COP29

  • 10 680

Ekoloji təmiz məhsul nədir?

image

Ekoloji cəhətdən təmiz məhsullar geniş mənası olan bir termindir. Əgər məhsul təbiətə, ətraf mühitə, insan sağlamlığına və ya heyvan sağlamlığına zərər vermirsə və təkrar emal oluna bilən xüsusiyyətlərə malikdirsə, qablaşdırması təbiətdə asanlıqla torpağa qarışan materialdandırsa ekoloji cəhətdən təmizdir. Buna görə də bu məhsullar təbii maddələrdən hazırlanır.

Ekoloji cəhətdən təmiz məhsul canlılara zərərli olmayan məhsullardır. Məhsulların qablaşdırmasına əlavə edilən bu etiket istehlakçıların rahat seçiminə kömək edir. Lakin hər məhsula bu etiketi əlavə etmək olmur, bunun üçün ətraf mühitə səmərəliliyini ölçmək, səlahiyyətli orqan tərəfindən testlər edilməlidir. Brendin məhsulları bu testlərdən keçərsə, “ekoloji təmiz” etiketini ala bilər.

Tullantıların istehsalını azaldan və təkrar emal edilə bilən məhsullar ekoloji cəhətdən təmiz məhsullar kimi tanınır. Belə məhsullar təbiətə zərər vermir. Onlar planetimizin enerjisini və təbii ehtiyatlarını qoruyurlar. Ekosistemə mənfi təsir göstərməyən ekoloji cəhətdən təmiz məhsullar planetimizi qorumaq üçün idealdır. Ekoloji cəhətdən təmiz brendlər həm dünyamızın qoruyucuları, həm də etik dəyərlərin müdafiəçiləridir.

Ekoloji cəhətdən təmiz həyat günümüzün ən çox müzakirə edilən məsələsidir. Qlobal istiləşmə və ətraf mühitin çirklənməsinin artması nəticəsində insanlar dünyanın təhlükə altında omasının fərqində deyil. Ekoloji məhsullar ekoloji cəhətdən təmiz həyat tərzi yaşamaq istəyən insanlar üçün əvəzolunmazdır. Ətraf mühitə uyğun, təbiətlə təmasda olaraq təbii həyat tərzi keçirmək istəyirsinizsə, gündəlik həyat vərdişlərinizi dəyişə bilərsiniz. Kiçik vərdişlərinizi dəyişdirərək ekoloji cəhətdən təmiz bir həyat yaşaya bilərsiniz.

Ekoloji təmiz məhsul həm qida, həm geyim, həm də digər istehlak məhsulları ola bilər. Ekoloji geyim məhsulları ətraf mühiti çirkləndirməyən və təkrar emal edilə bilən məhsullardır. İstehlakçıların sağlamlığını qorumaq üçün təbii parçalardan və təbii materiallardan hazırlanmış geyimlərin ətraf mühitə mənfi təsiri yoxdur. Müasir moda sənayesində müxtəlif cür dizayn edilmiş ekoloji təmiz məhsullar fərqli xüsusiyyətlərə malikdir. Ekoloji cəhətdən təmiz geyimlər pambıq, bambuk, banan ipəyi, spinnova, çətənə lifləri, ipək, ananas lifləri və yun kimi materiallardan hazırlanır. Ekoloji cəhətdən təmiz paltar istehsal edərkən, tərkibində zərərli kimyəvi maddələr istifadə edilmir.

Qida rejimimizi dəyişməklə də təbiəti qoruya bilərik. Məsələn, əti rasionumuzdan çıxarmaqla və ya azaltmaqla. Çünki ət istehlakı hər il milyonlarla heyvanın tələf olmasına səbəb olur. Ekoloji cəhətdən təmiz həyat tərzini mənimsəmək üçün ət istehlakını tamamilə dayandırmaq olar, yaxud müəyyən qədər azaltmaq da mümkündür. Birləşmiş Millətlər Təşkilatının araşdırmasına görə, insanların təbiətə buraxdığı karbon qazı və zərərli istixana qazlarının 9 faizini heyvandarlıq təsərrüfatları yaradır. Üstəlik, ət istehlakının azaldılması sizin sağlam olmağınıza və pula qənaət etməyinizə kömək edəcək. Ət əvəzinə göbələk, soya, paxlalılar, yaşıl mərcimək, yumurta, qoz-fındıq, badımcan və yarma istehlak edə bilərsiniz, bu ərzaqların tərkibi ətin tərkibi ilə eyni olmaqla yanaşı daha çox qida dəyəri ehtiva edir.

Plastik torbalar və plastik qablaşdırma kimi məhsulların ətraf mühitə zərərləri barədə çox yazılır. Araşdırmalara görə, plastikin əriyərək təbiətdə yox olması üçün 1000 il vaxt lazımdır. Bu qədər uzun müddət təbiətdə qalan və ətraf mühitə zərər verən bu zəhərli maddələrdən heç vaxt istifadə edilməməlidir. Plastik torbalar və plastik qablaşdırma yerinə kətan çantalar və ya parça alış-veriş çantalarından istifadə edə bilərsiniz.Marketlərin sellofan torbaları pullu etməsi, daha sonra qulpsuz paketlərə keçid də təbiəti qorumaq məsdəi daşıyır. Çünki şəffaf torbaların pulsuz olması bir çox alıcıda arxayınlıq yaradır və ehtiyacı olduğundan daha çox istehlak edir. Lakin qulpsuz olması istifadəni məhdudlaşdırdığı üçün istehlakı da nisbətən azalır, beləcə ekologiya üçün təhlükəsi də minimuma enmiş olur.

Hər gün işə, məktəbə getmək üçün avtomobildən istifadə etmək yerinə piyada, yaxud da ictimai nəqliyyatla getmək də təbiəti qorumaq deməkdir. Qısa məsafələrə piyada və ya velosipedlə getmək karbon istehsalını azaltmağa xidmət edir. Tıxacın mütəmadi müşahidə edildiyi Bakı kimi bir şəhərdə bu qərarı verməklə həm öz sağlamlığınızı, həm planetimizi, həm də büdcənizi qorumuş olursunuz.

Evdə enerji səmərəliliyini artırmaq üçün də müəyyən tədbirlər görmək olar. Bərpaolunmayan enerji mənbələrini lazım oluduğundan çox istismar etməmək üçün istifadə etmədiyiniz cihazları söndürün. Paltaryuyan, qabyuyan maşınlar, işıqlandırma elementləri və kondisionerlər alarkən onların A +++ kateqoriyalı olmasına əmin olun. Enerjiyə qənaət edən cihazlar bahalı olsa da, elektrik enerjisinə qənaət etmə xüsusiyyətinə görə daha sərfəlidir. Daha davamlı və ekoloji cəhətdən təmiz cihazlar enerji və suya qənaət edir və beləcə ətraf mühitin qorunmasına siz də kömək etmiş olursunuz.

Bundan əlavə, evinizi izolyasiya etsəniz, enerjiyə qənaət edə, dolayısı ilə təbiətə fayda vermiş olarsınız. İzolyasiya edilsə eviniz ideal temperaturda qala bilər və yolla ekoloji cəhətdən təmiz bir həyat tərzi keçirə bilərsiniz. Əgər maddi imkanınız və fərdi eviniz varsa, evin damına günəş panelləri də quraşdıra bilərsiniz. Beləliklə, elektrik enerjisi üçün pul xərcləməyəcək, günəş enerjisindən faydalana bilərsiniz.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər