 
Elçin Bayramlı
İnformasiya və kommunikasiya texnologiyalarının, internetin və sosial şəbəkələrin geniş yayılması və imkanlarının artması insanları tədricən virtuallaşdırır, real həyatdan ayırır və bir növ “virtual zombi” vəziyyətinə gətirir. Bu proses artıq o həddə çatıb ki, insanlar demək olar ki, fasiləsiz olaraq bütün sutka ərzində smartfondan, kompüterdən və müxtəlif sosial şəbəkələrdən (əyləncə, vaxt keçirmək, müxtəlif material və müzakirələri izləmək məqsədilə) istifadə edir. Nəticədə insan münasibətləri, ünsiyyət və fəaliyyətlər əsasən virtual mühit üzərində qurulur.
Bu tendensiya yalnız şəxsi həyat sahələri ilə məhdudlaşmır: maliyyə əməliyyatları, biznes fəaliyyəti, təhsil və digər həyati funksiyalar da getdikcə virtual müstəviyə keçir. Belə bir köç insanları real dünyadan soyudur üz-üzə ünsiyyət, real fəaliyyətlər və təbii əlaqələr zəifləyir. Bunun nəticəsində insanlar virtual dünyada özlərinə ayrıca bir həyat qurur; əlaqələri orada formalaşır, fəaliyyəti orada davam edir. Xüsusilə narahatedici məqamlardan biri odur ki, azyaşlı uşaqlar da bu prosesə sürüklənir. Hər bir uşağın əlində smartfonun olması və onların bütün gün boyunca virtual aləmdə qalması, müxtəlif təsirlərə məruz qalması qaçılmazdır; bu təsirlərin təxminən 80–90%-i çox vaxt mənfi xarakter daşıyır. Nəticələr artıq göz qabağındadır: bəzi sosial şəbəkələr psixoloji narkomaniya xasiyyətini alıb insanlar ora daxil olanda çıxmaqda çətinlik çəkir. Rəngarəng kontent, sonsuz sürüşmə, davamlı bildirişlər və interaktiv mexanizmlər istifadəçini orada daha uzun saxlayır.
Digər tərəfdən, bütün fəaliyyətlərin mobil sistemlərə keçməsi biznes, təhsil, sosial layihələr və s. insanların psixologiyasına mənfi təsir edir. İnsanlar təbiilikdən uzaqlaşır, real həyatdan qaçır, virtual məkanda “qeyri-real” həyat qurur. Bu, həm fərdi, həm də cəmiyyət üçün təhlükəli tendensiyadır. Texnologiyadan yalnız müəyyən limit daxilində və məqsədli şəkildə faydalı işlər üçün istifadə etmək mümkündür. Təəssüf ki, bizim ölkədə həmin vaxt və enerji daha çox mənfi, faydasız istiqamətlərə sərf olunur. Az hissə insanlar texnologiyanı faydalı məqsədlər üçün istifadə edir öyrənir, təhsil alır, biznes qurur. Lakin böyük əksəriyyət, xüsusilə yeniyetmələr, burada məişət həyatı, qossip, əyləncə, qadağan olunmuş materiallar, şantaj, təxribat, qarayaxma və müxtəlif maxinasiyalara vaxt sərf edir. Bu isə virtual mühitdə qeyri-insani və qeyri-hüquqi əməliyyatların, o cümlədən fırıldaqçılıq və zorakılığın artmasına gətirib çıxarır.
Bu təhlükəli tendensiyaya qarşı sistemli tədbirlər görülməlidir. Əsas problemlərdən biri insanların kifayət qədər istirahət və maliyyə imkanlarına malik olmamasıdır: piknikə getmək, təbiətdə vaxt keçirmək, idman yarışlarında və sosial layihələrdə iştirak etmək kimi alternativ məşğuliyyətlər yetərli deyil. Sosial şəbəkələrin təsiri güclü olduğu müddətdə gələcək nəsillər vaxtlarının böyük hissəsini virtual aləmdə keçirəcək, real ünsiyyət və real insan fəaliyyətləri zamanla minimuma enəcək. Bu isə cəmiyyət üçün qorxulu və təhlükəli perspektivdir.
Buna görə də aşağıdakı addımlar zəruridir: marifləndirmə tədbirləri aparılmalı, insanların ekran vaxtının tənzimlənməsi və rəqəmsal savadlılığın artırılması üçün proqramlar tətbiq edilməlidir; məktəblərdə, ailələrdə və yerli icmalarda alternativ, real həyat fəaliyyətləri təşviq olunmalıdır. Biz düzgün və balanslı cəmiyyət formalaşdırmalıyıq: texnologiyanı vaxtında və öz yerində istifadə etmək, ekran qarşısında keçən müddəti məhdudlaşdırmaq və əsl həyat dəyərlərini qorumaq vacibdir. Əks halda belə bir vəziyyət, ciddi sosial və psixoloji problemlərə gətirib çıxaracaq.