PDF Oxu

Mədəniyyət

  • 5 007

ANA ŞEİR

image

Qaranlıq gecəmin ay işığısan,

Sübhümün ağaran danısan,ana!

Varlığın üstündür yaşamağımdan,

Ömrümün ən gözəl anısan,ana!

Bəşərin əvəzsiz nemətisən,sən

Yaradan bəxş edib ucalıq sənə.

Zaman axarında yaşlanır adam,

Qocalma,yaraşmır qocalıq sənə.

Bir bax,böyüyürəm gözün önündə,

Qəlbinə dəyənin çırağı sönsün.

Nə edim laylanı eşidim yenə,

O ötən çağlarım geriyə dönsün!?

Ana,var-dövlətim,naz-nemətimsən,

Üzük var gözünə qaş da yaraşmır.

Bilirəm sevincdən yaşarır gözün,

Ağlama gözünə yaş da yaraşmır.

BİLMİR Kİ,ALLAHA GÖRÜNÜR İNSAN

Yol alıb hisslərin nəm cığırına,

Yürüyür bu yolda bir ömür insan.

Büdrəyib düşsə də qəm cığırına,

Nə olur peşiman,nə dönür insan.

Çəkir doğruların qarşısında sədd,

Ürək, ürək deyil sanki parça ət.

İman gətirməyə tələsmir, fəqət

Günahlar peşində sürünür insan.

Bir baxmır sellərə qərq olan dağa,

Bir baxmır saralıb-solan yarpağa.

Sovrulub zamanla qara torpağa,

Bir arşın kəfənə bürünür insan.

Gizlincə qurur o hiyləni,toru,

Sanır ki,yağmurdan çıxacaq quru.

Bəlkə də aldadır gözdən qüsuru,

Bilmir ki,Allaha görünür insan.

Cəhənnəmə yaxşı yol

Mən bir qarış dünyanı

Gəzmişəm xəyalımda.

O bir anlıq yuxuda

Milyon tənə görmüşəm,

Sınaqları gözümə

İlmə-ilmə hörmüşəm.

Fəqət, məğlubiyyəti

Zərrədək düşünmədim,

Qırdı qara sədləri

Ruhumun qətiyyəti

Amalımdan dönmədim.

Yürüdüyüm cığırlar

Qaya kimi dikəldi,

Boyu kiçicik dünya

Yekəldi, nə yekəldi.

Buludlar çatdı qaşın

Qızıl günəş çəkildi,

Güvəndiyim dağlar,eh...

Tez aradan əkildi.

Yollar istiqaməti

Əyri yönə apardı,

Bir anda ətrafımı

Fırıldaqçılar sardı.

Ay çəkildi qınına,

Qaraltmaqçın yolumu.

Küləklər ciblərimdən

Oğurladı pulumu.

Zaman imkansız deyib

Düşürdü qatarından,

Fəsillər məni heyhat

Gizlətdi baharından.

Kələkbazlar içində

İtirmədim özümü,

Həqiqət əllərimlə

Ovaladım gözümü.

Dondu baxışlarımda

Havanın hərarəti,

Zilləndi gözlərimə…

Dəyməz

Yanar odda bir ləhzədə

Yüz quru bir, yaşa dəyməz.

Qəmlə keçən fəsli bahar

Bol nəşəli qışa dəyməz.

Dərddir adamı yuxaldan,

Dərki həyatı çoxaldan.

Adam var ki,baş ucaldan

Adam var quruşa dəyməz.

Bu aləmdə söykək yerin

Kim olubdur düşün dərin.

Seçdiyin o,-hədəflərin

Hər bir vədə tuşa dəyməz.

Nicat, bağlan doğru yola,

Çox boylanma sağa-sola.

Milyon varlı dostun ola

Bir kasıb qardaşa dəyməz.

Kişi adamları,düz adamları

Arzumdu ay ellər,bir ömür boyu,

Aparsın düzlüyə iz adamları.

Haqqın,ədalətin carçısı olsun,

Elm adamları,söz adamları.

Hərə bir çıraqdı zülmətə doğru,

Saçılar günəş tək xilqətə doğru.

Allah var,danışaq millətə doğru,

Salmayaq çuxura biz,adamları!

Ömür nəşəsinə bələyəcəkdir,

Nadanlar önündə bel əyəcəkdir.

Allah zalımlardan ələyəcəkdir,

Kişi adamları,düz adamları.

NİCAT NOVRUZOĞLU

Digər xəbərlər