PDF Oxu

Siyasət

  • 291

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib - FOTOLAR

image

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi cənub mirvarisi Lənkəranın təhsil ocaqlarında da razılığa səbəb olub. Rayonun Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimi Leyla Rəhimlinin təşkilatçılığı sayəsində baş tutan maarifləndirici tədbir məhz bu sərəncamdan irəli gəlirdi.

Vətənimizin müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman Vətən şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin oxunması ilə başlanan tədbirdə Azərbaycanın çoxəsrlik zəngin şəhərsalma və memarlıq mədəniyyətinə toxunan Leyla Rəhimli öz çıxışında ölkəmizin qədim İpək Yolunun üzərində yerləşməsini, dünya əhəmiyyətli tarixi abidələrimizi, xüsusilə paytaxt Bakı şəhərində yerləşən unikal memarlıq incilərini şagirdlərin diqqətinə çatdırıb, eləcə rəşadətli ordumuzun parlaq qələbəsindən sonra "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və azad Qarabağda tətbiq olunan "Ağıllı kənd" konsepsiyaları haqqında onlara ətraflı məlumat verib.

Bunun ardınca mövzu ətrafında məktəblilərlə geniş fikir mübadiləsi aparılıb, onları düşündürən suallara cavab verilib. Nəticədə interaktiv sual-cavab sessiyası ilə mövzunun daha dərindən mənimsənilməsi təmin edilib.

Məktəbin direktoru Ramiz Ramazanov çıxış edərək dövlət başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin bu mövzuya həsr olunması ölkəmizin həm tarixi irsinə, həm də bugünkü modern inkişafına verilən ən yüksək qiymət olduğunu deyib, Bakı şəhərinin qədim və müasir memarlıq incilərinin, eləcə də regionların zəngin mədəniyyət abidələrinin hər bir azərbaycanlıda böyük qürur hissi oyatmalı olduğunu vurğulayıb.

Digər çıxışçılar hazırda Azərbaycan təkcə tarixi keçmişini qoruyan deyil, eyni zamanda işğaldan azad edilmiş doğma torpaqlarında tamamilə yeni bir quruculuq tarixi yazan qüdrətli bir dövlət olduğunu dilə gətirib, Qarabağ və Şərqi Zəngəzurda "Böyük Qayıdış" çərçivəsində sürətlə icra olunan infrastruktur layihələrdən, müasir şəhərsalma standartlarına uyğun salınan yeni yaşayış məskənlərindən və ən son elmi-texnoloji nailiyyətlərə əsaslanan "Ağıllı kənd" modelindən danışıb, bütün bunların dövlətimizin iqtisadi, elmi gücünün real göstəricisi olduğunu qeyd edib və müəllimlərin qarşısında duran ən mühüm vəzifənin şagirdlərə bu möhtəşəm quruculuq salnaməsini aşılamaq, onları vətənpərvər ruhda yetişdirmək olduğunu bildiriblər.

Sonda tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçı müəllimə, fəal şagirdlərə təşəkkürlər olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər