PDF Oxu

Köşə

  • 766

“Merhaba, obrazovannılar”...

image

AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin ana dili ilə bağlı dəyərli çıxışını dinləyəndən sonra məni düşündürən yalnız bir məsələdir: görəsən bu irad yarırus, yarıtürk, yarıingilis dilində danışmaqla özünü “obrazovannı” hesab edənləri, az da olsa, utandırdımı? Təəssüf ki, onlar arasında yüksək vəzifədə olanlar da var, ictimai fəallar da, tanınmış insanlar da, hələ dilçi olub ana dilini dilim-dilim edənlər də...

Dövlət başçısının xüsusilə “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur” fikri görəsən bir cümləni üç dildə quranlarda heç xəcalət hissi yaratdımı? Bəzən bu cümlədə bircə kəlmə Azərbaycan dilində söz işlətməyən insanları necə?..

Gündəlik danışıq dili tamamilə türk və rus sözləri əhatəsində qurulan, soruşan olsa, bəlkə də bəzi sözlərin Azərbaycan dilində mənasını xeyli fikirləşməli olanlar bu çıxışdan sonra görəsən özlərini necə hiss edirlər?

70 il sovet dövründə həyatımıza zəli kimi yapışan rus dili, sonrakı illərdə isə çanaq antenləri quraşdırıb izlədiyimiz türk televiziyaları sayəsində həyatımıza daxil olan və gündəlik izlədiyimiz üçün istər-istəməz dilimizə təmas edən türk dili ana dilimizə bizim qolumuzun gücü ilə zərbədir ki, endirir.

Daha sonra isə həyatımıza daxil olan internet, sosial şəbəkələr, texnologiya dövrü yeni -yeni sözləri dilimizə “qonaq” gətirdi. Düzdür, bunlar arasında yeni sözlər kimi qəbul edilənlər də var. Lakin qarşılığı ana dilimizdə olub əsla istifadə edilməyən sözlər də var. Ki, biz özümüzdə olanı bəyənməyib özümüzün olmayanı səsləndiririk. Məsələn, hətta ingilis dilində də...

Dilimizə yad münasibətimiz uşaq bağçalarından, orta ümumtəhsil məktəblərindən ali məktəblərə, oradan cəmiyyətə doğru qarışıq bir xəritə formasındadır. Yad sözləri qonşu ölkələrdən alıb danışan müəllimlərimiz var. Onlar bu sözləri təbii ki, bağçalarda, məktəblərdə, universitetlərdə bizim övladlarımıza verirlər. Mətbuatda ağına-bozuna baxmadan yazanlar var, bir də baxırsan ki, lüğətimizdə olmayan söz budur, bir mətndə 8 yerdə işlədilib, sərlövhəyə çıxarılıb. Televiziyalarda ana dilimizə istənilən qədər sitəm edənlər var.

Çox maraqlıdır, görəsən bir rus, türk, ingilis Azərbaycan dilində bir kəlmə söz danışar? Bax, bu suala mən illərdir ki, cavab axtarıram. Və Türkiyədə şahidi də olmuşam ki, bircə kəlmə Azərbaycan dilində danışan, bizim bir filmimizə baxan, adını bilən yoxdur. Bu, Rusiya və Avropada isə mümkün deyil.

Danışmaq nədir, hətta sosial şəbəkə mesajlarında ana dilini bir kənara qoyub özlərindən başqa bir dil icad edib, həmin dildə yazan gənclərimiz var. Bu gün sosial şəbəkələrdə ana dilimizə sitəm edən belə gənclərlə tez-tez rastlaşırıq. Yazışmalarda sözləri ixtisar edən, “salam”ı “slm”, “təşəkkür”ü “twk”, “universitet”i “uni”, edən, hələ bu bir yana, Azərbaycan dilində sözləri ingilis əlifbası ilə yazan, məsələn, “Şəhla”nı “Shahla”, “sou”nu “show”, “şəhər”i “sher”, “baş”ı “baw”, qarışıb”ı qarwb”, “axşam”ı “axwam” kimi ifadə edirlər. Bu siyahını günlərlə davam etdirsək, bitməz. İrad bildirdikdə isə, hələ adamı borclu da çıxarırlar. Gəl, belə insanlara başa sal ki, düzgün yazmayan insan ana dilinin qrammatik qaydalarına hörmətsizlik edir.

Bəzi orta və gənc yaşlarda olan insanlar var ki, başqa dildə danışmağı dəb və yaxud “obrazovannı” olmaq kimi dərk edirlər. Küçədə, yolda, mağazada, kafe-restoranda, nə bilim ictimai nəqliyyatda hər addımda belələri ilə qarşılaşmaq olur. Gəl, bir kəlmə de, gör, nə cavab alırsan, nə eşidirsən?..

Çox təəssüflər olsun ki, biz həqiqətən də dəbə necə aldanırıqsa, bura geyim, estetik əməliyyatlar, saç, qaş, kirpik, dırnaq, nə bilim avtomobil, mənzil- gündəlik məişət mövzularının hər biri daxildir, eləcə də özümüzün olmayan sözlərə də bir o qədər meyilliyik.

Sanki küftəyə “qofta” deməklə “obrazovvanı” kimi görünmək zamanında və düşüncəsindəyik. Həqiqətən, bizə deyəsən, “Molla Nəsrəddin” lazımdır. Görünür, bir əsr sözünü deyib tamam edə bilməyib bu QOCA.

Bəli, dərdli deyingən olar, deyirlər. Çox danmışdım, lakin məqsədim bu idi ki, bir “merhaba, obrazovannılar”,- deyim, görüm, bu iraddan heç xəcalət çəkən, utanan oldumu?..

Mətanət Məmmədova

Digər xəbərlər