PDF Oxu

Köşə

  • 1 047

Ağac insanlar, kök insanlar…

image

İnsanları ağaclara bənzədirəm bəzən. Ağac kimi insanın da kökləri var. Görünmür, amma həm də görünür. Ailədir, dəyərlərdir, qohumluqdur, aid olmaqdır köklər. O köklər insanları həyata bağlayır. Necə ki ağacı kökündən kəssən artıq qidalana bilmir, quruyur, eynisi insan üçün də keçərlidir. Möhkəm ailəyə, anaya, ataya, ölkəyə, dinə və tanrıya aid olmaq, təmənnasız sevildiyini, qorunduğunu hiss etmək - bunların hamısı möhkəmlənmiş köklərdir və insan öz qidasını bu köklərdən alır. Sevgini, aid olmağı, qorunmağı və qorumağı beləcə öyrənir insan. Əgər bu köklər kəsilibsə və ya əvvəldən mövcud olmayıbsa, insan bütün həyatı boyu kök salmaq üçün torpaq axtarır.

İnsanlar ağaca bənzəyir, harada yaşasa da, hansı şəraitdə olsa da, içində həmişə doğulduğu yerin, ailəsinin, keçmişinin izlərini daşıyır. İnsanlar da ağaclar kimi kökündən ayrılarsa yaşamaq şansı da azalır. İnsanlar ağaca bənzəyir, necə fırtınalara, necə tufanlara sinə gərir ömrü boyu, eynilə kökünün üstündə hər cür fəlakətə sinə gərən ağaclar kimi. İnsanlar ağaca bənzəyir, kök atır olduğu yerdə, sonra budaqları böyüyür, o budaqlar uzaqlara uzanır, o köklər dərinliklərə qədər enir. Bəzən fırtınalara düşür ağaclar, amma kökləri torpağında olduğu üçün ayaqda tab gətirir fırtınalara.

İnsanlar ağaclara bənzəyir. Doğulur, kök atır, boy atır. Böyüyür, düşüncəsi də böyüyür, inkişaf edir, yeni macəra axtarır, köklərindən ayrılır. Hara getsə də kökləri qalır doğulduğu yerdə, getdiyi hər yerə içində bir parça doğulduğu torpaqdan aparır, burnunda o torpağın qoxusu, ayağında o ağacın kökü kimi köklərini aparır.

Əslini, kökünü unudan insanlar da var, əlbət. Amma necə ki, köklərindən ayrılan ağac quruyur, eləcə də insan kökündən ayrı düşəndə unudulur. Şübhəsiz, ən böyük gücümüzü köklərimizdən alırıq, ən böyük cəsarəti də kökümüzə bağlı ikən göstəririk. Kökündən ayrılan insan, torpağını itirən ağac kimidir — yaşasa da, artıq kölgə sala bilmir. Sonra anlayır, kökləri sadəcə torpaq, vətən, ailə demək deyil, onun kökləri yaddaşdır, dili və dinidir, təmənnasız sevgidir.

İnsanlar ağaclar kimidir, onlar da köklərindən qidalanır. Kimliyini, dəyərlərini, özəyinə bağlılığını itirənlər kökündən ayrı düşənlərdir. Kökünü tanımayan insan, torpağını itirmiş ağac kimidir, ya dibçəkdə məhdud imkanlarda var olmağa çalışar, ya da torpaqsız qalıb qurumaqdadır. Bizim gücümüz də, yönümüz də o köklərdə gizlənib. Bizi köklərimiz gücləndirir, cəsarətləndirir, böyüdür. Çünki güc, haradan gəldiyini unutmamaqdadır, köklərini danmamaqdır.

Digər xəbərlər