Fırçanın dili dünyanın sözlə ifadə olunmayan bir ünsiyyət üsuludur. Onun vasitəsilə dünya xalqları bir-birinin adət-ənənəsi, tarixi kökləri, yaşayış tərzi, təbiəti, coğrafi ərazisi və ən nəhayət isə, həyata, cəmiyyətə olan baxışları ilə tanış olurlar. Bu dilin tarixi neçə-neçə yüzillikləri aşıb gəlsə də, hər zaman onun vasitəsilə həyatı dərk edən insanlara müəmmalı və maraqlı görünmüşdür. Deyə bilərik ki, fırçanın dili yaşanılan tarixin əksidir. Bəlkə də, tarixin yazılmamış hansısa səhifəsi məhz fırça ilə kətan üzərinə çəkilmiş tablolarda görünür, insan əqlinə, düşüncəsinə təsirini göstərir. Bu mənada ki, müxtəlif ictimai formasiyalarda qadağalar tarixin salnamələrinin qeyri-obyektiv əks etdirsələr də belə, rəssam fırçasından doğan fikirlər bu həqiqətlərə doğru yol açır.
Azərbaycan rəssamlıq məktəbinin neçə-neçə belə fırça ustaları olmuş, bu gün də onların ənənələrini davam etdirən sənətkarlar nəsli yetişməkdədir. Rəssamlığın hansı janrında yaratdığı əsərlərdən asılı olmayaraq, sənətkar zamanın güzgüsü, çəkdiyi rəsmlər isə yaşadığı cahanın əksidir. Bu gün haqqında söhbət açdığımız sənətkar da məhz rəssamlıq xüsusiyyətlərini bütövlükdə özündə cəmləşdirən və zamanla şəxsiyyəti arasında bir vəhdət yaradan simalardandır. Onun yaratdığı tablolar rəngarəngliyi ilə seçildiyi kimi, şəxsiyyəti də, həyata baxışı da fərdiliyi ilə diqqəti cəlb edirdi. Bu, respublikanın xalq rəssamı, "Şöhrət" ordenli Vidadi Nərimanbəyovdur. Zaman onu əbədiləşdirsə də, Vidadi Nərimanbəyovun sənət dünyası yaşadığımız həyatın müasiridir.
Olduqca müdrik görkəmli, sakit təbiətli Vidadi Nərimanbəyov sənət dünyasında irəli gələrək, biri digərini təkrarlamayan tablolar müəllifinə çevrilmişdir. Qarışıq rənglərdən yaranmış bu tablolarda həyatın bir hissəsi öz əksini tapmış, Vidadi Nərimanbəyov dünyası ilə vəhdət təşkil etmişdir. Şəxsiyyətlə sənət anlayışının bir-birini tamamlaması, mübağiləsiz olaraq deyək ki, Vidadi Nərimanbəyovun sənət dünyasında tamamlamışdır. O, sənətə hər zaman yüksək ölçülər meyarından baxmış, bu prinsip əsasında da yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Onun fikrincə, sənətdən çox danışan, onun özəyini açıqlamağa çalışan insanlara rəğbət bəsləmir. Sənətə bir çox sənət xadimləri kimi ömrünün gənclik dövründə fırçanı əlinə alaraq, gənclik həvəsi ilə təbiətin kiçik bir hissəsini kətan üzərinə köçürmüş, həyata, sənətə olan eşqini məhz bu kiçik tablolarda yaşatmışdır.
QÜRBƏTDƏ ATILAN İLK ADDIMLAR
Onun əsərlərində ilk illərdən başlayaraq, ömrünün sonuna qədər insanlara, həyata olan məhəbbət hissi sezilmiş, bütün mövzularda yaratdığı sənət nümunələrində canlı və təbii ifadə vasitələrilə duyğularını rənglərin köməyi ilə əks etdirə bilmişdir.
Mənbələrdə qeyd olunduğu kimi, Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı.
Ziyalı ailəsində dünyaya gələn Vidadi Nərimanbəyov böyük sənət xadimləri olan Kamil Xanlarov, Əyyub Məmmədov, Qafar Seyfullayev kimi sənətkarlardan dərs almış, sənətə pillə-pillə yüksəlib, rəssamlıq məktəbində tanınaraq şöhrət tapmışdır. Yaradıcılığının ilk illəri İkinci Dünya müharibəsi illərinə təsadüf etmişdir. Azərbaycanın qəhrəmanlıq simvolu olan vətən övladlarının portretini yaradaraq, xalqımızın göstərdiyi şücaəti yaratdığı rəng çalarlarında ifadə edə bilmiş, böyük ali hissləri fırça ilə təbii bir şəkildə əks olunmasına nail olmuşdur.
Sənətə gəldiyi zamandan klassik ənənələrə arxalanan Vidadi Nərimanbəyov bu çərçivəni yaradıcılıq yolundan kənarlaşdırmamış, böyük rəssamların sənət dünyasındakı cizgiləri əxz edərək, zəngin bir kolleksiyanın müəllifinə çevrilmişdir. Öz xalqına, vətəninə olan sevgi hissini yüksəkdə tutan rəssamın tablolarında vətənpərvərlik mövzusunda olan əsərlər üstünlük təşkil edir. Onun boyakarlıq janrında qeyd etdiyimiz mövzuda olan "Ağır ellər", "Yolda", "Bakı", "Vidalaşma", "Adsız təpələr", "1941-ci il" və s. tabloları vətənpərvərlik duyğusundan yaranmışdır. Vidadi Nərimanbəyovun sənətdə özünəməxsus orijinal yolu olduğundan, onun kifayət qədər fəlsəfi mahiyyət daşıyan məntiqli tablolarına rast olunur.
MƏNƏVİ SAFLIĞIN ÖLÇÜSÜ OLAN İFADƏLƏR
O, sənətdə elə bir mərhələyə gəlib çatmışdır ki, dünya xalqları arasında öz millətinə, xalqına şöhrət qazandırmağa nail olmuşdur. Onun yaratdığı sənət dünyası neçə-neçə insanlara mənəvi qida, ruh, enerji verərək, gözəllik aləmi ilə qovuşdurur. Qeyd etdiyimiz kimi, gözəllik Vidadi Nərimanbəyovun daxili aləminin inikası idi. Rəssam tablolarında zahiri xarakter daşıyan səthi gözəlliyə deyil, mənəvi saflığın ölçüsü olan ifadələri qabardaraq, dərin məzmunlu tabloları sənətsevərlərə təqdim etmişdir. Rəssam hər hansı bir əsəri yaradarkən, onu uzun müddət qəlbində yaşadıb, tam məzmun və forma vəhdətini tapdıqdan sonra kətan üzərində min bir rəngə çalan təbii boyalarla canlandırmışdır. Təbii ki, hər bir əsərini, o, yaşaya-yaşaya yaradırdı. Əks təqdirdə, sənət qalereyası cəlbedici ola bilməzdi. Bu tablolarda rəssam bir növ özünü sənətsevərlərə təqdim edib, bütün təsirlərdən uzaq olaraq sənət əsərləri yaradırdı.
Vidadi Nərimanbəyov yaşadığı dövrün, zamanın ab-havasını əks etdirməklə yanaşı, tarixi dövrü də rənglərin dili ilə tablolarında yaşatmağa cəhd göstərirdi. Onun yaratdığı əsərlərdə tarixi qiymət nəzəriyyə deyil. Tablolarda əks olunan hadisələr reallıqlar çərçivəsində gerçəkləşmişdir. Son dövrün hadisələri Vidadi Nərimanbəyovun yaradıcılığından yan ötməmişdir. Yaradıcılığa başladığı günlərdə olan vətənpərvərlik hissi ömrünün son gününədək onu tərk etməmişdir.
MOLBERT ÖNÜNDƏ KÖNÜLSÜZ DAYANIB, ƏLİNƏ FIRÇA ALMADI
Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: "Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir".
İNSANLARIN HƏMSÖHBƏTİ OLAN TABLOLAR
Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Sənətə, insanlara sevgisi gənc bir şəxsin arzu və ideallarını xatırladırdı. Ömrünün kamil dövründə solğun görkəmində, çöhrəsində həyatın əzablı illərindən yadigar qalmış cizgilər bu insanın həyat salnaməsindən həzin və olduqca kövrək xatirələr söyləyirdi. Vidadi Nərimanbəyovun işıqlı gözləri, müdrik baxışı hələ neçə-neçə bitkin, gözəl əsərlər yaradacağını söyləyirdi. Həyata, sənət olan eşq ən ağır vəziyyətdə olduğu zaman belə, onu tərk etmədi və rəssamlıq məktəbinin dünəni, bugünü və gələcəyi haqqında söylədiyi fikirlər Vidadi Nərimanbəyovu, həqiqətən də, böyük bir sənətkar, şəxsiyyət kimi tamamladı. Həyatda öz əməli işi ilə xalqına xidmət edib, sakit bir aləmə, sənət dünyasına qovuşaraq əsərlər yaradan Vidadi Nərimanbəyov rəssamlıq məktəbində, sənətsevərin qəlbində özünün abidəsini tablolarını yaradaraq əbədiləşdirdi. Özü də heç kimin təkidi və göstərişi ilə deyil, yalnız qəlbinin istəyi, tələbatı ilə yaranan zəngin sənət nümunələri bu gün sənətsevərlər tərəfindən böyük sevgi və məhəbbətlə qəbul olunub, tamaşaçısını bu əsərlər qarşısında dayanıb düşünməyə, keçmişə və gələcəyə boylanmağa vadar edir. Belə sənətkarların sənət irsi həyat həqiqətlərindən yoğrulduğundan zaman yaşadıqca, onlar insanların həmsöhbəti olacaq, yol yoldaşına çevriləcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI