Köşə

  • 3 236

Sağ və sol məsələsi KÖŞƏ

image

Bu sağ və sol məsələsi elə bir müşküldür ki, hər gün insanların bu müşküldən nə vaxt xilas olacağı barədə düşünməyə bilmirəm. Çünki hər gün metrodayam, eskalatorda qalxıb-enirəm və sağ-sol məsələsi ilə üzləşirəm.

Deməli, bu sağ və sol məsələsi üstündə insanlar bir-biri ilə hər gün dalaşır, bir-birilərini təhqir edir, çiyinlərindən vurur ki, yol ver və sair, ilaxır.

Mən də hər gün bu mənzərələri seyr etmək məcburiyyətində qalıram. Çox vaxt gülümsəyirəm, soruşsanız ki, niyə? Cavab verərəm ki, çünki onlar dalaşarkən, bir-birilərini təhqir edərkən, çiyinlərindən vurub “ay qardaş, ay bacı, yol ver” deyərkən məlumat bürosundan da dayanmadan-durmadan bildirilir ki, eskalatorda sağda dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Bax, buna gülməyib, nə edəsən? Amma özümü tez yığışdırmağa çalışıram ki, kənardan baxanlar deyər ki, bunun başı xarab olub, öz-özünə gülür.

Həqiqətən, maraqlı deyilmi? Sizi bilmirəm, mənə çox maraqlı gəlir. Düşünürəm ki, bədbəxtliyə bax ey, insanların əksəriyyəti kardır. Sonra da düşünürəm ki, İlahi, sən bir gör, nələr yaratmısan? İnsanların əksəriyyəti sağı ilə solunu tanımır.

Sonra nə düşünsəm, yaxşıdır? Heç nə. Bu dəfə görürəm ki, məlumatda bu sağ və sol məsələsi təkrarlanır, bunu eşidə-eşidə yanımdakı yenə də yerindən tərpənib qarşımdakı boş yerə keçmir.

O gün iki qadın ta bir-birilərini rüsvay etdilər. Bilmirəm hansının çantası hansına toxunmuşdu, ya hansı yolu kəsmişdi, o biri keçə bilməmişdi, mən enirdim, onlar qalxırdılar. Ta bir-birilərini biabır etdilər. Amma anlaşılırdı ki, məsələ bu sağ və sol məsələsidir.

Qulaqlarıma dedim ki, tez ol, kar ol, eşitmə. Yan-yörəmdəki kişi xeylaqlarından xeyli utandım, elə bildim ki, o sözlər mənim ağzımdan çıxdı. Çünki qadınıq axı. Özümüzə də, ətrafımızdakılara da hörmət etmək vacibdir. Elə kişilər də...

Bəli, neçə vaxtdır bu sağ və sol məsələsini də qələmə almaq istəyirdim, həmin görüntülərdən sonra, dedim, bir qələmi bu məsələyə də toxundurum. Onsuz da bilirəm camaat Tiktoku, Votsapı, İnstagramı qoyub mənim yazımı oxuyan deyil. Amma jurnalistlər bilər bunu, adam görüb yazmayanda özünə rahatlıq tapa bilmir.

Hə, bu sağ və sol məsələsi belədir ki, bunun bir neçə çarəsi var: ya sağ-solumuzu tanımağa çalışmalı, ya məlumat bürosundakı xanımı dinləməli, ya da bir-birimizi təhqir etməklə, çiyinlərimizi yara etməklə məşğul olmalıyıq.

Mən yazdım, vəzifəmi yerinə yetirdim, qaldı oxucular. Dediyim kimi, sosial şəbəkələrdən vaxt tapıb bizim də saytımıza qonaq gələ bilsəniz, oxuyun, bəlkə sağ və solunuzu tanımaqda bu yazının sizə faydası ola bilər...

Mətanət Məmmədova

Digər xəbərlər