Mədəniyyət

  • 5 531

Sədası 2500 il əvvəldən gələn Qarabağ xalçaları

image

Dekabrın 28-də Laçın şəhərində "İslimi" Xalçaçılıq mərkəzinin açılışı olub. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərkəzdə yaradılan şəraitlə tanışlıq olub. Məlumat verilib ki, Laçında fəliyyətə başlayan mərkəzlərdən biri də "İslimi" Xalçaçılıq mərkəzidir. Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq bu mərkəz yaradılıb. Burada Laçın çeşnilərini özündə əks erdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Şərqdə xalça deyəndə yada düşən ilk yerlərdən biri məhz Qarabağ olub. Təsadüfi deyil ki, Altayda Pazırıq kurqanlarından tapılmış və ən qədim xalça nümunəsi hesab edilən (2500 il əvvəl) “Pazırıq” xalçası da Qarabağda toxunub. Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağda xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib. Toxunan xalçaların ipini əhali özü hazırlayırdı. Yun qırxılır, yuyulur, daranır, cəhrədə əyrilib ip edilirdi. Yun həm təbii yolla, həm də cövhərlə boyanırdı. Müxtəlif rənglərin alınmasında təbii boyaq vasitəsi kimi soğan, fındıq və alma qabığı, boyaqotu, qoz ağacı, gəndalaş və sair kimi vasitələrdən istifadə edilib.

Azərbaycanın milli ornamenti sayılan buta, xonça, müxtəlif heyvan (at, qoç, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub. Qarabağ xalçalarının forması düzbucaqlı, rəng-boyaq palitrası olduqca zəngin olub. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx, hündür və yumşaq xova malikdir. Bu xalçaların ilmə hündürlüyü 6-10 millimetr, ilmə sıxlığı hər kvadratmetr sahədə 90 mindən 160 minədək olurdu. “Açma-yumma”, “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Muğan, “Xanlıq”, “Çələbi”, “Şabalıdbuta” və sair çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindən hesab edilir.

Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovuşuğunda yerləşməsi burada xalçaçılığın inkişafına səbəb olub.

Qarabağ xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında Ağdam xalça fabrikinin böyük rolu olub. Ötən əsrin ortalarına qədər xalça istehsalı fərdi şəkildə evlərdə həyata keçirilirdi. 1939-cu ildə Ağdamda xalça fabriki yaradılıb. Ağdam xalça fabrikinin fəaliyyəti 1980-ci ildən daha da genişlənib və Ağdam Xalçaçılıq İstehsalat Birliyi yaradılıb. Birliyin Bərdə, Xocalı, Şuşa, Baş Güney, Papravənd, Əlimədədli, Mərzilidə filialları, sexləri fəaliyyət göstərirdi. İstehsalat Birliyində ildə 3 min kvadratmetrə yaxın xalça toxunurdu.

XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Səməd bəy Mehmandarovun malikanəsində fəaliyyət göstərən Xalça muzeyində 200-dən çox xalça və xalça məmulatı saxlanılırdı.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılığa da ağır zərbə vurdu. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ərəfəsində muzey əməkdaşlarının fədakarlığı nəticəsində XIX–XX əsrlərə aid olan xalçalar və digər eksponatlar xilas edilərək Bakıya gətirilib. Muzey-malikanə isə erməni vandalları tərəfindən dağıdılıb. Ağdamın yenidən qurulması prosesində Xalça Muzeyinin də parpa edilməsi qarşıya qoyulan əsas hədəflərdən biridir.

Lalə Mehralı

Digər xəbərlər