"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi təkcə mühüm diplomatik addım deyil, həm də regionda ölkəmizin nüfuzunun institusional şəkildə tanınmasıdır. Bu qərar Azərbaycanın artıq prosesləri “kənardan izləyən” yox, birbaşa “formalaşdıran və yönəldən” dövlət statusuna yüksəldiyini göstərir. Mərkəzi Asiya kimi geostrateji ərazinin kollektiv qərar mexanizminə daxil olmaq Bakının regional siyasətdə təsir radiusunu ciddi şəkildə genişləndirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu format çərçivəsində Orta Dəhlizin inkişafı, yeni logistika qovşaqları, enerji marşrutlarının genişləndirilməsi kimi kritik məsələlərdə Azərbaycanın səsi artıq sadəcə bir təklif deyil, qərarverici mövqedir: "Azərbaycanın coğrafi mövqeyinin, nəqliyyat infrastrukturunun və tranzit imkanlarının genişlənməsi kollektiv regional strategiyanın əsas dayaqlarından birinə çevrilir. Nəticədə Bakı təkcə Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş yox, regionlararası tranzit və enerji siyasətinin əsas mərkəzi kimi qəbul olunur. İqtisadi tərəfdən bu platforma Azərbaycan üçün iki mühüm üstünlük yaradır. Birincisi, Mərkəzi Asiya ölkələri ilə ticarət, investisiya və sənaye əməkdaşlığı daha sistemli, koordinasiyalı və çevik formaya keçir. İkincisi, Bakı bu qərarların qəbulunda birbaşa iştirak etdiyi üçün qarşılıqlı layihələrin prioritetləşdirilməsində aktiv rol oynayır. Bu, həm ölkəmizin ixrac imkanlarını artırır, həm də Mərkəzi Asiya kapitalının Azərbaycana axınını stimullaşdırır. Azərbaycanın tamhüquqlu iştirakı regionda sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi, enerji təchizatının davamlılığı və transregional sabitlik mexanizmlərinin gücləndirilməsi deməkdir. Bakı burada həm də türkdilli dövlətlərin kollektiv siyasi xəttinin sabitləşdirilməsində mühüm rol oynayır. Azərbaycanın diplomatik təcrübəsi, hərbi-siyasi imkanları və təhlükəsizlik sahəsindəki institusional əməkdaşlıq potensialı Mərkəzi Asiya üçün əlavə dəyər yaradır.Bu inteqrasiya həm də geniş coğrafiyada yeni geoiqtisadi məkana yol açır. Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha maneəsiz çıxış, Mərkəzi Asiya üçün isə Azərbaycan vasitəsilə Qərbə, xüsusilə də Avropa bazarlarına inteqrasiya imkanları formalaşır. Bakı Xəzər hövzəsi ilə Avrasiya məkanını birləşdirən əsas tranzit aktor kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkəmizi təkcə regiondaxili deyil, həm də bölgələrarası əlaqələrin mərkəzi oyunçusuna çevirir. Bu, həm siyasi, həm iqtisadi, həm də ideoloji baxımdan Azərbaycanın çəkisini artıran yeni mərhələdir. Bu inkişaf modeli praqmatizmə, qarşılıqlı güclənməyə və uzunmüddətli strateji hədəflərə əsaslanan regional əməkdaşlığın modern və effektiv nümunəsi kimi qiymətləndirilə bilər".
Müəllif: Ziya Hikmətoğlu