial var. Bunu eləyə bilərik, necə ki əksər ölkələr edir.
Təbliğ etmək lazımdır, çalışmaq lazımdır ki, ailələrdə 3 uşaq olsun. Burda həm sosial dəstək paketlərinin rolu var, həm də mənəvi-psixoloji təbliğatın. Son dövrlərdəki bu azalma təkcə sosial şərtlərlə bağlı deyil, daha çox faizi mənəvi deqradasiya ilə bağlıdır. Çünki, biz görürük ki, maddi-sosial baxımdan vəziyyəti yüksək olan ailələr belə, bir uşaqla kifayətlənir, maksimum iki uşaqla. Bu o deməkdir ki, burda maddi problem deyil, mənəvi problemdir.
İnsanların həyat tərzi, həyata baxışları, psixologiyaları dəyişib və özləri üçün yaşamağa çalışırlar. Açıq şəkildə bəzi gənclər deyirlər ki, biz nə qədər maddi imkanımız olsa da, vaxtımızı, gəlirimizi özümüzə, əyləncəmizə sərf etmək istəyirik, uşaqlara yox. Bax bu çox təhlükəli tendensiyadır. Bu qeyri-təbii, qeyri-mənəvi, bioloji qanunlara da zidd olan qorxunc bir qlobal təbliğatın təsiridir. Öz milli mənəvi dəyərlərimizi, ailə dəyərlərimizi kənara atmağın nəticəsidir. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Milli mənəvi dəyərlərimizin, ailə dəyərlərimizin əleyhinə aparılan təbliğatlar tam dayandırılmalıdır və əksinə öz dəyərlərimiz təbliğ edilməlidir.
Əlavə olaraq, gənclərin bununla bağlı sosial dəstəyə də ehtiyacı var, onlara əlavə güzəştlər də lazımdır. Məsələn, 3 uşaqlı ailələrdə valideynlərin iş məsələsində dəstək verilməlidir, normal işləri olmalıdır. Əlavə müavinət olmalıdır. Ev problemi varsa, həll olunmalıdır, güzəştli şərtlərlə, uzunmüddətli mənzil alınmasına, sosial mənzilin alınmasına dəstək verilməlidir. Onların uşaqlarının təhsilində və sair məsələlərdə güzəştlər tətbiq olunmalıdır. Əgər bunlar olunsa, mütləq şəkildə bu tendensiyanı əksinə çevirə bilərik.
Buna həm maliyyə imkanlarımız var, həm də bizim güclü mənəvi bazamız var. Min illərdir belə olub, sadəcə son dövrlərdə bu tendensiya qlobal təsirlər nəticəsində yayılıb. Bunun qarşısını almaq üçün 2 istiqamətdə iş aparmaq lazımdır: sosial dəstək paketləri və mənəvi-psixoloji reabilitasiya. Bunlar həyata keçirilsə, hesab edirəm ki, uzağı 5 il ərzində biz balansı bərpa eləyə bilərik, yəni normal vəziyyətə qayıda bilərik.