Elçin Bayramlı
İfrat elektronika asılılığının sağlamlığa ciddi zərərləri olduğu elm tərəfindən təsdiq olunub. Belə bir deyim var- texnologiya bizi istifadə etməsin, biz texnologiyanı istifadə edək! Bu deyim ən çox da mobil telefon, daha doğrusu smartfon sektoruna aiddir.
Adi müşahidələr zamanı əksər insanların, xüsusilə də, gənclərin bahalı texnoloji məhsulları başqalarına nümayiş etdirmək, onunla öyünmək üçün aldıqları görünür.
“Qonşudan qalma geri” misalı yenicə bazara çıxan bahalı bir cib telefonunu, ailəsinin ya da özünün iqtisadi imkanlarını “zorlayaraq” satın alan, uzun aylar kredit borcu ödəməyə məcbur qalanları hamımız tanıyırıq.
Bu telefonun funksiyalarının çoxundan istifadə edə də bilmir. Lakin, yeri gəldi-gəlmədi onu çıxarıb nümayiş etdirmək, maqnitofon, ya da fotoaparat əvəzi istifadə etmək ona adi gəlir.
Tez-tez modelləri dəyişən smartfonları ehtiyac oldu olmadı almaq konkret psixi problem və bir növ narkomaniyadır. Bəzən insanlarımız 1-ci 2-ci 3-cü 5-ci dərəcəli problemlərini kənara qoyub bütün pullarını 10-cu dərəcəli olan yeni smartfon almağa xərcləyir, çoxu kreditə girir və sonradan problem yaşayır. Smartfon və proqram təminatı istehsalçıları elə bir sistem qurmağa çalışırlar ki, insanlar bütün günü internetdən ayrıla bilməsinlər. Müşahidələr göstərir ki, çox az adam smartfondan faydalı işlər üçün istifadə edir. Habuki, internet dünyasında faydalı resursların sayı hesabı yoxdur.
Məsələnin tibbi və sağlamlıq tərəfi də var. Mobil telefonların hormonal balanssızlıqlara və xərçəngə səbəb olduğunu göstərən onlarla elmi araşdırma var. Lakin iri telefon şirkətlərinin təzyiqi və təsiri ilə bir çox elmi institutlar, hətta Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri belə bunu etiraf etməkdən çəkinirlər.
İsveç, Rusiya və Kanada alimlərinin müxtəlif vaxtlarda apardığı araşdırmalar mobil telefonla 2 dəqiqəlik danışığın belə “azheymer”, “parkinson”, beyin xərçəngi və “multiskleroz” kimi sinir xəstəliklər yarada bildiyini, genetik dəyişikliyə, yuxusuzluğa, cinsi zəifliyə, sonsuzluğa səbəb olduğunu ortaya çıxardı.
Əlbəttə, bütün bu təhlükələrə baxmayaraq, smartfonlardan imtina etmək mümkün deyil, amma bəzi qaydalara əməl etməklə zərəri azaltmaq olar. Məsələn, danışıq zamanı aparatı başınızdan mümkün qədər uzaqda olmasına çalışmaq lazımdır. Mümkün qədər qısa danışmaq, telefonu arada sağ və sol tərəfə keçirmək lazımdır. Gecə yataq otağında telefon mütləq söndürülmüş olmalıdır. Dalğa zəif olanda və nəqliyyatla hərəkətdə olarkən telefondan istifadə etməmək lazmdır, çünki bu halda radiasiya min dəfə artır. Qanın tərkibində aparılan müayinələrdən bəlli olur ki, maqnit dalğalar erositlərin çökməsinə səbəb olur.
Problemin daha bir tərəfi isə mənəvi məsələlərdir. Azad internet açıq şəkildə psixtron terror, mənəvi deqradasiya platformasıdır. Bura cəmiyyət üçün təhlükə yaradan saxta məlumatlardan tutmuş, hər cür zorakılıq, intihar, zorlama, qətl və sair dəhşətli materiallarla doludur.
Xüsusilə də, uşaqlar mobil telefondan aralı tutulmalıdır. İnternet oyunlarının, bir çox videoların uşaqlarda çox ciddi mənəvi-psixoloji travma yaratdığı faktdır. Son dövr uşaqlarının həddən artıq əsəbi, aqressiv, söz dinləməyən və hegemon xarakterdə olmasında internetin əvəzedilməz xidmətləri vardır.
Bu səbəbdən, uşaqlara- ən azı 16 yaşadək- smartfon verilməməlidir. Yalnız sadə telefon vermək olar. Uşaqlar internetdən valideynlərin telefonu və ya komputer vasitəsilə valideynin nəzarəti altında yalnız bilik almaq üçün istifadə etməlidir.
İnternet bıçaq kimidir, onun vasitəsilə minlərlə peşəni, işi, xarici dili öyrənmək də mümkündür, vaxtı mənasız əyləncələrə, zərərli materiallara sərf etmək də. Ağıllı adamlar faydalı tərəflərindən bəhrələnməyə çalışır. Ən son texnologiyalı cihazın sizdə olması vacib deyil. Əvvəlcə baxmalısınız- sizin bahalı smartfona nə dərəcədə ehtiyacınız var- əgər eyni işləri dəfələrlə ucuz cihazda da etmək mümkündürsə. Obrazlı desək, “saqqalınız yoxdursa, saqqal darağına pul verməyə dəyməz”.