PDF Oxu

Mədəniyyət

  • 803

“Dövlət başa” kitabı çapdan çıxdı - FOTO

image

Müsahibimiz yazıçı-publisist Təhmasib Novruzovdur

Qısa arayış: Təhmasib Yüzasif oğlu Novruzov.1956-cı ildə Ağdam rayonunun Mirəşəlli kəndində doğulub. 1973-cü ildə orta məktəbi, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1978-1991-ci illərdə Ağdam rayonunun müxtəlif orta məktəblərində müəllim, direktor müavini, direktor.1992-1994-cü illərdə Ağdam Rayon Xalq Deputaytları Soveti sədrinin müavini işləyib. 1995-2005-ci illərdə “XXI əsr”, “Əsrin sözü”, “Azadlıq fədailəri”qəzetlərinin baş redaktoru kimi jurnalistlik fəaliyyəti ilə məşğul olmuş, 2006-cı ildən hal-hazıradək Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədridiir. 1988-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddiası irəli sürüldüyü zamandan Milli Azadlıq Hərəkatının fəalı, AXC-nin təsisçilərindən biri, AXC Ali Məclisinin üzvü olmuş, 1992-ci ilin aprelində AXC sədri Ə.Elçibəyin Prezidentlyə namizədliyinin irəli sürülməsinə etiraz əlaməti olaraq AXC sıralarını tərk etmişdir. 1990 və 1992-ci illərdə “Qozbeli qəbir düzəldər” və “Qan təzyiqi” adlı pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. “Yaşam romanı” adlı iki cildliyin, “Yurd yeri: Abdal-Gülablı” adlı tarixi-publisistik kitabın, “Nur dərəsi” romanının, “Dövlət başa” iki cildlik kitabın və onlarla monoqrafiyanın, məqalələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yeni iki cildlik kitabının çapı ilə əlaqədar T.Novruzovla atüstü söhbəti qəzetimizin oxucularına təqdim edirik.

-Təhmasib müəllim, yeni kitabınızın çapı ilə bağlı Sizi təbrik edirik.
- Təşəkkür edirəm.
- Niyə “Dövlət başa”? Bu ad özündə nəyi ehtiva edir?
- Məşhur bir deyim var: “Dövlət başa, quzğun leşə”. İki cildliyin adı da həmin kəlamdan götürülüb. Məni tanıyanlar bilir ki, həyatımın böyük bir hissəsini Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmişəm. Müstəqilliyi əldə etdikdən sonrakı illərdə bütün fəaliyyətimdə dövlətin mənafelərini önə çəkmişəm.
Şəxsi həyatımda nələrisə itirsəm belə, öncə dövlət mənafeyini düşünmüşəm. Bu əqidə dəyişməzliyim nəticəsində çox sayda hərəkatçı yoldaşlarımıı, hətta dostlarımı itirmişəm, ancaq heç vaxt yolumdan dönməmişəm. Bütün bu həyat yolum Azərbaycan mətbuatında da əksini tapıb. İki cildlikdə məhz 1991-ci ilin noyabrından 2025- ci ilin sonuna kimi müxtəlif mətbu orqanlarda dərc edilmiş məqalə və müsahibələrim toplanıb. Hesab edirəm ki, hər biri öz dövründə yazılmış bu yazılar və müsahibələr 35 illik müstəqillik dövrünün keçdiyi keşməçeşli yol haqqında bugünkü və gələcək nəsillərdə aydın təsəvvür formalaşdıra bilər. Bütün kitabda dərc olunan materiallar 1991-ci ildən ötən dövr ərzində baş verənlərə ziyalı vətəndaş münasibətinin bir parçasıdır. Odur ki, kitabın adı dövlət mənafelərini hər zaman öndə görməyə cəmiyyəti səsləyən bir kitab olduğundan adını da buna uyğun olaraq “Dövlət başa” qoymağı qərara aldım.
- Sizin məqalə və müsahibələrinizin əksəriyyətini oxumuş biri kimi deyə bilərəm ki, Sizin müsahibə və məqaləlıərinizdə çox ciddi tarixi məqamlara və faktlara mövqe bildirmisiniz. Kitabı çapa hazırlayarkən onların üzərində yenidən işlədinizmi?
- Yox! Bunu etsəydim, zənnimcə tarixi məqamlara hörmətsizlik edərdim. Hər bir məqalə və müsahbənin sonunda onun dərc olunduğu mətbu orqanın adı, tarixi yazılıb. Kim istəsə arxivlərdən həmin yazıların əslini əldə edə bilər. Heç bir yazıya düzəliş, əlavə və ya ixtisar olunmayıb. Necə dərc edilibsə, eləcə də kitaba daxil eləmişəm. Qəribə orasıdır ki, mənim 1991-ci ildən həmin yazılarda yazdıqlarım, dediklərim həyatda zaman- zaman təsdiqini tapıb.Bu, təvazökarlıqdan uzaq olsa da, mənim üçün çox qürurvericidir. Xüsusi qeyd etməyi lazım bilirəm ki, 1991-1993- cü illərdə AXC-nin hakimiyyətə gəlməsinin dövlətçiliyimizə vuracağı ağır zərbələr, müstəqil Azərbaycanı gözləyən təlatümlər haqqında həmin dövrdə mətbuatda yazdıqlarım və dediklərim gerçək oldu. Buna təəssüflənsəm də, bu, bir gerçəkdir və kitabı oxuyan hər kəs bunun şahidi olacaq. 1991-ci ilin noyabr-dekabr aylarında Ulu Öndər Heydər Əliyevlə müsahibəni dərc edəndə də mənə qarşı hakimiyyətlə paralel AXC fuksionerləri də təqiblərə və hücumlara rəvac vermişdilər. Ancaq məhz Heydər Iliyev onların məhvolma təhlükəsi ilə üz-üzə qoyduğu dövləti bu təhlükıdən xilas etdi. Bütün bunlar tarixdir və heç kim bu tarixi dəyişdirə bilməz.
- Kitabın məziyyətləri haqqında nə deyə bilərsiniz?
- Hesab edirəm ki, dediklərim iki cildlik haqqında, onun məziyyətləri haqqında kifayət qədər təsəvvür yaradır. Bundan sonrası oxucunun öhdəsinə düşür. Zəhmət çəkib kitabı oxuyan hər kəs dediklərim və demədiklərimlə bağlı kifayət qədər məlumat əldə edə biləcək.

İ. ƏLİYEV

Digər xəbərlər