Kioto Protokolu 1997-ci ildə iqlim dəyişikliyi ilə mübarizə üçün atılacaq addımların ən vacibidir deyə bilərik. Kioto Protokolu qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq çərçivədir. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində, Yaponiyanın Kioto şəhərində imzalanıb. Bu protokolu imzalayan ölkələr karbon qazı və istixana effektinə səbəb olan digər beş qazın emissiyalarını azaltmağı və ya bunu edə bilməyəcəkləri təqdirdə karbon ticarəti yolu ilə hüquqlarını artırmağı öhdələrinə götürüblər. Protokol ölkələri atmosferə buraxdıqları karbonun miqdarını 1990-cı il səviyyəsinə endirməyi tələb edir. 1997-ci ildə imzalanmış protokol 2005-ci ildə qüvvəyə minib. Çünki protokolun qüvvəyə minməsi üçün 1990-cı ildə ratifikasiya edən ölkələrin emissiyaları (atmosferə buraxdıqları karbonun miqdarı) yer üzündəki ümumi emissiyaların 55%-nə çatmalı idi və bu göstəriciyə 8 il sonra Rusiyanın da qatılması ilə nail olmaq oldu.
Kioto Protokoluna əsasən atmosferə buraxılan istixana qazlarının miqdarı 5%-ə qədər azalmalı, sənaye, mühərrikli nəqliyyat vasitələri və istilikdən qaynaqlanan istixana qazlarının miqdarını azaltmaq üçün qanunvericilik yenidən təşkil edilməli, daha az enerji ilə isitmə, daha az enerji istehlak edən nəqliyyat vasitələri ilə uzun məsafələrə səyahət, daha az enerji istehlak edən texnologiya sistemləri sənayeyə yerləşdirilməli, nəqliyyat və tullantıların təkrar emalında ekologiyanın üstünlüyü əsas prinsip olmalıdır.
Atmosferə atılan metan və karbon qazının sürətini azaltmaq üçün alternativ enerji mənbələrinə diqqət yetirməyi, qalıq yanacaqların əvəzinə bioyanacaqdan istifadə etməyi, sement, dəmir-polad və əhəng zavodları kimi yüksək enerji istehlak edən müəssisələrdə tullantıların emalı imkanlarını artırmağı, istilik- elektrik stansiyalarında daha az karbon istehsal edən sistemlər və texnologiyaların işə salınmağını təbliğ edən saziş 160 ölkəni əhatə edir. Kioto Protokolunun məqsədi bütün dünyada təbii fəlakətlərin qarşısını almaq və iqlim böhranını aradan qaldırmaqdır. Bu protokolla Yəmən və Əfqanıstanda quraqlıqla mübarizə üçün konkret addımlar atılıb.
Bir çox ölkə daxili enerji itkisinə səbəb olacağı üçün Kioto protokolunu imzalamayıb. Protokolu imzalamayan ölkələr Amerika, Anqola, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kot-d'İvuar, Çad, Somali, Tacikistan, Fələstin, Vatikan, Tayvan, Konqo Respublikasıdır. ABŞ, emissiyaları azaltmaq üçün lazım olan investisiyaların istehsal etdiyi mal və xidmətlərin qiymətlərini artmağına səbəb olacağı, nəticədə bazar itkisi, işsizlik, iqtisadi və bu kimi itkilərə məruz qalacağını düşünərək Kioto Protokolunu imzalamadı.
Protokolun əsas məqsədlərindən biri də ətraf mühitin çirklənməsini minimuma endirməkdir. Razılaşmaya əsasən, hər bir ölkə havanın, suyun və torpağın çirklənməsini azaltmaq üçün radikal addımlar atmalıdır. Şüşə, plastik və metal məmulatların təkrar emalı üçün birgə tədbirlər görülməlidir. Yeni filtr sistemlərinin istehsalı və bu sistemlərin istehsal müəssisələrində istifadəsi də Kioto Protokolunun məqsədləri sırasındadır.
Protokolun birinci maddəsində ölkələr müqavilənin bütün şərtlərinə əməl etməyi öhdələrinə götürürlər. 2-ci maddədə deyilir ki, kənd təsərrüfatı istehsalında təbii və davamlı üsullar bütün dünyada yayılacaq. Buna görə hormon tərkibli qidaların istehsalı azaldılarkən, daha təbii və sağlam istehsal fəaliyyətləri üçün lazımlı addımlar atılacaq. Kioto protokolunun 3-cü maddəsində bildirilir ki, sazişi imzalayan ölkələr istixana qazı və karbon qazının səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq.
Digər maddələrdə yer alan əsas prinsiplər və tərəflərin riayət etməli olduğu qaydalara görə karbon emissiyalarını ən azı 5% azaltmayan ölkələrə qarşı bəzi sanksiyalar tətbiq olunacaq. Sazişin müvafiq maddəsinə əməl etməyən istənilən ölkə növbəti ildə istixana qazından istifadəni 30% azaltmalıdır. Ölkələr tullantıların azaldılması ilə bağlı aylıq və illik hesabatlar hazırlamalı, hazırlanmış hesabatlar müəyyən edilmiş müddətdə Birləşmiş Millətlər Təşkilatına təqdim edilməlidir. Qeyd edək ki, Avropa İttifaqının bütün üzv ölkələri Kioto Protokolunu imzalayıb. Kioto Protokolunun maddələri 191 ölkə tərəfindən qəbul edilib. Azərbaycan bu protokola Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə qoşulub.
Yerin atmosferi müxtəlif qazlardan ibarətdir. Kiçik miqdarda nəcib qazlar da var ki, onlar da helium, neon, arqon, kripton, ksenon və radondur. Günəşdən gələn istilik şüaları, qısa dalğa şüaları atmosferdən keçərək yeri qızdırır. Atmosferdəki qazlar yer üzündəki istiliyin bir hissəsini saxlayır və yerin istilik itkisinin qarşısını alır. havada ən çox istiliyi CO2 saxlayır. Atmosfer işığı ötürmək və istiliyi saxlamaq qabiliyyətinə malikdir. Atmosferin istiliyi saxlamaq qabiliyyəti sayəsində suyun temperaturu balanslı olaraq qalır. Bu, çayların və okeanların donmasının qarşısını alır. Bu formada əmələ gələn atmosferin isitmə və izolyasiya effektinə istixana effekti deyilir.
Atmosfer parnik-istixanalara bənzər bir xüsusiyyətə malikdir. Son illərdə havanın çirklənməsi səbəbindən atmosferdə CO2-nin miqdarı sürətlə artır. Metan, ozon və xloroflorokarbon (CFC) kimi istixana qazları insanların etinasızlığı və diqqətsizliyi ilə atmosferə buraxılır. Bu qazların hamısı istilik saxlamaq qabiliyyətinə malikdir. CO2 və digər istilik saxlayan qazların miqdarının artması atmosferin temperaturunun yüksəlməsinə səbəb olur. Bu da qlobal istiləşmə kimi ifadə edilir. Bu vəziyyətin buzlaqların əriməsi və okeanların səviyyəsinin yüksəlməsi kimi ciddi nəticələrə səbəb olacaq iqlim dəyişikliyinə gətirib çıxaracağı məlumdur.
Müxtəlif insan fəaliyyətinin qlobal istiləşməyə “töhfəsi” 49% enerji istifadəsində, 24% sənayeləşmədə, 14% meşələrin qırılmasında və 13% kənd təsərrüfatındadır. Qlobal istiləşmə Yer kürəsində həyatı təmin edən ekosistemlərin vahid strukturunu hədələyən, minlərlə bitki və heyvan növünün yox olmasına səbəb olan, insan həyatına təsir edən və həddindən artıq istiləşmə, susuzluq, quraqlıq, habelə yanğın kimi digər meteoroloji fəlakətlərin artmasına səbəb olan hadisədir.
Dünyada əhalinin sıxlığının həddindən artıq artması, intensiv miqrasiya və urbanizasiya, həyat səviyyəsinin yüksəlməsi, sənaye istehsalının artması nəticəsində neft, kömür və təbii qaz kimi qalıq yanacaqlardan istifadə, son 150 ildə həddindən artıq miqdarda istismar edilmiş torpaq,örtüyünün dəyişməsi nəticəsində atmosferə çoxlu miqdarda zərərli qazların buraxılması qlobal istiləşməyə səbəb olan ən mühüm amillərdir.
Hesablamalara görə, 2002-ci ildə dünya miqyasında atmosferə atılan istixana qazlarının 13,6%-i Çinin payına düşüb. Hindistan 4,2%, ABŞ 36,1%, Avstraliya isə 2,1% üçün cavabdehdir. Bu göstəricilərə görə ABŞ birinci, Çin ikinci, Hindistan isə beşinci yerdədir.
Təbiəti və ekoloji tarazlığı qorumaq, insanların, canlıların və onların nəsillərinin həyati hüquqlarını təmin etmək, yer planetini gələcək nəsillərə yaşanılacaq vəziyyətdə vermək üçün dünyanın bütün ölkələri öz maraqlarından imtina edərək həm Kyoto protokolunun, həm də Paris sazişinin tələblərini həyata keçirməlidir. Gedəcək başqa bir dünyamız olmadığı üçün, evimiz olan planetimizi qorumaq üçün biz bu müharibədə təbiətə güzəştə getməliyik. Həm Kyoto protokolu, həm də Paris sazişi bu istiqamətdə ciddi addımlar vəd edən yol xəritəsidir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb