Mədəniyyət

  • 4 404

Tarixi-mədəni sərvətlərimizə dövlət qayğısı - TƏHLİL

image

Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılacaq

Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycanda dövlət başcısının Sərəncamı ilə "Çıraqqala" və "Şabran şəhəri" tarixi qoruqlarının ərazisi "Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Eyni zamanda, Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. elan edilib.

TURİZM MƏRKƏZLƏRİNƏ ÇEVRİLƏN QORUQLARIMIZ

Çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin olan Azərbaycan ərazisində 6 mindən artıq tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir. Ölkəmizdə dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalaraq qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılıb və bu davam etməkdədir. Son illər ərzində ölkəmizdə "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu, "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu, "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruğu və "Xınalıq" dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılıb. Bütün bunlarla yanaşı, "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, "Qobustan" dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

"Qobustan" dövlət tarixi-bədii qoruğunun yüksək əhəmiyyəti nəzərə alınaraq, "Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə "Qobustan" dövlət tarixi-bədii qoruğuna milli qoruq statusu verilib. Qobustan milli tarix-bədii qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilib və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılıb. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. "Qala" dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılan "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən bilet aldıqları nəzərə alınsa, ümumilikdə 2022-ci ildə "Yanardağ" və "Atəşgah"a gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər. Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğunu isə ötən il ərzində 141 mindən çox turist ziyarət edib.

Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində "Şirvanşahlar Sarayı Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində "Möminə Xatun", Şərur rayonunda "Qudi-Xatun" türbələri, Culfa rayonunda "Xanəgah" memarlıq kompleksi, Babək rayonunda "Əshab-ül-Kəhf" ziyarətgahı dini mədəni abidə kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.

"Kiş" Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 ha əraziyə malikdir. Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır. Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. 2 min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. Bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.

ZƏFƏR YOLU ÜZƏRİNDƏ YERLƏŞƏN TUĞ KƏNDİ

Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda, zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır. Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Azərbaycan Prezidenti Sərəncam imzalamışdır. Sərəncama əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.

Tuğ kəndi 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib. Məlumat üçün qeyd edək ki, Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır.

İşğaldan azad olunan digər ərazilərimiz kimi, Tuğ kəndi də yeni həyatına qədəm qoyur. Tuğda turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və "yaşıl destinasiya" konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

KÖÇ YOLUNUN YERLƏŞDİYİ ƏRAZİ QORUNACAQ

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi. Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır.

Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədi ilə "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Göründüyü kimi, nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiət qoruqlarına dövlətimiz tərəfindən diqqət daha da artır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər