Mədəniyyət

  • 3 979

Zəhmətinin uğurunu qazanan aktrisa - (Portret cizgiləri)

image

Gülər Nəbiyeva: “Sənət aləmi daşlı-kəsəkli bir yoldur və bu yoldan da gərək elə ustalıqla keçəsən ki, ayaqlarını daşlar kəsməsin və beyinin tormuzlanmasın”

Belə bir deyim var, ”Hər şeyi istedad həll eləmir. Əgər istedad əlli faizdirsə, əlli faiz də zəhmət olmalıdır. Yoxsa insan fikirləşdiyi arzuları reallaşdıra bilməz”. Bax, sizə söhbət açacağım aktrisa da bu uğurları həm istedadı və həm də böyük, yorulmaz əməyi sayəsində əldə edib. Amma heç vaxt özündən razı deyil və həmişə də axtarışdadır. Oynadığı hər bir rolda, dediyi hər bir şeirdə və yazdığı ən kiçik essedə böyük zəhmət, əziyyət çəkir. Çünki mən, rejissor kimi quruluş verdiyim tamaşalarda, onunla rolları üzərində işləyəndə bunun tam şahidi olmuşam. O, həmişə roluna hazır gəlib və məşqlərdə də böyük həvəslə işləyib. Özü də təkcə mən yox, bütün rejissorlar ondan həmişə razı qalıblar. Ona görə də teatrda olan tamaşaların çoxunda o, bir-birindən maraqlı rollar oynayır və həmişə də zəhmətkeş aktrisa kimi tamaşaçıların alqışlarını qazanır. Bu istedadlı aktrisa, Əməkdar artist Gülər xanım Nəbiyevadır. Onun haqqında, oynadığı rollarla bağlı çox yazılıb və bundan sonra da çox yazılacaq. Mən də bu portret cizgiləri adlandırdığım yazımda onu bir daha sizə təqdim edirəm, əziz oxucular. Kim bilir, bəlkə valideynləri bir vaxtlar Cəfər Cabbarlının “Oqtay Eloğlu” tamaşasına baxandan sonra, Oqtayın bacısı Gülərin adını ona qoyublar? Ona görə qoyublar ki, özləri də bilmədən Gülər teatr aləminə gəlsin...

Qısa arayış: Gülər Nəbi qızı Nəbiyeva 1970- ci il iyul ayının 15 də Yevlax rayonunun Yuxarı Bucaq kəndində anadan olub . İlk təhsilini kəndin 8 illik məktəbində, orta təhsilini isə Xaldan kənd kompleks orta məktəbində alıb. Sovetlərin vaxtında Xaldan kənd kompleks orta məktəbi, SSRİ miqyasında təhsil səviyyəsinə görə çox tanınırdı. Hətta şagirdlərin ali məktəbə qəbuluna görə SSRİ miqyasında üçüncü məktəb idi. Bu məktəbi bitirənlərin demək olar ki, hamısı ali məktəblərə daxil olurdu. Şünki həmin vaxtı orada çox yüksək maarif xadimi, böyük təşkilatçı insan Zahid Şöyübov həmin məktəbin uzun illər direktoru işləyirdi. Hətta məktəbin bu uğurlarına görə dahi rəhbər Heydər Əliyev birinci hakimiyyəti dövründə ora gəlib və bu məktəbin uğurları ilə daha yaxından tanış olub. Gülər xanım da məhz bu məktəbdə orta təhsil alıb. Gülər xanın orta təhsilini başa vurandan sonra ali təhsilini 1989- cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetində) dram və kino aktyorluğu fakültəsində davam etdirib. 1994 cü ildə qırmızı diplomla universitüti bitirib. Hələ institutda oxuyarkən Bakı Kamera Teatrında 1992- ci ildən işləməyə başlayıb. Bu da Gülər xanımın peşəkar səhnə həyatının başlanan maraqlı bir yolu olub. O, insitututu bitirdikdən sonrada Bakı Kamera Teatrında işini davam etdirib. 2009-cu ildə Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndə, öz işini bu teatrda davam etdirib. Bu gün də həmin teatrın aparıcı aktrisalarından biridir.

- Salam Gülər xanım. Sizə ənənəvi bir sual verim. Necə oldu ki, siz aktrisa oldunuz?
- Salam. Mən lap uşaq yaşlarımdan şeiri çox sevmişəm. Həmişə də məktəbdə, evdə şeir deyirdim. Desəm ki, bu mənim ayrılmaz bir dünyam olub, buna tam inanın. Elə indi də şeirsiz həyatımı təsəvvür belə eləyə bilmirəm. Demək olar hər gün şeir oxuyuram və xoşuma gələnləri mənimsəyirəm. Sinif rəhbərim Əliağa müəllim mənim bu sevgimi görüb valideyinlərimlə danışıb onları razı saldılar ki, mən sənədlərimi məhz Azərbaycan Dövlət İncəsənət İnstitutuna verim. (O vaxt belə adlanırdı.) Mən də sənədlərimi aktyorluq fakültəsinə verdim və qəbul oldum. Beləliklə, səhnə həyatıma başlayacağım maraqlı yol belə oldu. Artıq otuz bir ildir ki, bu çətin, ağır, məşəqqətli yol davam eləyir. Açığı aktyorluq sənəti çox çətin bir sənətdir və çox vaxt da rejissorlardan asılı olursan. Amma mən bu sənətdə “öz qurdumu öldürmək” üçün bədii qiraətlə də məşğul oluram. Sevdiyim, çox xoşuma gələn, zamanla səsləşən şeirləri mənimsəyib, tədbirlərdə deyirəm və lentə də yazdırıram. Çox istərdim ki, studiyalar özləri məni dəvət etsinlər və özləri də bu şeirləri lentə yazsınlar. İnanıram ki, tamaşaçılar tərəfindən də maraqla qarşılanar. Açığı bədii qiraət də bir dünyadır. Özü də çox çətin bir sahədir. Çox aktyorlar bu sənətlə məşğul olmurlar. Məşhur rus bədii qiraətçisi Vladimir Yaxontov bu haqda belə deyirdi: “Səhnədə aktyorlarla birlikdə rol oynamaq elə də çətin deyil. Özün elə də istedadlı olmasan da tərəf müqabillərin sənə köməklik edirlər və sən bu rolu heç də pis oynamırsan. Amma səhnədə tək, tamaşaçı ilə üz-üzə qalib, şeir, nəsr əsəri söyləmək, bədii qiraətlə məşğul olmaq aktyordan böyük istedad, böyük ustalıq və tamaşaçının gözünə baxıb, onu öz təsirinə salmaq ağlasığmaz istedad və böyük peşəkarlıq tələb eləyir. Bunu bacaran aktyor əsl Allah vergisidir”. Onu da vurğulayım ki, mənim ali məktəbdə səhnə daışığı müəllimim dostent Nadir Hüseynov olub. Mənə bədii qiraəti o da çox sevdirib. O, çox istedadlı insan, yaxşı pedaqoq, mükəmməl bədii qiraətçi və hələ ali məktəbdə oxuduğu illərdə 1975-ci ildə SSRİ-də yüzlərlə bədii qiraətçinin arasından Yaxontov adına ümumittifaq mükafatına layiq görülmüş ilk azərbaycanlı aktyoru olub.

- Siz ali məktəbdə yaxşı ustad dərsləri keçibsiniz. Çünki Xalq artistləri Cənnət xanım Səlimovadan və İrina xanım Perlovadan sənət dərsləri almısınız. Bu haqda nə deyə bilərsiniz?
- Bəli. Böyük həvsələ, sevgi ilə deyə bilərəm ki, həyatda bəxti gətirən aktrisa olmuşam . Çünki sənət müəllimlərim də, mənimlə işləyən rejissorlar da mənə çox şeylər öyrədiblər. Onlardan öyrəndiklərim hər zaman yoluma işiq saçıb. Cənnət xanım təkcə sənətçi deyil, həm də əsl insan olmağımda çox böyük rol oynayıb. O, dünya teatrlarında olan yeniliklərlədə hər vaxt bizi məlumatlandırırdı, xəbərdar edirdi. O, təkcə bizə teatr sənətini yox, həm də həyatı öyrədirdi. Həyatın necə amansız olduğunu bütün çılpaqlığı ilə bizə başa salırdı. Ona görə də ali məktəbi bitirəndən sonra çoxlu çətinliklərlə üzləşsəm də, böyük səbrlə, dözümlə onlardan çıxmağa çalışıram. Çox vaxt da mən qalib gəlirəm. Çünki həyata və çətinliklərə açıq gözlə baxıram. Heç nəyi özümə problem eləmirəm. Bilirəm ki, sənət aləmi daşlı-kəsəkli bir yoldur və bu yoldan da gərək elə ustalıqla keçəsən ki, ayaqlarını daşlar kəsməsin və beyinin tormuzlanmasın.

- Bir vaxtlar Cənnət xanımın yaratdığı Kamera Teatrı çox məşhur idi. Siz də bu teatrın ilk aktrisalarından biri olubsunuz. Bu teatr haqqında nə deyə bilərsiniz?
-Kamera Teatrı bizə, orada işləyən aktyorlara, aktrisalara desəm ki, çox şeyləri öyrətdi, buna inanın. Birinci bizim çoxumuz ali məktəb skamiyasında ilk dəfə böyük sənət dünyasına atılırdıq. Bu keşməkeşli sənət dünyasında çox şeyi bilmirdik. Hətta dahi dramaturqların çox ilə, onların iç dünyası, böyük yaradıcılığı ilə tanış deyildik. Biz, məhz o teatrda Mirzə Fətəli Axundov düyasından başlayaraq, Mirzə Cəlilə , Fyodor Dostayevskiyə, Ulyam Şekspirlə tanışlığa, Aleksandr Puşkinin “Daş qonağı”yla yol gəlmək, Şillerllə “Məkr və məhəbbət” dən danışmaq,... İbsenin “Kabuslar”ına çevrilmək, Hüseyn Cavidin “Şeyx Sənan”ının sevgi dünyasına səyahət etmək, Cəfər Cabbarlının “Aydın”ı ilə söhbət edib, bir sevginin tarixini öyrənmək və sairələr və sairə çox şeyləri dərindən öyrəndik. Aktyor sənətinin sirrlərilə daha yaxından tanış olduq... Təvazökarlıqdan uzaq olsa da, məncə biz, Kamera Teatrında bir aktyor, aktrisa kimi çox şeylər deyə bildik. Ən əsası özümüzü sənət dünyasında tapdıq. Con Steynberqin “Sən məni atmazsan ki?”,- deyib Ezopla yola başlamaq ....vəəəə vəəəə...
Bu teatrda Xalq artisti İrina xanım Perlovanın rejissorluq etdiyi tamaşalarda oynamaq isə bir başqa dünya idi. Onun seçdiyi əsərin iç dünyasını sevdirmək bacarığı, aktyorla işləmək üslubu çox maraqlı idi. Allah İrina xanıma qəni-qəni rəhmət eləsin və Cənnat xanımın canını sağ eləsin. Onların hər ikisinin bizim üzərimizdə böyük zəhməti, əziyyəti olub.

- Artıq on dord ildir ki, Dövlət Gənc Tamaşaçılar Teatrında işləyirsiniz. Bu müddətdə teatrda hansı işləri görübsünüz? Ümumiyyətlə, Dövlət Gənc Tamaşaçılar Teatrı və kollektivi haqqında fikirləriniz necədəir? Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Kamera Teatrı birləşəndə bu, sizə necə təsir elədi?
- Ümumiyyətlə, aktyor dünyasında bəzən bir teatrda yox bir çox teatrlarla əməkdaşlıq etmək çox gözəl yaradıcılıq uğurlarına səbəb olur. Bu, bütün dünyada belədir. Mən yüzlərlə aktyorların, aktrisaların adını saya bilərəm ki, onlar təkcə bir teatrda yox, onlarla teatrlarda işləməklə çox püxtələşiblər və böyük uğurlar qazanıblar. Ən əsası odur ki, gərək heç bir aktyor, aktrisa özündən müştəbeh olmasın və gecə-gündüz öz üzərində çalışsın. Çünki dahi Stanislavski özü deyib ki, “əgər istedad 5 faizdirsə, 5 faiz də zəhmət olmalıdır ki, aktyorun işi tamalansın və o, səhnədə istədiyini eləyə bilsin”. Özü də bu gün dünyada teatr sənəti, kino sənəti çox inkişaf eləyib. Ona görə də gərək biz, dünya kino və teatr sənətini mükəmməl bilməliyik. Bu sənət dünyasında nələr olur, nələr baş verir, gərək onlardan tam xəbərdar olaq. Hər bir aktyor rol üzərində işləyəndə özünün rejissoru olmalıdır. Yaşlı, təcrübəli aktyorlardan, aktrisalardan çox şey öyrənməlidir. Çünki onların hər biri, bir məktəbdir. Əgər belə olmasa onda uğur qazanmaq olmaz.
Biz də Kamera Teatrının aktyorları, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, böyük təcrübəsi olan bu teatrın yaşlı, istedadlı aktyorlarından çox şey öyrəndik və bu maraqlı, məşəqqətli yolun başlanğıcında səhnə məhəbbətimizi bərabərləşdirdik və yaradıcılıq işlərimizi uğurla, sevgiylə davam etdiririk. Mən çox şadam ki, bu teatrda işləyirəm. Hər gün də teatra böyük sevgi ilə, həvəslə gəlirəm. Və bilirəm ki, orada hər gün sənətlə bağlı bir yeni nə isə öyrənəcəm.

- Siz təksə teatrda aktrisa kimi çalışmırsınız və həm də bədii qiraətlə, dublyajla məşğul olursunuz. Seriallara çəkilirsiniz. Bu işləri pul qazanmaq üçün edirsiniz, ya bu işlərə də həvəsiniz var?
- Bəli, sənətimi sevirəm hansı sahəsi olur olsun aktyor işi harda varsa mən orda olmalıyam. Çünki bu mənim sənətimdi, sevgimdi onları bölmək istəməzdim. Sadəcə işimlə məşğul olmaq istəyirəm. Həm də dublyajda, seriallarda başqa akjtyorlar və aktrisalarla tərəf müqabili oluram və onlardan da sənətlə bağlı çox şeylər öyrənirəm. Ümumiyyətlə, hər bir sənət adamı, ömürünün sonuna qədər öyrənməlidir. Çünki sənət danyasının tavanı yoxdur. Sənət dünyası göylərin dərinliklərinə qədər dərindir və ucadır. Və dünyada əsrlər, qərinələr boyu heç bir sənət adamı bunu axıra qədər fəth eləyə bilməyib.

- Siz bədii yaradısılıqla da məşgul olursunuz. Yazılarınız mənim xoşuma gəlir. Esselər yazırsınız və özünüz də onları peşəkarcasına səsləndirirsiniz. Söyləyirsiniz. Bədii yaradıcılıqla məşğul olmaq sizdə necə yarandı?
-Mən belə desəm ki, hələ uşaq yaşlarından cızma qara edirdim hərdən hisslər öz məcrasından çıxıb sətirlərə tökülmək, ordan nəsə demək istəyir və mən də dünyamda baş verən bu selin heç vaxt qarşısını almaq istəməmişəm. Bu, mənə xüsusi zövq verirdi. Və beynimdəki, daxilimdəki sözlər, misralar vərəqdə öz yerini tapıb, yaşamaq hüququ qazanıb. Buna da çox sevinirəm ki, onları yazıya köçürə bilirəm. Çünki yazılan, qalır.

- 2023-cü ilin noyabr ayının 1-4 tarixlərində Bakıda Türksoy Beynəlxalq Teatr Festivalı keçirildi. Bu, çox böyük təqdirəlayiq və tarixi hadisə oldu. Yəqin ki, mən bu haqda gələcəkdə çox geniş yazacam. Bir aktrisa kimi buna və ayrı-ayrı türkdilli ölkələrin göstərdiyi tamaşalara sizin münasibətiniz necədir?
- Bu vaxta kimi çox beynəlxalq festivallarda iştirak etmişəm və hər zamanda Azərbaycan aktyorlarının dünya aktyorlarından heç də zəif olduğunu yox, hətta iş olsa onlardan da üstün sənət əsərləri göstərə bilər qənaətinə gəlmişəm. Bizim çox istedadlı aktyorlarımız, aktrisalarımız var. Sadəcə bəzən səhnədə bəzən də kinoda öz sözlərini demək imkanı olmur. Çünki işləmək istəsək də o imkan yaranmır. I Türksoy festivalında iştirak edən bütün teatrların tamaşasına baxa bilmədim . Buna çox təssüflənirəm . Amma baxdıqlarım çox maraqlı işlər idi. Əlbəttə, başqa xalqlarında sənət dünyasına səyahət etmək, onları izləmək çox tərifəlayiqdi. Belə bir anı bizə yaşatdıqları üçün Azərbaycan Mədəniyyət Nazirliyinə və Türksoyun rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Türkdilli xalqaları elmlə, təhsillə, ədəbiyyat, sənət dünyası və idman yarışları ilə birləşdirmək daha tez olar. Bütün türkdilli xalqlar da bu arzu ilə yaşayır. Axı dünyada 200 milyondan çox türkdilli xalq var. Bu, çox böyük qüvvədir. Biz birləşə bilsək, dünyada öz sözümüzü layiqincə deyə bilərik. XXI əsri türk dilli xalqraın əsiri edə bilərik.

- Bilirəm ki, siz mütaliəni çox sevirsiniz. Azərbaycan və dünya teatrları ilə çox maraqlanırsızıniz. Azərbaycan və dünya teatrına sizin münasibətiniz necədir? Necə etmək lazımdır ki, Azərbaycan teatrları dünya teatrları arasında öz sözünün layiqincə deyə bilsin?
- Buna görə ilk öncə teatrlarda hazırlanan tamaşalara dövlət səviyyəsində böyük miqdarda maliyyə ayrılmalıdır. Rejissorlar çox yüksək, peşəkar dramaturgiyası olan əsərləri hazırlamalıdır. Deməli, aktyor gözəl əsərlə, yaxşı rejissor işiylə öz bacarığını göstərə bilər və biz də həmin əsərləri dünya səhnəsində oynaya bilərik. Əlbəttə, dünya ölklərində keçirilən festivallara da maliyyə xərci dövlət tərəfindən olmalıdır. Çünki teatrların özlərinin elə də böyük gəlirləri yoxdur.

- Siz çox vətənpərvər ziyalısınınız. Həmişə sizinlə təmasda olanda mən bunu görürəm. Qarabağ müharibəsindəki qələbəmiz haqqında nə deyə bilərsiniz?
-Qələbənin sevincini yaşamaq gözəl bir hissdi. Mənim həmin 44 gündə vəzifəm arxa cəbhədə analara dəstək olmaq olub. Mən, vətənpərvərlik şeirləri səsləndirməklə onlara bir dəstək olmaq istəyirdim. Çalışdım ki, əlimdən gələni eləyim. Amma bu gözəl, qələbə anını bizə yaşadanların borcundan heç vaxt çıxa bilməyəcəyik. Çünki onların yaşadıqlarının bir hissəsini biz sənət adamları səhnədə oynayarkən o ağırlığın yükündən belimiz bükülür, əsgərlərimizsə o anları canlı yaşayıblar . Bu üç ildə bir çox filmlərdə şəhid analarını oynadım. Bununla qürur duyuram. Çox söz demək olar, amma sözlər belə acizdi onların etdikləri qəhrəmanlıqların, igidliklərin qabağında. Ali Baş Komandanımıza, əsgərlərimizə minnətdaram ki, bu sevinci bizə yaşatdılar. Bu 44 gün ərzində və 2023-cü ilin 19 sentyabr tarixindəki bir günlük lokal xarakterli döyüşdə dualarımızda ancaq Vətən oğullarına sevgimiz olub. Allh şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və şəhid ailələrinə can sağlığı arzulayıram. Nə yaxşı ki, Bizim Vətənin belə igidləri var. Fəxr edirəm ki, belə bir Vətənin vətəndaşıyam. Dahi Sseronun belə bir kəlamı var: “Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə- “Vətən” sözündə birləşmişdir”. Xalqımızın böyük sərkərdəsi, dahi şairi Şah İsmayıl Xətainin isə bu kəlamını bütün azərbaycanlılar bilməli və əbədi yaddaşlarında saxlamalıdır: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı- rejissor

Digər xəbərlər