PDF Oxu

Köşə

  • 10 233

Adı ŞİRİN, özü ACI

image

Bəzən sadəcə “şəkər xəstəliyi” adlandırdığımız diabet hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi böyük vəsait tələb edən xroniki, həm də sürətlə artan bir xəstəlikdir. Adı şirin, lakin özü acılarla dolu bir xəstəlik...

14 noyabr-bu gün Ümumdünya Diabet Günüdür. Bu gündə ölkəmizdə artıq sayı 300 minədək olan şəkərli diabet xəstələrinin də payı var. Çünki onlar hansısa səbəblərdən artıq bu xəstəliyin daşıyıcısıdır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur.

Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında, təqribən, 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilir. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edib.

Bu faktları sadalamaqda məqsədim yuxarıda da vurğuladığım kimi, şəkərli diabetin adi yox, ciddi xəstəlik olduğunu bir daha nəzərə çatdırmaqla, bu xəstəliklə hər birimizin mübarizə aparmalı olduğunu anlatmaqdır. 300 min heç də kiçik rəqəm deyil. Hələ bu rəqəmin 1800-nün uşaq və yeniyetmələr olduğunu nəzərə alsaq, bu, daha qorxuludur və həyəcan təbilinin çoxdan çalınmalı olduğunu göstərən faktdır.

Düzgün həyat tərzi keçirməklə, evdənkənar qidalarla qidalanmamaqla bu xəstəliyin qarşısını ala bilərik. Ən əsası isə stressdən uzaq olmaqla şəkərli diabeti özümüzdən uzaqlaşdıra, bununla həm özümüzü, həm ailə üzvlərimizi qorumuş olarıq. Bu halda həyatın gözəlliyini də dərindən duya-duya yaşaya bilərik.

Həyat gözəldir... Sağlam yaşadığımız müddətdə bunu dərk etmək istəməsək də, “belə olmalıymış”,- deyə düşünsək də, xəstələnəndə tam mənası ilə anlayırıq. Anlayırıq ki, həyatı xəstəliyin verdiyi ağrı-acı ilə yaşamaqdan çətin heç nə yoxdur. Anlayırıq ki, yaşadığımız gün deyil, ağır, ötüb-keçməyən ildir, əsrdir.

Odur ki, bütün bəşəriyyət sağlam olmaq, sağlam yaşamaq üçün mübarizəyə qalxmalıdır. Hər şeyi bir kənara qoyub sağlamlığımız üçün bütün maneələri əllərimizlə özümüzdən kənarlaşdırmalıyıq. Təbiətdə, ətraf aləmdə, iş yerində, evdə sadəcə ruhumuzu oxşayan, sağlamlığımıza xidmət edəcək anlarla yaşamalıyıq. Həyat məhz bu zaman öz gözəlliyi ilə bizim ola bilər. Bu gün haqqında söhbət açdığımız diabet xəstəliyinin də həyatımızın gözəlliyinə kölgə saldığını nəzərə alıb, onunla mübarizə aparmaq və şəkərsiz şirin həyatın sahibi olmaq diləyilə...

Mətanət Məmmədova

Digər xəbərlər